Mobil versiya
Hafiz Kərimov: “Milli Qurtuluş Günü Azərbaycanda təhsil sisteminin də yeni inkişaf dövrünün başlanğıc nöqtəsi oldu”
Tarix: 12-06-2025 | Saat: 17:41
Bölmə:Özəl | çapa göndər

Hafiz Kərimov: “Milli Qurtuluş Günü Azərbaycanda təhsil sisteminin də yeni inkişaf dövrünün başlanğıc nöqtəsi oldu”

1993-cü ilin yayında Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə dönüşü və iyunun 15-də Respublikanın Ali Sovetinin Sədri vəzifəsinə seçilməsi dövlətçilik tariximizin keyfiyyətcə yeni bir mərhələsinin başlanğıcı oldu. Birmənalı olaraq deməliyik ki, həmin gün milli dövlətçiliyimizin sonunu gətirə biləcək hadisələrin qarşısının alındığı bir gündür. Buna görə də Ümummilli Liderimizin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsi kimi hər il təntənə ilə qeyd olunur.

Məlum olduğu kimi, müstəqilliyin ilk illərində ölkəmizin üzləşdiyi ciddi iqtisadi-siyasi problemlər getdikcə qarşısıalınmaz xaotik proseslərin başlanmasına yol açmışdı. Bu vəziyyət isə öz növbəsində, respublikada hakimiyyəti ələ keçirmiş səriştəsiz və məsuliyyətsiz qrupların dağıdıcı fəaliyyətləri ilə birlikdə ölkəni cəmi iki il ərzində ciddi təhlükələrlə üz-üzə qoymuşdu. Artıq başlanmaq üzrə olan Vətəndaş müharibəsi, ölkənin bir neçə cırtdan marionet dövlətlərə parçalanması və Azərbaycanın vahid suveren ölkə olaraq mövcudiyyətinə son qyulması bizi gözləyən ən yaxın və ən real perspektivlər idi. Belə bir ağır məqamda xalqımız öz taleyini yalnız Heydər Əliyevə etibar edə bilərdi və bunu da etdi. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər siyasi təcrübəsi, uzaqgörənliyi və sarsılmaz iradəsi sayəsində ölkəni vətəndaş müharibəsi təhlükəsindən və ictimais-iyasi pərakəndəlikdən qurtardı. Azərbaycanda uğurlu dövlət quruculuğu prosesinin əsası qoyuldu. Təkmil siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin, siyasi mədəniyyətin əsasının qoyulması, davamlı siyasi-hüquqi islahatların həyata keçirilməsi, eyni zamanda milli həmrəylik və bütövlüyü təmin edən ideologiyanın yaradılması bu kontekstdə xüsusi əhəmiyyətə malik oldu. Bütün bunlara görə də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın ən yeni tarixinə həyati əhəmiyyət kəsb edən hadisə kimi daxil oldu.

Məlumdur ki, Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəaliyyətinin əhatə etdiyi sahələrdən biri də təhsil idi. Ümummilli Lider həm Sovet dövründə, həm də müstəqil Azərbaycan Respublikasının rəhbəri olaraq təhsil sisteminin inkişafına xüsusi diqqət yetirmişdir. Ulu Öndərin rəhbərliyi altında təhsilin inkişafı və islahatlar, ölkənin sosial-iqtisadi inkişafının əsas şərtlərindən biri olmuşdur. Heydər Əliyev və Azərbaycan təhsili mövzusu, müasir Azərbaycan təhsil sisteminin formalaşmasında və inkişafında Ümummilli Liderin rolu ilə bağlı mühüm bir mövzudur. Heydər Əliyevin təhsilə verdiyi xüsusi önəm dahi rəhbərin bütün dövrlərdəki fəaliyyətində açıq şəkildə görünür. Ulu Öndərin təhsil siyasətinin əsas prinsiplərindən biri təhsilin keyfiyyətinin artırılması, həmçinin gənclərin dünya standartlarına uyğun bilik və bacarıqlara yiyələnmələri idi. 1969-cu ildən başlayaraq Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan təhsilidə ciddi islahatlar aparılmışdır.

Əlbəttə ki, müstəqillik dövründə bu islahatların əhatə sahəsi və intensivliyi daha da artmışdır. 1993-cü ildən sonra məktəb binalarının və tədris müəssisələrinin infrastrukturu yenidən quruldu. Ulu Öndər ölkənin müxtəlif bölgələrində yeni məktəblərin inşa olunmasını və mövcud məktəblərin əsaslı təmirini təmin etdi. Ümummilli Lider Heydər Əliyev Azərbaycan təhsilinin beynəlxalq standartlara uyğunlaşdırılmasına xüsusi diqqət yetirmişdir. Bu, Azərbaycan universitetlərinin beynəlxalq reytinqlərdə iştirak etməsi, xarici təhsil müəssisələri ilə əməkdaşlığın inkişafı və tələbələrin dünya miqyasında təhsil alması üçün imkanların yaradılması ilə nəticələndi.

Bu gün Ölkə Prezidenti cənab İlham Əliyev Ümummilli Lider tərəfindən əsası qoyulmuş təhsil siyasətini uğurla davam və inkişaf etdirir. Həyata keçirilən islahatlar arasında yeni təhsil proqramlarının və metodlarının tətbiqi, müasir təhsil infrastrukturlarının yaradılması, xarici ölkələrlə təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi və tələbələrin beynəlxalq səviyyədə təhsil almasına imkan yaradılması xüsusi yer alır.

Ümummilli Lider Heydər Əliyevin istər sovetlər dönəmində, istərsə də müstəqillik dövründə Azərbaycana rəhbərliyi xalqın rifah halının yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlərlə səciyyələnir. Bu gün də Ulu Öndərin görmək istədiyi güclü, qüdrətli, nüfuzlu və qalib Azərbaycan öz uğurlarını Heydər Əliyev ideyalarının nurunda inamla davam etdirir.

Hafiz Kərimov,
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının
İsmayıllı rayon komitəsinin sədri.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-06-2025