Mobil versiya
Autizmli uşaqlara qarşı artan TƏRBİYƏSİZLİK – TƏPKİ
Tarix: 25-07-2026 | Saat: 13:16
Bölmə:Ölkə | çapa göndər

Autizmli uşaqlara qarşı artan TƏRBİYƏSİZLİK – TƏPKİ


Bakıda 211 saylı avtobusun sürücüsü ilə sərnişin arasında gərginlik yaşanıb. Hadisə ilə bağlı görüntülər sosial şəbəkədə yayılıb. Kadrlardan görünür ki, qadın övladı və ona məxsus kiçik skuterlə avtobusa minmək istəyir. Lakin sürücü avtobusa skuterlə daxil olmağın qadağan olduğunu bildirərək buna icazə vermir. Qadın övladının autizmli olduğunu və uzun məsafəni piyada qət etməsinin çətinlik yaratdığını desə də, sürücü onları avtobusdan düşürür. Daha əvvəl isə aktyor İlkin Misgərlinin autizm xəstəsi olan bir uşağı ələ salan videosu yayılmışdı. Sonra ictimai təpkiyə münasibət bildirən aktyor Musavat.com-a açıqlamasında belə bir niyyəti olmadığını demişdi və həmin autizmli uşaqla görüşmüşdü.
İstənilən halda, “od olmayan yerdən tüstü çıxmır” və son vaxtlar autizm xəstəsi olan uşaqlara rəftarda kobudluğa, tərbiyəsizliyə yol verilir. Bundan başqa, Bakıda autizmli uşağa qarşı liftdə zorakılıq edən şəxs saxlanılıb. Bu ayın əvvəlində azyaşlıya fiziki zor tətbiq edən 29 yaşlı Ayxan Ağalarov həbs olunub. Onun da liftdə autizmli uşağa qarşı hərəkətinin videosu yayılmışdı.

Autizmli uşaqlarla bağlı belə davranışların artmasının arxasında hansı faktorlar dayanır?
Pediatr Aytən İsmayılova Musavat.com-a bildirib ki, məsələni təkcə autizmli uşaqlara münasibətlə məhdudlaşdırmaq yanlış yanaşmadır: "Cəmiyyətimizdə yalnız autizmli uşaqlara dözümsüzlük var deməzdim. Əksinə, onların sosiallaşmasına yardım edən çox insan var. Ümumiyyətlə, cəmiyyətdə dözümsüzlük problemi var. Arvad ərinə, ər arvadına, gəlin qayınanasına, qonşu-qonşuya, xəstə həkimə dözmür. Siyahını artırmaq olar”.

Onun fikrincə, burada səbəb autizmli uşaqlar deyil, insanların empatiya qura, özünü qarşısındakının yerinə qoya bilməməsidir: “Bəlkə də bu, zamanla ağsaqqalın, ağbirçəyin olmamasından, nəsihət verənimizin, insanları geriyə çəkən birinin qalmamasından irəli gəlir. Hər kəs telefona qapanıb. Bəlkə də insanlar zombiləşiblər, manqurtlaşıblar. Bu, toplumsal bir problemdir və xüsusi olaraq autistlərə qarşı deyil. Hər cür uşaq var. Mütləq deyil ki, aqressiv olan uşaq autist olsun”.

Pediatr xüsusilə vurğulayıb ki, cəmiyyətdə yaşanan aqressiya və ya cinayət hadisələrini sindromlu uşaqların üzərinə yıxmaq kökündən yanlışdır: "Məktəbdə müəllimə atəş açan, digər uşağa xəsarət yetirən şəxslər meqapolisdə “ağallı-başlı” sayılan, heç bir sindromu olmayan şəxslərdir. Aqressiya təkcə sindromlu şəxslərə xas deyil, istənilən insanda ola bilər. Ona görə də cəmiyyət autizmli uşaqları “barmaqla göstərməməli”, onları olduğu kimi qəbul etməlidir. Nevroloji problemi olan və ya autizmli uşaq da bu cəmiyyətin bir parçasıdır. Valideyn öz övladına başa salmalıdır ki, bu uşaqlar sadəcə fərqlidir və biz onları olduğu kimi qəbul etməliyik. Burada təəccüblənəsi heç nə yoxdur. Sindromu olmayan sağlam uşaqlarda da tik ola bilər. Məsələn, çiynini ata, gözünü vura, yaxud ağzını əyə bilər. Bu da bir nevroloji problemdir. Müqayisə etsək, mahiyyətcə eyni şeydir. Autizmli və ya daun sindromlu uşaq danışırsa, məktəbə gedirsə və ünsiyyət qurursa, bunu adi qarşılamaq lazımdır. Başqa bir uşaq “O, niyə belə edir?” soruşanda, sadəcə “sindromludur, ona görə”deyib keçmək yetərlidir".
Son illər autizmli uşaqların sayının kəskin artması məsələsinə də toxunan Aytən İsmayılova bunun qlobal bir tendensiya olduğunu qeyd edib: "Bu, təkcə bizim ölkənin deyil, bütün dünyanın problemidir. Səbəbini dəqiq demək çətindir -ekologiya, qidalarımıza qatılan maddələr və ya başqa amillər ola bilər. Lakin bir həqiqət var ki, autizmin bünövrəsi hələ hamiləlik dövründə qoyulur".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-07-2026