Mobil versiya
Prezident İlham Əliyev: “Bu, əslində, Vyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldıran bir sənəddir”.
Tarix: 12-05-2025 | Saat: 19:50
Bölmə:Özəl | çapa göndər

Prezident İlham Əliyev: “Bu, əslində, Vyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldıran bir sənəddir”.

SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyən Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri isə gələcək ikitərəfli əlaqələrin möhkəm arxitekturasını formalaşdırıb. Məhz bu səfər ictimai-mədəni, elmi-humanitar əlaqələrin qurulmasında dayanıqlı təmələ çevrilib.
Müstəqil Azərbaycanın xarici siyasətində Cənub-Şərqi Asiya ölkələri ilə münasibətlərin möhkəmlənməsi kontekstində Vyetnama önəm verilməsi də xoş tarixi ənənəyə söykənir. Həmin möhkəm tarixi təməllərə əsaslanan dostluq münasibətləri yarım əsrdən artıq müddətdə öz dinamikasını qoruyub saxlamaqla yanaşı, son 30 ildə yeni siyasi mərhələyə daxil olub.
Dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri iki dövlət arasında münasibətlərdə yeni səhifə açıb. Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət səfəri və 2015-ci ildə Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın Azərbaycan Respublikasına rəsmi səfəri münasibətlərin ruhunu büsbütün dəyişərək gələcək inkişafa güclü təkan verib.
Mayın 7-də Azərbaycan və Vyetnam arasında münasibətlər yeni strateji mərhələyə qədəm qoydu. Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana rəsmi səfəri ortaq tarixi köklərə, dərin qarşılıqlı hörmətə və üst-üstə düşən milli maraqlara söykənən münasibətlərin strateji dərinliyə və tükənməz potensiala malik olduğunun parlaq və əyani təsdiqi kimi tarixə yazıldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın iştirakı ilə imzalanan "Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat" və müxtəlif sahələri əhatə edən digər çoxsaylı fundamental sənədlər tərəfdaşlığın konkret hədəflərini və prioritet istiqamətlərini, qarşılıqlı faydalı əməkdaşlığın geniş üfüqlərini müəyyənləşdirdi.
Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam ilə mətbuata bəyanatlarla çıxışı zamanı qeyd etdiyi kimi: “Yəni bu gün bir çox istiqamətlər üzrə apardığımız müzakirələr əsnasında görürük ki, fikir ayrılığı yoxdur. Əksinə, biz demək olar ki, vahid mövqedən çıxış edirik. Baxışlarımızda da bir çox oxşarlıq var. Baxmayaraq ki, aramızdakı məsafə kifayət qədər uzundur, bizi birləşdirən nəqliyyat infrastruktur layihələri haqqında da bu gün danışdıq. Biz həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizləri vasitəsilə qarşılıqlı ticarəti stimullaşdıra bilərik. Bir sözlə, əminəm ki, səfərin çox gözəl nəticələri olacaq. Bizim hörmətli qonağımız ilk dəfədir ki, Azərbaycanda səfərdədir. Səfər vaxt baxımından qısa olsa da, məzmun nöqteyi-nəzərindən kifayət qədər zəngindir. Bu gün bizim işimiz davam etdiriləcək. Sabah da hörmətli Baş katibin səfəri davam edəcək. Əminəm ki, öz vətəninə Azərbaycandan ən xoş təəssüratlarla qayıdacaq”.
Qeyd edək ki, Azərbaycan ilə Vyetnam arasında aşağıdakı sənədlər imzalanmışdır
“Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat”;
“Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Sənaye və Ticarət Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;
“Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Milli Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu";
“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Ədliyyə Nazirliyi arasında 2025-2027-ci illər üçün Əməkdaşlıq Proqramı”;
“Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Sənaye – Enerji Qrupu (“PetroVietnam”) arasında Anlaşma Memorandumu”;
“SOCAR Trading Singapore PTE LTD” ilə “Binh Son Refining and PetrochemicaI JSC” arasında Anlaşma Memorandumu”;
“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Elm və Texnologiya Nazirliyi arasında elm, texnologiya, innovasiya və rəqəmsal inkişaf sahələrində Anlaşma Memorandumu”;
“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Mədəniyyət, İdman və Turizm Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;
“Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Vyetnam Dövlət Qeydiyyatı və Arxiv İdarəsi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;
“Azərbaycan Dövlət İnformasiya Agentliyi ilə Vyetnam İnformasiya Agentliyi arasında əməkdaşlıq Sazişi”;
“Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Vyetnam Sosialist Respublikasının Milli Sahibkarlıq Assosiasiyası (VİNEN) arasında Birgə Biznes Şurasının yaradılması haqqında Anlaşma Memorandumu”.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-05-2025