Mobil versiya
Maşın bazarında son vəziyyət: avtomobillər ucuzlaşır
Tarix: 16-02-2017 | Saat: 15:54
Bölmə:İqtisadiyyat | çapa göndər

Maşın bazarında son vəziyyət: avtomobillər ucuzlaşır

Manatın üzən məzənnəyə keçidi avtomobil bazarında hökm sürən böhranı daha da dərinləşdirib.

AİA.Az xəbər verir ki, avtomobil ekspertləri fins.az-a bildiriblər ki, manatın məzənnəsinin qeyri-stabil olması avtomobillərin satışına da kəskin təsir edib.

Qiymətlərin qeyri-stabil olması satışları dayandırıb

Alsat.az əmlak elanları saytının rəhbəri Vaqif Hüseynov bildirib ki, hazırda avtomobil satışının dayanmasının əsas səbəblərindən biri avtomobillərin qiymətlərinin qeyri-stabil olmasıdır: "Eyni avtomobili bazarda bir neçə qiymətə satıldığını müşahidə etmək olar. Bir yerdə 2006-cı ilin 2.7 l mühərrikli "Prado" modeli 16 min manata satılırsa, digər yerdə 25 min manata, bazarın başqa bir yerində isə hətta 35 min manata təklif edilir".

Bir avtomobil 3 qiymətdə satılır

V.Hüseynovun sözlərinə görə, qiymətlərin belə kəskin fərqlənməsi bazarın alverçilər tərəfindən formalaşması ilə bağlıdır: "Məsələn, "Prado"nun qiymətini alverçi 20 min manat müəyyən edir. Öz avtomobilini bazara çıxaranların hər biri qiyməti 1000 manat aşağı salır. Avtomobili satmaq fikri olmayan, sadəcə bazarı yoxlamaq istəyən müştərilər isə 20 min manatlıq avtomobili 25 min manata təklif edirlər. Beləcə, bazarda kəskin qiymət fərqi yaranır".

Alıcıların bir qismi elə alverçilərdir

Onun sözlərinə görə, elan vasitəsilə avtomobil alanların sayı dekabr ayı ilə müqayisədə 50%-dən çox azalıb. Hazırda avtomobil alanların bir qismi alverçilərdir. Onlar nağd pul lazım olduğu üçün avtomobili ucuz satanlardan alırlar. Daha sonra yüksək qiymətə bazara çıxarırlar. O bildirib ki, bu tendensiya özünü avtomobil elanlarında da göstərir.

Real alıcı yalnız taksi işləmək istəyənlərdir

İkinci qrup avtomobil alıcıları isə əsasən taksi fəaliyyəti ilə məşğul olmaq istəyən müştərilərdir. Belə ki, son dövrlər taksi şirkətlərinin sayı xeyli artıb. Bu da imkan verir ki, vətəndaşlar ucuz avtomobil almaqla taksi fəaliyyəti göstərsinlər.

İndi "Kia Rio", "Chevrolet Cruz", "Hyundai Accent" və "Nissan Sunny"ləri alırlar

V.Hüseynovun sözlərinə görə, belə avtomobil müştəriləri əsasən 1.4-2.0 l mühərrikli kiçik sedanlar almağa üstünlük verirlər. Söhbət qiyməti 7-15 min manat olan "Kia Rio", "Chevrolet Cruz", "Hyundai Accent" və "Nissan Sunny" kimi avtomobillərdən gedir. Ekspertin sözlərinə görə, Rusiya istehsalı olan avtomobillərdən isə yalnız "Niva"lara maraq var. Bu isə son dövrlər formalaşan tendensiyadır.

"30-dan çox alverçi bazarı tərk edib"

Avtomobil satışının dayanması alverçilərin bazarı tərk etməsi ilə nəticələnib. Avtomobil satışları üzrə ekspert Aley Şamilov bildirib ki, son bir ayda 30-dan çox alverçi "Badamdar avtomobil bazarı"nı tərk edib: "Bəziləri əmlak alqı-satqısı prosesinə qoşulur, bəziləri ölkəni tərk edərək pul qazamaq üçün Rusiyaya üz tuturlar, bəziləri isə işsiz qalıblar".


AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024