Halal ömür
Tarix: 08-05-2026 | Saat: 16:32
Bölmə:Ölkə | çapa göndər

Fərəməz Kərim oğlu Paşayev 1910-cu ildə Zəngəzur qəzasının (hazırda Zəngilan rayonunun) Məlikli kəndində anadan olmuşdu. 1927-ci ildə Zəngilan kənd məktəbini bitirmiş və Gəncə Orta Pedaqoji Məktəbinə daxil olmuşdu. 1931-ci ildə müəllim kimi fəaliyyətə başlamışdı.
Zəngilan kənd natamam orta məktəbində kimya-biologiya müəllimi işləyən F.Paşayev qısa zamanda pedaqoji qabiliyyəti və tələbkarlığı ilə seçilərək əvvəl məktəbin direktor müavini, sonra direktoru təyin edilmişdi. Müəllimliyə olan sevgisi onu pedaqoji təhsilini davam etdirməyə sövq etmişdi. 1934-1936-cı illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alan Fərəməz müəllim şagirdlərinə həm elm öyrədirdi, həm də onlara həyat dərsi keçirdi.
Dünya isə çalxalanırdı. Keçmiş SSRİ-nin rəhbərləri bu çalxantıların ötəri olduğunu düşünürdülər. Belə bir vaxtda - 1939-cu ildə Fərəməz müəllim hərbi xidmətə çağırılır. Rostov vilayətinin Morozov şəhərində xidmətə başlayır. Zəngilan üçün, Məlikli üçün, məliklilər üçün darıxsa da, hərbi xidmətdə fərqlənirdi. Komandirlərinin əmr və göstərişlərini məsuliyyətlə yerinə yetirirdi. Bu zaman müharibə başladı.
Fərəməz Paşayevin ilk döyüşü 1941-ci ilin iyul ayında oldu - Ukraynanın Pakrovka kəndində. Bu kənddən başlayan döyüş yolu Dnepr uğrunda döyüşlərə qədər uzandı. Moskva ətrafında, "Ağ kilsə" adıyla tanınan yerdə gedən döyüşlərdə F.Paşayev ayağından yaralandı. Müalicə olunduqdan sonra yenidən cəbhəyə qayıtdı. Yenə yaralandı. Yenə müalicə, sonra yenə döyüşlər…
Fərəməz Paşayev cəsur döyüşçü idi. Döyüşlərdə göstəriş olmadan şəraitə uyğun taktiki manevrlər etmə bacarığı komandirinin diqqətindən yayınmayıbmış. 1942-ci ilin mart ayında ona kiçik leytenant hərbi rütbəsi verildi. 1943-cü ilin dekabrında isə baş leytenant rütbəsi verilməklə bölük komandiri təyin olundu.
Bölüyə Ukraynanın böyük kəndlərindən birini faşistlərdən azad etmək tapşırılmışdı. Kəndə düşmənin qüvvələrini müəyyənləşdirmək üçün ilk sınaq hücumu təşkil olundu. Bir qədər atışıb geri çəkiləcəkdilər, düşmən arxayınlaşan kimi isə qəfil hücum edəcəkdilər. Bölüyə təxmini döyüş planı verilmişdi. Bu planı baş leytenant Fərəməz Paşayev dəqiqləşdirmişdi. Hücum bu dəqiqləşdirmə əsasında aparılacaqdı. İlk hücumda Fərəməz də iştirak etdi. Döyüşçülər onun bir qədər arxadan atışmasını istəsələr də, o, razılaşmadı... Savaş gedikcə qızışırdı. O səbəbdən döyüşdən nəzərdə tutulduğu vaxtda geri çəkilə bilmədilər. Fərəməz ayağından və sinəsindən yaralandı. Onu döyüş ərazisindən çıxarıb təxliyə etdilər.
Hərbi hospitalda müalicə olundu. Amma Belarusda sağ ayağını itirdiyi üçün döyüşlərə qayıda bilmədi. Onu müharibə əlili kimi tərxis etdilər, "Birinci və ikinci dərəcəli Vətən müharibəsi" ordenləri, "İgidliyə görə" və "Almaniya üzərində qələbəyə görə" medalları ilə təltif olundu.
Müharibə isə davam edirdi. Fərəməz döyüşçü idi. Müharibə başa çatmamış Zəngilana qayıtmaqdan xəcalət çəkirdi. "Nəfəsi gedib-gələn zabit döyüşlərdən kənar qalmamalıdır. Yaralanmış olsa da, barmağı tətik sıxa bilirsə, döyüşməlidir. Müharibə bitməmiş şəhid analarının, balalarının üzünə necə baxmaq olar?", - Fərəməz belə deyirdi, belə düşünürdü.
1944-cü ilin may ayı idi. Zəngilan Rayon Partiya Komitəsinin siyasi maarif kabinetinin müdiri təyin edilən Fərəməz Paşayev hərbçi məsuliyyəti ilə işləyirdi. Ona elə gəlirdi ki, müharibə dövründə bütün sahələrdə qələbə naminə belə işləmək lazımdır.
1945-ci ildə onu Azərbaycan KP MK yanında Respublika Təbliğatçılar Məktəbinə göndərdilər. Həmin il oktyabrın 1-dən 1946-cı ilin sentyabrın 1-dək oxudu, öyrəndi. Təhsilini başa vurub Zəngilana qayıtdı, 1948-ci ilə kimi köhnə vəzifəsində işini davam etdirdi. 1948-ci ildə pedaqoji fəaliyyətə göndərildi, Zəngilan kənd orta məktəbinin direktoru təyin olundu. Pedaqoji fəaliyyətində qazandığı uğurlara görə Əməkdar müəllim fəxri adına layiq görüldü. 1987-ci iləcən həmin məktəbdən ayrılmadı.
Bir dəfə söhbət zamanı dostlarından biri ondan soruşub ki, müxtəlif vəzifələrdə işləyibsən, yenidən əvvəlki illərə qayıda bilsəydin hansı vəzifənin cəfakeşi olardın? Fərəməz müəllim suala belə cavab verib:
- Gəncədən qayıdıb işlədiyim müəllimliyin. Onda həm cavan idim, həm də düşüncələrimdə bircə peşə vardı - müəllimlik.
1988-1989-cu illərdə azərbaycanlıların Ermənistandan deportasiyası, Emənistanın ərazi iddiası Fərəməz müəllimin də ürəyini sıxırdı, heysiyyətini titrədirdi, ermənilərin getdikcə genişlənən açıq düşmənçiliyinin sıxıntılarına dözə bilmirdi. Camaatla söhbətləşəndə bu narahatlığını bildirirdi. Söhbətin sonunda isə "Barmağınız tətikdə titrəməsin, ürəyinizə təpər, gözlərinizə nur versin Tanrımız. Vətəni sevə-sevə qoruyun, qoruya-qoruya sevin", - deyirdi.
Oğlu Tariyelin övladları olan Elçin və Elxan qardaşları Birinci, nəticəsi Fərəməz Paşayev isə İkinci Qarabağ müharibələrində göstərdikləri şücaətləri ilə babalarının nəsihətinə və qəhrəmanlıq yoluna sadiq olduqlarını təsdiqlədilər.
1989-cu il sentyabrın 27-də haqq dünyasına qovuşan vətənpərvər ziyalımız hələ uzun illər yaddaşlardan silinməyəcək. Çünki Fərəməz müəllim halal ömür yaşamışdı.
Bayram MƏMMƏDOV,
Əməkdar müəllim
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər