Mobil versiya
"Silah ticarəti ölkəyə böyük həcmdə valyuta gətirir" - İlham Əliyev
Tarix: 17-04-2017 | Saat: 15:00
Bölmə:Siyasət / Karusel | çapa göndər

"Silah ticarəti ölkəyə böyük həcmdə valyuta gətirir" - İlham Əliyev


Qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində Prezident İlham Əliyev "Made in Azerbaijan” brendinin dünyada tanıtdırılması üçün praktiki addımlar atıldığını, artıq bu brendin bu gün dünyada şöhrət qazandığını bildirib.

Adalet.az xəbər verir ki, prezident deyib : "Əlbəttə ki, dövlət tərəfindən təşkil edilmiş sərgilər və o sərgilərdə sahibkarların iştirakı gözəl nəticələrə gətirib çıxarır. Bir neçə sərgidə artıq kontraktlar da imzalanıb. Əgər biz bu sərgilərdə iştirak etməsəydik, kontraktlar da imzalanmazdı. Yəni, biz gördük ki, sahibkarlara əlavə kömək göstərilməlidir”, - deyə dövlətimizin başçısı əlavə edib.

Xarici ölkələrə bir neçə ixrac missiyasının ezam edildiyini, bu missiyaların da çox böyük faydası olduğunu deyən Prezident bildirib: "Qərara gəldik ki, bir neçə ölkədə Azərbaycanın ticarət evlərini yaradaq və biz artıq buna yaxınlaşırıq. Yəni, dövlət tərəfindən atılmış bütün bu addımlar əlbəttə ki, sahibkarlar üçün yeni imkanlar yaradır”.

Azərbaycan Prezidenti vurğulayıb ki, növbəti 3-4 il ərzində biz əsas istehlak mallarımızla özümüzü tam şəkildə təmin etməyə çalışmalıyıq. Dövlətimizin başçısı bunun ixrac üçün əlavə imkanlar yaradacağını diqqətə çatdırıb.

"Biz istehsalımızı daim artırmalıyıq ki, daxili tələbatı tam ödəyək və ixraca rəqabətqabiliyyətli mallar təqdim edək”, -deyən Prezident qeyd edib ki, növbəti illərdə daxili tələbatı yerli məhsullarla təmin etmək məsələləri birinci dərəcəli vəzifələrdir. "Eyni zamanda, biz dövlətin dəstəyi ilə yeni bazarlara çıxış əldə etməliyik. Biz bunu edirik və edəcəyik, ixracyönümlü məhsulların həcmini artırmalıyıq. Ərzaq təhlükəsizliyi də bu iki amillə bilavasitə bağlı olan məsələdir. Biz buna da yaxınlaşırıq ki, ərzaq təhlükəsizliyimizi tam şəkildə təmin edək”, - deyə Prezident İlham Əliyev bildirib.

İ. Əliyev qablaşdırma sənayesinin inkişaf etdirilməsi, ölkəmizdə yaradılan böyük müəssisələrdə istehsal edilən xammaldan geniş istifadənin vacibliyini diqqətə çatdırıb. O, neft və qazla yanaşı, qızıl, gümüş yataqlarımızın mövcudluğunu, Daşkəsən dəmir filizi yatağının işləməsinin gündəmdə duran məsələlərdən biri olduğunu vurğulayıb. Yeni ixrac istiqamətləri arasında hərbi texnikanın ixracını vurğulayan prezident silah ticarətinin artıq ölkəyə böyük həcmdə valyuta gətirdiyini qeyd edib, xarici mediada reklam kampaniyalarına başlanmasının zəruriliyini söyləyib.

Meyvə-tərəvəz məhsullarının, xalçaçılığın, heyvandarlığın, balıqçılığın, mineral suları sahəsinin inkişafından, şərab zavodlarının tam gücü ilə fəaliyyət göstərməsindən, yun tədarükü üçün fabrikin yaradılmasının vacibliyindən danışan prezident bildirib ki, emal müəssisələri, yeni konserv zavodları yaradılmalıdır.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024