Mobil versiya
Prezident İlham Əliyevin uğurlu siyasəti, dövlətimizin artan qlobal geosiyasi gücü
Tarix: 20-05-2025 | Saat: 16:34
Bölmə:Özəl | çapa göndər

Prezident İlham Əliyevin uğurlu siyasəti, dövlətimizin artan qlobal geosiyasi gücü

Mayın 15-də Prezident İlham Əliyev Albaniya Respublikasının Baş naziri Edi Ramanın və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirak etmək üçün Tiranaya işgüzar səfərə gəldi. Tirana şəhərində “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış mərasimi keçirildi. Albaniya Respublikasının Baş naziri Edi Rama Prezident İlham Əliyevi, Zirvə toplantısında iştirak edən digər dövlət və hökumət başçılarını qarşıladı. Builki Zirvə toplantısında ümumilikdə 50-yə yaxın ölkədən dövlət və hökumət başçıları iştirak edirlər. Tədbirdə innovasiya, enerji və sənaye davamlılığına keçid yolu ilə rəqabətqabiliyyətli və iqtisadi təhlükəsizlik, miqrasiya, Avropanın yeni dünya kontekstində lider mövqe tutması kimi mövzular müzakirə olunur. “Avropa Siyasi Birliyi” təhlükəsizlik, iqtisadi sabitlik və demokratik idarəetmə kimi sahələrdə əməkdaşlığı gücləndirmək məqsədilə həm Avropa İttifaqı daxilində, həm də ondan kənarda kiçik və böyük ölkələr arasında siyasi, iqtisadi koordinasiyanı təşviq etməyə yönəlmiş hökumətlərarası platformadır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir.
Azərbaycanın Albaniyada keçirilən “Avropa Siyasi Birliyi” sammitində iştirakı ölkəmizin çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursunun daha bir uğurudur. Bu iştirak Azərbaycanın Avropa qitəsində dialoq və əməkdaşlığa verdiyi önəmi və təşəbbüskar mövqeyini bir daha nümayiş etdirir. Qeyd edilməlidir ki, ölkəmiz 2022-ci ildə Praqada keçirilən ilk toplantıdan etibarən “Avropa Siyasi Birliyi”nin bütün sammitlərində fəal iştirak edir. Dövlət başçısı İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirakı ölkəmizin xarici siyasətində davamlı uğurlarının və artan beynəlxalq nüfuzunun növbəti təzahürüdür. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son illərdə həm Şərq, həm də Qərb istiqamətində uğurlu diplomatik fəaliyyət həyata keçirərək çoxvektorlu xarici siyasət modelini müvəffəqiyyətlə reallaşdırır. Dövlət başçısı İlham Əliyevin Zirvə görüşü çərçivəsində Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşü oldu. Antonio Koşta və Ursula Fon der Lyayen Azərbaycanın Avropa İttifaqının vacib və etibarlı tərəfdaşı olduğunu bildirərək, ölkəmizin xüsusilə Avropanın enerjiyə ehtiyacı olan zaman göstərdiyi dəstəyi yüksək qiymətləndirdiklərini bildiridilər. Azərbaycanın Mərkəzi Asiya regionu ilə əlaqələri və Orta Dəhlizdə aparıcı rolu vurğulandı. Bununla yanaşı, ölkəmizin regionda və onun hüdudlarından kənarda sülhün və sabitliyin təmin olunmasında müxtəlif tərəflər arasında dialoqun aparılması üçün platforma rolu oynadığı da məmnunluqla qeyd edildi. Prezident İlham Əliyev Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrə mühüm əhəmiyyət verdiyini deyərək, ölkəmizin Avropanın enerji təhlükəsizliyində roluna toxundu. Dövlətimizin başçısı ölkəmizlə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivlərin olduğunu, bu gün Avropanın 10, o cümlədən Avropa İttifaqının 8 ölkəsinin enerji təminatında Azərbaycanın rolunu vurğuladı. Ölkəmizin Orta Dəhlizdə oynadığı vacib rola diqqət yönəldən Prezident İlham Əliyev bu dəhlizin inkişafı məqsədilə Azərbaycanda yaradılmış nəqliyyat infrastrukturuna qoyulmuş investisiyaları və bu istiqamətdə aparılan işləri qeyd etdi. Dövlətimizin başçısı Orta Dəhlizlə yüklərin daşınma həcminin artdığını da bildirdi. Söhbət zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentləri səviyyəsində Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyanın bərpaolunan enerji resurslarının ötürülməsi sahəsində imzalanmış strateji tərəfdaşlıq haqqında Sazişə, həmçinin Qara dənizin dibi ilə bərpaolunan enerji resurslarının ixracı üçün elektrik kabel xətti layihələrinə diqqət yönəldildi.
Təhlil əsasında belə bir ümumiləşdirməni apara bilərik ki, Azərbaycan bu gün Cənubi Qafqazın ən güclü dövlətidir. Ölkəmiz yalnız coğrafi mövqeyi baxımından deyil, real güc elementlərinə görə də regionda liderdir. Ərazi bütövlüyünün hərbi-siyasi vasitələrlə bərpası və suverenliyin tam bərqərar olunması Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi olmaqla yanaşı, həm də milli gücün bütün komponentlərinin sintez edilmiş şəkildə uğurla tətbiqinin bariz nümunəsidir. Azərbaycanın siyasi sabitliyi, inkişaf etmiş enerji və nəqliyyat infrastrukturu, regional əməkdaşlıq təşəbbüsləri və qlobal məsələlərə konstruktiv yanaşması onun beynəlxalq nüfuzunu xeyli artırıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli və milli maraqlara əsaslanan xarici siyasət kursu Azərbaycanın həm regional, həm də qlobal miqyasda etibarlı tərəfdaş, dialoq platforması və təşəbbüskar ölkə kimi çıxış etməsinə imkan yaradıb. Əməkdaşlıq məkanı kimi tanınan və nüfuz qazanan Azərbaycan 120 ölkənin sıralarında birləşdirən, BMT-dən sonra ikinci böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına 4 ililk sədrliyi ilə qazandığı zəngin təcrübəni bu gün istər ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlərdə, istərsə də üzvü olduğu qurumların beynəlxalq nüfuzunun artırılması istiqamətində atdığı addımlarda özünü nümayiş etdirir. Azərbaycanın beynəlxalq nüfuzu, bütün sahələrdə zəngin təcrübəyə malik olması, ən əsası sülhün, təhlükəsizliyin, əməkdaşlığın tərəfdarı olması və bunu atdığı addımlarda təsdiqləməsi iqtisadi, siyasi, humanitar, diplomatik mərkəz kimi nüfuz qazanmasında əhəmiyyətli rol oynayır.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-05-2025