Mobil versiya
Davosda Azərbaycan gerçəkliyi: nüfuzlu və etibarlı tərəfdaş imici
Tarix: 22-01-2026 | Saat: 15:31
Bölmə:Manşet / Siyasət | çapa göndər

Davosda Azərbaycan gerçəkliyi: nüfuzlu və etibarlı tərəfdaş imici

Davos İqtisadi Forumu çərçivəsində Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə müasir beynəlxalq münasibətlər sistemində baş verən əsaslı dəyişikliklərin mahiyyətini ortaya qoyur. Səsləndirilən mövqelər göstərdi ki, dünya artıq klassik beynəlxalq hüquq mexanizmlərinin mütləq dominantlıq təşkil etdiyi mərhələni arxada qoyub və yeni, daha mürəkkəb siyasi reallıqlar formalaşmaqdadır.

Beynəlxalq hüquq normaları bu gün dünya ictimaiyyətinin bütün üzvləri üçün birmənalı və mütləq davranış çərçivəsi kimi qəbul edilmir. Bu reallıq fonunda strateji məqsəd milli maraqlar əsasında konkret nəticələr əldə etmək olub. Eyni zamanda bütün qərar və addımlar beynəlxalq hüquqa tam riayət edilməklə həyata keçirilib. Siyasi inkişafdan tutmuş suverenliyin və ərazi bütövlüyünün bərpasına qədər görülən işlərin beynəlxalq hüquqa və ümumi dəyərlərə uyğun olması bu siyasətin legitimliyini təmin edən əsas amil kimi dəyərləndirilir.

Dövlətimizin başçısının sözügedən müsahibəsində beynəlxalq münasibətlərin artıq yeni eraya qədəm qoyduğu qeyd edilib. Bu mərhələdə qlobal prosesləri qanunun aliliyi deyil, real güc balansı müəyyənləşdirir. Dünyanın müxtəlif regionlarında baş verən münaqişələr, müharibələr və qeyri-sabitlik halları bu tendensiyanın açıq göstəricisidir. Belə bir şəraitdə hər bir dövlətin öz strategiyasını real potensialına uyğun şəkildə formalaşdırması zəruri hesab olunur. Xüsusilə regional müstəvidə möhkəm və etibarlı münasibətlərin qurulması, paralel olaraq qlobal miqyasda geniş tərəfdaşlıq şəbəkəsinin yaradılması əsas prioritetlər sırasında göstərilir. Balanslaşdırılmış siyasət bu baxımdan regional və qlobal səviyyədə geniş fəaliyyət imkanları formalaşdıran mühüm vasitə kimi çıxış edir.

Prezident İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsini müsahibədə mənəvi və siyasi çalarla dəyərləndirilib. Bu mükafat 30 ildən artıq davam edən qanlı münaqişələrdən, müharibə və qarşıdurmalardan sonra Qafqazda sülhün qurulması istiqamətində göstərilən səylərə verilən beynəlxalq qiymət kimi qəbul olunub. Cənubi Qafqaz yeni inkişaf mərhələsinə daxil olur və artıq bir neçə aydır sülh şəraitindədir. Bu hal müstəqillik tarixində ilk dəfə yaşanan, həm psixoloji, həm də strateji baxımdan mühüm imkanlar açan bir mərhələ kimi xarakterizə edilib.

Azərbaycan ilə Ermənistan arasında münasibətlərin mahiyyət etibarilə dəyişməsi müsahibənin əsas mesajlarından biri olub. Dövlətimizin başçısı uzun illər davam edən qarşıdurma mərhələsindən sonra münasibətlərin əməkdaşlıq müstəvisinə keçdiyini vurğulayıb. Prezident İlham Əliyev Ermənistana gedən yüklərin daşınmasında bütün məhdudiyyətlərin aradan qaldırılmasını, eləcə də bu ölkənin ciddi şəkildə asılı olduğu əsas malların, xüsusilə neft məhsullarının təchizatına başlanılmasını regional iqtisadi inteqrasiyanın real nümunəsi kimi təqdim edib. Müsahibədə, həmçinin sözügedən prosesin bütün tərəflər üçün faydalı olduğu, əsas məqsədin Qafqazda müvəqqəti deyil, əbədi sülhə nail olmaq olduğu ifadə edilib.

Enerji bazarları ilə bağlı qiymətləndirmələr də müsahibənin mühüm istiqamətlərindən biri olub. Neftin qiymətinin sabit qalması və bu səviyyənin məqbul hesab edilməsi qlobal bazarların nisbi tarazlıqda olduğunu göstərir. Dünyanın müxtəlif bölgələrində baş verən gərginliklərin qiymətlərə ciddi təsir etməməsi həm hasilatçı, həm də istehlakçı ölkələr üçün uzunmüddətli planlaşdırma baxımından mühüm üstünlük yaradır. Enerji təhlükəsizliyi kontekstində dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan Cənubi Qafqazda neft və qaz ixrac edən yeganə dövlətdir. Regionun digər ölkələri uzun illərdir bu resursları məhz ölkəmizdən idxal edir. Avropa və Avropa İttifaqı ilə enerji əməkdaşlığının genişlənməsi, 16 ölkəyə təbii qaz ixracı və onların 10-nun Avropa İttifaqının üzvü olması bu siyasətin strateji miqyasını nümayiş etdirir. Boru kəməri qazının coğrafi əhatəsinə görə dünya miqyasında lider mövqe ölkənin enerji strategiyasının mühüm göstəricisi kimi dəyərləndirilir. Təbii resurslar, inkişaf etmiş nəqliyyat infrastrukturu və müasir boru kəmərləri Avropa üçün etibarlı tərəfdaş modelini möhkəmləndirir.

Avropa Parlamentinin davamlı tənqidlərinə münasibət məsələsində isə prinsipial mövqe sərgilənir. Bu qurumun qərəzli yanaşmasına artıq reaksiya verilməməsi şüurlu siyasi seçimdir. Həmin mövqe müstəqil siyasəti qəbul edə bilməyən xüsusi lobbiçilik qruplarının fəaliyyəti ilə izah edilir. Dövlətimizin başçısı müsahibədə Avropa Komissiyası ilə əməkdaşlığın davam etdirildiyi, lakin Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə əlaqələrin uzun müddətdir dayandırıldığını qeyd edib. Prezident İlham Əliyev vurğulayıb: “Ötən ilin avqustunda Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi paraflandı. Ümid edirəm ki, Avropa Parlamentinin üzvləri özlərində cəsarət taparaq Azərbaycana qarşı ədalətsiz mövqelərini yenidən nəzərdən keçirəcəklər”.

Beləliklə, Davosdan səsləndirilən mesajlar göstərir ki, dəyişən qlobal güc nizamı şəraitində milli maraqlara söykənən, praqmatik siyasət ən doğru və səmərəli inkişaf modelidir. Bu yanaşma yalnız siyasi sabitliyi möhkəmləndirmir, eyni zamanda dövlətin regional və beynəlxalq müstəvidə mövqeyini daha da gücləndirir. Nəticə etibarilə, həyata keçirilən ardıcıl strategiya ölkəmizin etibarlı tərəfdaş imicini möhkəmləndirir və uzunmüddətli təhlükəsizliklə dayanıqlı tərəqqi üçün möhkəm zəmin formalaşdırır.

Mahir Süleymanlı
Milli Məclisin deputatı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-01-2026