Mobil versiya
Millətin taleyinə çevrilən insan
Tarix: 08-05-2026 | Saat: 13:35
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Millətin taleyinə çevrilən insan

Yaşadığımız dünyada zaman hər bir hadisəyə məna verən və insan varlığını sınağa çəkən canlı bir prosesdir. Fəlsəfi yanaşmda bu proseslər yalnız təsviri xarakter daşımır, onun mahiyyətini açmağa çalışır. Zaman burada insanın özünü dərk etməsi üçün şərait yaradan ontoloji ölçüdür. İnsan zamanın içində mövcud olmaqla yanaşı, onu şüuru vasitəsilə mənalandırır və beləliklə, zaman subyektiv təcrübə ilə obyektiv reallığın kəsişdiyi nöqtəyə çevrilir.
Bu baxımdan tarix də sadəcə baş vermiş hadisələrin ardıcıllığı deyil, insanın həmin hadisələrə verdiyi mənaların və interpretasiyaların məcmusudur. Hər bir dövr özünəməxsus düşüncə tərzi, dəyərlər sistemi və idrak forması ilə seçilir. İnsan isə bu prosesdə həm müəyyənləşən, həm də müəyyən edən varlıq kimi çıxış edir.

Bu kontekstdə fərd və millət arasındakı fərq yalnız miqyas fərqi kimi qəbul edilməməlidir. Fərd öz varlığını şəxsi təcrübə və seçimlər üzərindən qurursa, millət tarixi yaddaş, kollektiv şüur və ortaq dəyərlər üzərində formalaşır. Buna görə də millətin qarşılaşdığı problemlər ontoloji xarakter daşıyır. Yəni onun sadəcə mövcudluğu deyil, kim olaraq mövcudluğu məsələsini gündəmə gətirir.

Belə tarixi məqamlarda meydana çıxan böyük şəxsiyyətlər isə təsadüfi fenomenlər olmur. Onlar zamanın daxili ziddiyyətlərinin, sosial enerjinin və kollektiv ehtiyacın təcəssümü kimi ortaya çıxırlar.
Ulu öndər Heydər Əliyev fenomeni yalnız konkret bir dövrün siyasi liderliyi ilə məhdudlaşmır. O, daha geniş fəlsəfi müstəvidə zaman, tarix və milli şüurun kəsişmə nöqtəsində meydana çıxan bir fenomen hadisə kimi anlaşılır. Onun fəaliyyəti dövlət idarəçiliyi ilə yanaşı, milli varlığın özünü dərk etməsi və tarixi istiqamətini müəyyənləşdirməsi prosesinə çevrilir.

Belə şəxsiyyətlər tarixdə təsadüfi rol oynamırlar. Onlar müəyyən bir tarixi zərurətin, ictimai ehtiyacın və kollektiv şüurun yetkinlik mərhələsinin nəticəsi kimi ortaya çıxırlar. Bu mənada Heydər Əliyev fenomeni dövlətçilik ideyasının konkret siyasi reallıqda təcəssüm tapmasıdır. O, yalnız mövcud sistemi idarə edən lider deyil, eyni zamanda həmin sistemin məzmununu, istiqamətini və mənəvi əsaslarını formalaşdıran bir şəxsiyyət rolunu oynayırdı.
1923-cü ildə Naxçıvanda dünyaya gələn Ulu öndər Heydər Əliyev gənc yaşlarından dövlət idarəçiliyi və təhlükəsizlik sistemində fəaliyyətə başlamış, burada təkcə praktik bacarıqlar deyil, həm də dərin analitik düşüncə, strateji uzaqgörənlik və sistemli idarəetmə mədəniyyəti formalaşdırmışdır. Bu mərhələlərə daha dərin və sistemli fəlsəfi prizmadan baxdıqda, Ulu öndərin fəaliyyəti artıq təkcə tarixi hadisələrin ardıcıllığında iştirak edən bir liderin yolu kimi deyil, zamanın öz daxilində formalaşan və istiqamət qazanan dövlətçilik şüurunun təcəssümü kimi görünür. Onun həyatının ilkin mərhələsi, xüsusilə təhlükəsizlik və idarəetmə sahəsində qazandığı təcrübə yalnız praktiki bacarıqların mənimsənilməsi olmamışdı. Bu mərhələ, əslində, reallığı strukturlaşdırmaq, mürəkkəb prosesləri dərk etmək və hadisələrin görünən tərəfi ilə yanaşı, onların daxili məntiqini anlamaq qabiliyyətinin formalaşması idi.
1969-cu ildən başlayan mərhələ isə bu düşüncənin konkret tarixi reallıqda təcəssümüdür. Bu dövrə yalnız iqtisadi yüksəliş və inzibati islahatlar prizmasından yanaşmaq düzgün olmazdır. Əslində burada baş verən daha fundamental proses, milli varlığın özünü dərk etməsi və bu dərk prosesinin institusional formaya keçməsi idi. Sənaye, elm, təhsil və mədəniyyət sahələrində həyata keçirilən dəyişikliklər zahirdə inkişaf göstəriciləri kimi görünə bilər, lakin mahiyyət etibarilə onlar xalqın öz potensialını tanıması, özünə inamının bərpası və gələcək üçün məqsədli istiqamət müəyyən etməsi idi.

Bu kontekstdə milli kadr siyasəti xüsusi məna daşıyır. Çünki burada insan amili yalnız funksional element kimi deyil, dövlətin mövcudluğunun əsası kimi qəbul olunur. İnsan kapitalına yönəlmiş bu strateji yanaşma göstərir ki, dövlət yalnız ərazi və resurslardan ibarət olmur. O, düşünən, dərk edən və məsuliyyət daşıyan fərdlərin yaratdığı canlı bir sistemdir. Elm və təhsil sisteminin gücləndirilməsi, milli elitanın formalaşdırılması və idarəçilik mədəniyyətinin inkişafı, əslində, gələcəyin əvvəlcədən düşünülərək qurulması prosesi kimi ifadə olunur.

Ulu öndər Heydər Əliyevin fəaliyyəti tarixi hadisələrə reaksiyadan daha çox, onları öncədən görmə, istiqamətləndirmə və müəyyən ideya çərçivəsində birləşdirmə bacarığı ilə seçilir. Bu isə onu göstərir ki, burada şəxsiyyət və zaman arasında adi münasibət deyil, qarşılıqlı yaradıcı əlaqə mövcuddur, zaman lideri formalaşdırır, lider isə zamana məna verir.
Ulu öndərin dövlətçilik fəlsəfəsində azərbaycançılıq ideologiyası əsas xətt kimi çıxış edir. Bu ideologiya milli şüurun, tarixi yaddaşın və kollektiv kimliyin fəlsəfi ifadəsidir. Azərbaycançılıq burada sadəcə ideoloji çərçivə yox, xalqın özünü dərk etmə forması, zaman içində öz varlığını anlaması və gələcəyə yönəlmiş mənəvi istiqamətidir.

Onun məşhur sözləri, “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” sadə bir ifadə kimi qəbul edilməməlidir. Bu milli kimliyin dərin fəlsəfi kodudur. Bu fikir xalqın özünə baxışını dəyişdirərək onu fərdi hisslərdən kollektiv şüura, tarixi yaddaşdan milli özünüdərkə aparan bir düşüncə xəttinə çevrildi. Bu yanaşmada dil, mədəniyyət və mənəvi dəyərlər dövlətin formal elementlərindən daha çox, onun varlığını saxlayan əsas ontoloji dayaqlar kimi çıxış edirdi. Çünki onun fəlsəfəsində dil millətin ruhu, mədəniyyət isə onun zaman içində yaşayan yaddaşıdır.

1990-cı illərin ağır siyasi və sosial böhran dövründə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı dövlətin parçalanma və dağılma təhlükəsini aradan qaldıraraq sabitliyin əsasını qoydu. Bu dönüş həm də tarixi prosesin yenidən nizamlanmasına yol açdı. O dövrdə dövlətçilik anlayışı yenidən formalaşdırıldı, idarəetmə sistemi bərpa edildi və milli inkişaf üçün zəruri olan siyasi sabitlik təmin olundu.
1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” isə Azərbaycanın tarixində strateji dönüş nöqtəsinə çevrildi. Bu müqavilə ilə ölkənin iqtisadi müstəqilliyi möhkəmləndirildi, Azərbaycanın enerji resursları qlobal sistemə inteqrasiya olundu və dövlət beynəlxalq enerji xəritəsində mühüm aktor kimi tanındı. Bu hadisə təkcə iqtisadi razılaşma deyil, həm də dövlətin gələcək varlığını təmin edən uzunmüddətli strateji xəttin reallaşması idi.

Bu tarixi xəttin müasir mərhələsi cənab İlham Əliyevin rəhbərliyi ilə daha geniş və kompleks məna qazandı. Onun rəhbərliyi ilə Azərbaycan yalnız siyasi sabitlik deyil, həm də sistemli inkişaf və qlobal inteqrasiya mərhələsinə keçdi. Dövlət başçımız cənab İlham Əliyevin siyasətində enerji strategiyası xüsusi yer tutur. Azərbaycan neft və qaz resurslarının yalnız hasilat ölkəsi kimi yox, həm də beynəlxalq enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrildi. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi və TANAP kimi layihələr Azərbaycanın enerji xəritəsində strateji mərkəz rolunu gücləndirdi. Bu siyasət ölkəni Avrasiyanın enerji balansında mühüm aktora çevirdi və enerji diplomatiyasını dövlət siyasətinin əsas sütununa yüksəltdi.

Eyni zamanda, logistika və nəqliyyat siyasəti Azərbaycanın geosiyasi əhəmiyyətini daha da artırdı. Bakı-Tbilisi-Qars dəmir yolu, beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiya və Şərq-Qərb, Şimal-Cənub marşrutlarında aktiv iştirak ölkəni qlobal ticarət və tranzit mərkəzinə çevirdi. Azərbaycan artıq yalnız resurs ixrac edən dövlət kimi yox, həm də regionlararası əlaqələri birləşdirən strateji körpü funksiyasını daşıyan ölkədir.

Bu enerji və logistika siyasəti yeni iqtisadi model olmaqla yanaşı, həm də fəlsəfi baxımdan “məkanın idarə olunması” anlayışının dövlət səviyyəsində ifadəsidir. Çünki müasir dövrdə güc təkcə torpaqla deyil, yollarla, şəbəkələrlə və bağlantılarla ölçülür. Cənab İlham Əliyevin rəhbərliyi ilə həmçinin dövlət idarəçiliyində modernləşmə, rəqəmsallaşma və iqtisadi diversifikasiya prosesi sürətləndirildi. Bu yanaşma Azərbaycanın gələcək inkişaf modelini daha dayanıqlı və çevik etdi.

Bu inkişafın ən yüksək zirvəsi isə Qarabağın işğaldan azad olunması oldu. 44 günlük Vətən müharibəsi və bir günlük anti-terror tədbirləri nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü tam olaraq bərpa etdi, Xankəndidə üçrəngli bayrağımız ucaldıldı. Bu hadisə yalnız hərbi qələbə deyil, həm də tarixi ədalətin bərpası və milli iradənin təntənəsi idi.
Ulu öndər Heydər Əliyevin qoyduğu təməl və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı enerji, logistika və inkişaf siyasəti eyni tarixi xəttin iki mərhələsidir. Biri müasir dövlətin yaradılması və sabitləşdirilməsi, digəri isə onun qlobal gücə çevrilməsi.

Nəticə etibarilə, insan artıq sadəcə fərd deyil o, zamanın içində mənanı yaradan qüvvədir. Bəziləri tarixdə yaşayır, bəziləri isə tarixi yaşadır və dəyişdirir. Buna görə də “Millətin taleyinə çevrilən insan” anlayışı artıq zamanın özü tərəfindən təsdiqlənmiş fəlsəfi həqiqətdir.

Ulu öndər Heydər Əliyevin xatirəsi daim xalqın yaddaşında yaşayacaq və gələcək nəsillərin düşüncəsində özünəməxsus yer tutacaq. Onun həyat yolu və fəaliyyəti yalnız bir dövrün siyasi salnaməsi deyil, həm də milli dövlətçilik ideyasının formalaşmasının, möhkəmlənməsinin və davamlı inkişafının parlaq nümunəsidir. Onun irsi zaman keçdikcə daha dərindən dərk olunan bir fenomenə çevrilir. Çünki bu irs yalnız görülən işlərdə deyil, formalaşdırılan düşüncə tərzində, yaradılan idarəçilik ənənəsində və gələcəyə yönəlmiş strateji baxışda yaşayır. Ulu öndərin xatirəsi bu günün və gələcəyin düşüncə və fəaliyyətinə təsir edən güclü mənəvi dayağa çevrilib. Bu isə onu göstərir ki, böyük şəxsiyyətlərin ideyaları və yaratdıqları dəyərlər zamanın fövqünə yüksələrək yaşamağa davam edir.

Rövşən Əliyev
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-05-2026