Mobil versiya
Atası ölən tələbə pulsuz təhsil almaq istəyir - Məhkəmə ona görə toplandı
Tarix: 17-02-2017 | Saat: 20:32
Bölmə:Aia TV | çapa göndər

Atası ölən tələbə pulsuz təhsil almaq istəyir - Məhkəmə ona görə toplandı






Bu gün Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti açıq məhkəməsində Azərbaycan Tibb Universitetinin 5-ci kurs tələbəsi Cavidan Qafarovun şikayəti üzrə "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.

Aia.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 21 yaşlı Cavidan ATU-da ödənişli əsaslarla təhsil alır.

C.Qafarovun atası 19 may 2016-cı il tarixində vəfat etmiş, anası isə I qrup əlildir. Ərizəçi göstərilən səbəblərə görə təhsil haqqını ödəmək imkanının olmamasını əsas gətirərək, Qanunda nəzərdə tutulan güzəştlərin tətbiq edilməsi məqsədilə Azərbaycan Tibb Universitetinin rəhbərliyinə müraciət edib. Belə ki, Qanunun 5-ci maddəsinin birinci hissəsinə əsasən, bütün tipdən olan dövlət təhsil müəssisələrində, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində, habelə bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər həmin təhsil müəssisəsini və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsini bitirənədək tam dövlət təminatına götürülürlər.

C.Qafarova cavab məktubunda izah olunub ki, Azərbaycan Tibb Universiteti dövlət ali təhsil müəssisəsi olaraq heç bir tələbəni hüquqi əsas olmadan təhsil haqqından azad etmək səlahiyyətinə malik deyildir. Eyni zamanda, məktubda bildirilib ki, məsələyə aydınlıq gətirmək üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət olunub.

Təhsil Nazirliyinin məktubunda isə göstərilib ki, Qanuna görə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş və ya ona bərabər tutulan şəxslər (bir valideyni vəfat etmiş və o biri valideyni I və II qrup əlil olan) dedikdə, həmin kateqoriyadan olan 18 yaşınadək uşaqlar nəzərdə tutulur. Bu baxımdan, Qanunun 5-ci maddəsində göstərilən təhsil üzrə təminatlar ali təhsil aldıqları müddətdə (19-23 yaşında olan II-VI kurs tələbələri) hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslərə şamil edilmir.

Ərizəçi hesab edir ki, Qanunun əsas məqsədi valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan 23 yaşınadək şəxslərin sosial müdafiəsinə dövlət təminatının verilməsidir. Yəni dövlət onların valideyn dəstəyindən məhrum olmasını əsas kimi qəbul edərək, bu şəxsləri dövlətin sosial müdafiəsi ilə əhatə edir. Sosial dəstəkdən faydalanmanın şərti kimi yalnız şəxsin 18 yaşınadək valideyn himayəsindən məhrum olması əsas götürülür, sonradan 18-23 yaş arasında oxşar vəziyyətə düşmüş digər şəxslərin təhsil almaq hüququnun davamlılığına təminat verilmir.

C.Qafarovun qənaətinə görə, Qanunun bu müddəaları onun Konstitusiyanın 25 və 42-ci maddələrində nəzərdə tutulan hüquqlarını pozur.

Şikayətin məzmununu nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumunun qərarında deyilir:

1. "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 12-ci abzasındakı anlayışa 18 yaşına çatdıqdan sonra valideyn dəstəyindən məhrum olmuş və dövlət ali təhsil müəssisələrində əyani formada təhsil alan şəxslərin aid edilməməsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsi ilə uyğunsuzluq təşkil etdiyindən, həmin normanın bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeyə uyğunlaşdırılması Azərbaycan Respublikası Milli Məclisinə tövsiyə edilsin.

2. Bu Qərarın nəticəvi hissəsinin 1-ci bəndində göstərilən məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinin tələbləri əsas götürülərək, dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla əyani formada təhsil alan şəxslər "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 12-ci abzasında göstərilən səbəblərə görə 18 yaşına çatdıqdan sonra valideyn dəstəyindən məhrum olduqda, onların təhsil haqlarının ödənilməsi təhsil aldıqları müddətdə (23 yaşınadək) "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 38.3-cü maddəsinə müvafiq olaraq təmin edilsin.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024