Mobil versiya
İsrail Nazirlər Kabinetindən yeni qərar
Tarix: 27-05-2025 | Saat: 21:51
Bölmə:Özəl | çapa göndər

İsrail Nazirlər Kabinetindən yeni qərar

İsrail mediası bildirib ki, Təhlükəsizlik Kabineti işğal altındakı İordan çayının qərb sahilində ələ keçirilən Fələstin torpaqlarında 22 yeni qeyri-qanuni yaşayış məntəqəsinin tikintisinə icazə verib.

Yerli KİV-in məlumatına görə, müdafiə naziri Yisrael Katz və ifrat sağçı maliyyə naziri Bezalel Smotrich İordan çayının qərb sahilində müsadirə edilmiş Fələstin torpaqlarında 22 yeni qeyri-qanuni yaşayış məntəqəsinin salınmasını təklif ediblər.

Bildirilib ki, kabinet keçən həftə gizli səsvermədə İordan çayının qərb sahilində 22 yeni və ya sahildən kənarda yaşayış məntəqəsi tikmək təklifini təsdiqləyib.

İordan çayının qərb sahilində israillilər tərəfindən ələ keçirilən Fələstin torpaqlarında fəaliyyət göstərən “Yeşa Şurası” təşkilatının rəhbəri İsrail Ganz yerli mətbuata açıqlamasında Nazirlər Kabinetinin bu addımının 1967-ci ildə İordan çayının qərb sahilinin işğalından sonra atılan “ən mühüm qərar” olduğunu bildirib.

Qəsb edilmiş Fələstin torpaqlarında 22 yeni qeyri-qanuni məskən salmağa qərar verdikləri xəbəri ilə bağlı Təl-Əviv rəhbərliyindən hələlik heç bir açıqlama verilməyib.

İsrailin işğalı altında olan İordan çayının qərb sahili və Şərqi Qüdsdə müsadirə edilmiş Fələstin torpaqlarında 250-yə yaxın qeyri-qanuni yaşayış məntəqəsi var.

Fələstinin şəhərlərini, hətta kəndlərini bir-birindən ayıran bu qeyri-qanuni məskunlaşmalar bölgədəki işğalı daha da dərinləşdirir.

Bu qeyri-qanuni məskunlaşmalarda Fələstin torpaqlarını qəsb edən israillilər İordan çayının qərb sahilindəki Fələstin kəndlərinə tez-tez hücum edərək evləri, avtomobilləri, eləcə də kənd təsərrüfatı sahələrini yandırır, zeytun ağaclarını kəsirlər.

Fələstin torpaqlarını qəsb edən israillilərin hücumları səbəbindən İordan çayının qərb sahilində işğal boyunduruğu altında olan fələstinlilərin həyatı çətinləşir.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-05-2025