Mobil versiya
Novruzəli Aslanov: “Azərbaycan-Vyetnam əməkdaşlıq əlaqələri bütün sahələrdə uğurla inkişaf edir və genişlənir”
Tarix: 07-05-2025 | Saat: 16:55
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Novruzəli Aslanov: “Azərbaycan-Vyetnam əməkdaşlıq əlaqələri bütün sahələrdə uğurla inkişaf edir və genişlənir”

“Azərbaycanın durmadan yüksələn beynəlxalq nüfuzu ölkəmizlə əməkdaşlıq əlaqələrini qurmaqda və genişləndirməkdə maraqlı olan dövlətlərin sayının getdikcə artmasında da bu gün özünü aydın şəkildə göstərir. Azərbaycanla əməkdaşlıq əlaqələrinin yeni, daha yüksək mərhələyə keçid ərəfəsində olduğu belə ölkələrdən biri də Vyetnam Sosialist Respublikasıdır. Diqqətəlayiq haldır ki, Azərbaycan-Vyetnam əlaqələrinin möhkəm təməli uzun illər bundan əvvəl, ölkəmizin hələ keçmiş Sovetlər İttifaqının tərkibində mövcud olduğu dövrdə baş tutmuş iki tarixi səfərlə qoyulmuşdur. İlk dəfə 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycan SSR-ə səfər etmişdi. 1983-cü ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev Vyetnamda səfərdə olmuşdur. Əlbəttə ki, ölkələrimiz arasında dövlət başçıları səviyyəsində səfərlər Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra da baş tutub. 2014-cü ildə cənab prezident İlham Əliyevin Vyetnama dövlət səfəri ölkələrimiz arasındakı münasibətlər tarixində yeni səhfə açmış, əlaqələrin bütün sahələr üzrə əməkdaşlığın inkişafına güclü təkan vermişdir. Bundan bir il sonra, 2015-ci ildə Vyetnam Sosialist Respublikasının Prezidenti Truong Tan Sangın Azərbaycana rəsmi səfəri isə Azərbaycan ilə Vyetnam arasında qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsi və dərinləşməsinə əlverişli zəmin yaratmışdır. Nəticədə son illər ərzində iki ölkə arasında çoxşaxəli əməkdaşlıq qurulmuşdur.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Fikirlərini davam etdirən millət vəkili daha sonra cənab Prezident İlham Əliyevin may ayının 6-da “Vietnam News Agency” agentliyinə verdiyi müsahibədə toxunduğu məqamların əhəmiyyətini vurğulayaraq bunları deyib: “Möhtərəm dövlət başçımız öz müsahibəsində Azərbaycan-Vyetnam münasibətlərinin inkişaf perspektivləri barədə önəmli fikirlər səsləndirdi. Bu baxımdan əlbəttə ki, müxtəlif sahələrdə əməkdaşlığın inkişafı, qarşılıqlı fəaliyyətin yeni istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə yaradılmış iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının fəaliyyəti xüsusi önəm kəsb edəcək. Qeyd olundu ki, əməkdaşlığın genişləndirilməsi üçün yeni sahələrin müəyyənləşdirilməsi məqsədilə ölkələrimiz arasında Xarici işlər nazirliklərinin xətti ilə mütəmadi olaraq siyasi məsləhətləşmələr aparılır. Bundan başqa, hər iki ölkənin parlamentlərində parlamentlərarası əlaqələr üzrə işçi qrupları fəaliyyət göstərir. Azərbaycan ilə Vyetnam ən böyük beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı və BMT çərçivəsində səmərəli əməkdaşlıq edirlər. Çox önəmli məqamlardan biri də budur ki, Heydər Əliyev Fondu artıq bir neçə ildir ki, Vyetnamda fəal surətdə layihələr həyata keçirir. O cümlədən 2018-ci ildə Ha Giang əyalətində ibtidai məktəb binası Fond tərəfindən inşa edilib. Bu ilin aprel ayında isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnama səfəri çərçivəsində vitse-prezident Vo Ti An Suan, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsi Baş katibinin xanımı No Fon Li, yaradıcılıq sənayesinin nümayəndələri, Hanoy Ticarət və Turizm Kollecinin rəhbərləri, həmçinin Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla görüşüb. Görüş çərçivəsində Hanoy Ticarət və Turizm Kollecinə Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə bağlı sertifikat təqdim edilib. Bütün bunlar bir daha deməyə əsas verir ki, bu gün Azərbaycanla Vyetnam arasında münasibətlər bütün əsas sahələr üzrə uğurla inkişaf edir, genişlənir” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-05-2025