Mobil versiya
Gələcək inkişafın əsasını müəyyən edən siyasət
Tarix: 28-04-2025 | Saat: 14:08
Bölmə:Siyasət / Özəl | çapa göndər

Gələcək inkişafın əsasını müəyyən edən siyasət

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çin Xalq Respublikasına rəsmi səfəri, səfər çərçivəsində imzalanan sənədlər son günlərin ən çox müzakirə edilən məsələlərindən biri olmuşdur. Qloballaşmanın, eyni zamanda qütbləşmənin yeni forma aldığı bir zamanda dünyanın iqtisadi nəhənglərindən biri olan Çinlə münasibətlərin yüksək səviyyədə qurulması ölkə başçısının çevik və düşünülmüş siyasətinin tərkib hissəsidir.
2025-ci il aprelin 25-də Çinin CGTN telekanalına verdiyi müsahibədə cənab İlham Əliyev bu münasibətlərin inkişaf perspektivlərinə, siyasi həyata verdiyi töhfənin ayrı-ayrı aspektlərindən danışaraq bu səfəri yüksək qiymətləndirmişdir: “Sonuncu görüşümüzdən bir ildən az vaxtın keçməsinə baxmayaraq, bu gün biz Sədr Si ilə Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələrinin Qurulması Haqqında Birgə Bəyanatı imzaladıq. Beləliklə, münasibətlərimizi daha yüksək səviyyəyə qaldırdıq. Bununla yanaşı, bir çox sahəni əhatə edən 20-dən artıq sənəd imzalandı. Bir sözlə, mən deyərdim ki, münasibətlər əladır. Səfər də, həmçinin”.
Ölkəmizin başçısı müsahibəsində qeyd edib ki, Azərbaycan ikitərəfli, bərabərhüquqlu əlaqələrə daim üstünlük verib və bu siyasi xətt dəyişməz olaraq qalır. Hər bir dövlətin ərazi bütövlüyünə hörmətlə yanaşan dövlətimiz “vahid Çin” siyasətini dəstəkləyir və Tayvanda keçirilən qanunsuz seçkiləri tanımır. Separatizmdən ən çox əziyyət çəkən bir ölkə kimi bizim mövqeyimizin aydın xətti daim seçilir. Çinlə imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələrinin Qurulması Haqqında Birgə Bəyanatın mətnində bu məsələyə diqqətin yönəldildiyini nəzərə çatdıran cənab Prezident demişdir: “Biz “Vahid Çin” siyasətini qətiyyətlə dəstəkləyirik. Tayvanda qeyri-qanuni seçkiləri ictimaiyyət qarşısında açıq şəkildə pisləyən ilk ölkələr sırasında olmuşuq. Bəyanatın digər hissəsi ticarət, daşımalar, xalqlararası əlaqələr, humanitar tərəfdaşlıq kimi çox sayda məsələləri əhatə edir və əlbəttə ki, bu addım birgə təşəbbüsümüzdür. Beləliklə, həmin sənədin mahiyyəti çox əhəmiyyətlidir. Buna görə həmin ölkə ilə Bəyanatın imzalanması Azərbaycan üçün həqiqətən mühüm nailiyyətdir.”
Regional təhlükəsizlik və sabitlikdə ölkəmizin maraqlı olduğunu, bir sıra beynəlxalq layihələrdə fəal iştirakımızı qeyd edən ölkə başçısı bildirib ki, Sədr Si ilə görüşdə bu və digər məsələlərin müzakirəsi çox əhəmiyyətli olmuşdur. Sədr Sinin təşəbbüsü olan layihələri yüksək qiymətləndirən cənab Prezident İlham Əliyev onunla söhbətlərin maraqlı olduğunu bildirmişdir: “. Bildiyiniz kimi, Azərbaycan Sədr Sinin inkişaf, təhlükəsizlik və sivilizasiyalar ilə bağlı bir neçə təşəbbüsünə qoşulub. Biz onun mövqeyinə şərikik. “Bir kəmər, bir yol” təşəbbüsünü açıq şəkildə dəstəkləmiş və sonradan qoşulmuş ilk ölkələrdən biri də bizik və öz ölkəmizdə xeyli infrastruktur layihələrini həyata keçirmişik. Həqiqətən, onunla görüşmək hər zaman xoşdur. O, dünyanın ən güclü ölkələrindən birinin rəhbəridir, lakin, eyni zamanda, çox təvazökar, çox mehriban insandır. O, elə bir mühit yaradır ki, siz onunla söhbət edəndə sanki köhnə dostunuzla danışırsınız.”

Ölkəmizin başçısı Çinin keçdiyi tərəqqi yolunun bizim üçün ilham mənbəyi olduğunu qeyd edərək hakimiyyətə gəldiyi ilk gündən əsas məqsədinin ölkədə siyasi və sosial sabitliyi qorumaq, ölkəni yoxsulluqdan çıxarmaq olduğunu bildirmiş və qeyd etmişdir ki, bu yol heç də asan olmamışdır. Yersiz müdaxilələr, yürütdüyümüz siyasətə təsir göstərmək cəhdləri, müxtəlif Qərb dairələri tərəfindən daxili işlərimizə müdaxilələr ciddi problemlər yaradırdı. Belə bir vəziyyətdə siyasi sabitliyi və təhlükəsizliyi qorumağın bir nömrəli vəzifə olduğunu bildirən cənab Prezident sonda bütün çətinliklərin arxada qaldığını bildirmişdir: “Sonra biz güclü iqtisadiyyat qurmağa başladıq. Bu gün Azərbaycanın xarici borcu ÜDM-in 7 faizindən azdır. Bizim mübadilə olunan valyuta ehtiyatlarımız xarici borcumuzdan 14 dəfə çoxdur. İşsizlik, yoxsulluq səviyyəsini 5 faizə endirdik, iqtisadiyyatımızı şaxələndirdik. Yaşıl gündəlik bizim üçün əsas prioritetlərdəndir. Çin burada çox mühüm rol oynayır. Çünki Azərbaycanda quraşdırılmış Günəş panelləri Çində istehsal olunub.”
Çinlə olan münasibətlərdə səmimi və əməkdaşlıqda maraqlı olduğumuzu göstərən faktlardan biri də hələ keçən il Çin vətəndaşlarının Azərbaycana gəlişinə viza tələbinin aradan qaldırıldığını bildirən ölkə başçısı, ölkələr arasında əlaqələrin daha çox olmasının əhəmiyyətli olduğunu bildirmişdir. “Çünki, bəli, biz siyasi qərarlar qəbul edirik, strateji tərəfdaşlarıq. Biz liderlər və hökumətlər olaraq dostuq. Lakin bizim xalqlarımızın da daha çox yaxınlaşmasına, onların da dost olmasına ehtiyacımız var.”
Cənab İlham Əliyev bu gün rəqəmsallaşma ilə əlaqədar Çindən Azərbaycan vasitəsilə Qara dənizə yüklərin daşınma müddəti cəmi 10 gündən 12 günə endirildiyini qeyd edərək ötən il Çinlə Azərbaycan arasında tranzit daşımalarında 86 faiz artım olduğunu və Azərbaycan vasitəsilə nəqliyyat marşrutları həqiqətən də bu gün mövcud olan digər marşrutlar arasında ən təhlükəsiz, ən qısa və ən cəlbedici marşrutlardan biri olacağını bildirmişdir.
Cənab Prezident İlham Əliyevin müsahibəsinə səslənən fikirlər bir daha deməyə əsas verir ki, ölkəmiz, onun müdrik rəhbəri öz siyasətində ardıcıldır, o ölkələrlə əlaqələr inkişaf etdirilir ki, həmin ölkələr bizi bərabər tərəf kimi tanıyır və qəbul edir. Həmçinin ölkəmizin suveren və müstəqil siyasət yürütdüyü, milli maraqların bu siyasətdə önə çəkildiyi artıq dünya tərəfindən qəbul və dərk edilmişdir. Məhz bu siyasət Azərbaycanın gələcək inkişafında mühüm əhəmiyyət daşıyacaqdır.

İlqar Kərimov,
YAP Tovuz rayon təşkilatının sədr müavini




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-04-2025