Mobil versiya
Prezident İlham Əliyev: “Biz suverenliyimizi və ərazi bütövlüyümüzü özümüz bərpa etdik”.
Tarix: 18-03-2025 | Saat: 15:47
Bölmə:Özəl | çapa göndər

Prezident İlham Əliyev: “Biz suverenliyimizi və ərazi bütövlüyümüzü özümüz bərpa etdik”.

Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də Bakı Qlobal Forumu çərçivəsində «Euronews» televiziyasına müsahibə verib. Ölkəmizin başçısı müsahibədə vurğulayıb ki, indi dünya nizamı artıq əvvəlki formasında mövcud deyil və yeni qaydaların müəyyənləşdirilməsi prosesi gedir. Yəni, beynəlxalq ictimaiyyət hələ də yeni qarşılıqlı əlaqə konfiqurasiyasını tam müəyyən edə bilmir.
Prezident müsahibəsində bu məsələyə toxunaraq bildirib ki, ölkələr artıq beynəlxalq hüquqa və xarici yardımlara arxalanmadan, öz daxili imkanlarına güvənməlidirlər: « Azərbaycan beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olsa da, məhz daxili resurslarına əsaslanaraq öz inkişaf yolunu müəyyənləşdirib və bu, gələcək üçün də önəmli model olacaq.» O da məlumdur ki, qlobal transformasiya dövründə beynəlxalq təşkilatların təsir gücü getdikcə azalır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bəzi beynəlxalq təsisatlar ya öz zəifliyini nümayiş etdirir, ya da tamamilə fəaliyyətsiz hala düşüblər. Bu səbəbdən də ölkələr beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan daha çox ikitərəfli münasibətlərə üstünlük verməyə başlayırlar. Gələcəkdə baş verəcək hadisələr bu tendensiyanın hansı istiqamətdə inkişaf edəcəyini müəyyən edəcək. Bəli, məhz müsahibədə vurğulandığı kimi, indi elə bir dövr gəlib ki, hər bir dövlət öz gücünə arxalanmalıdır. Əks halda nizamı pozulmuş bu dünyada yalnız haqq və ədalətə güvənmək ciddi təhlükələr yarada bilər.
Məlumdur ki, tarixən Cənubi Qafqazda regional təhlükəsizlik sisteminin qurulması üçün dəfələrlə cəhdlər edilib. Lakin heç vaxt uğurlu nəticələr əldə olunmayıb. Məhz Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra regionda sülh və təhlükəsizlik üçün real imkanlar yaranıb. 2020-ci ilə qədər dövlətimiz keçmiş münaqişə vəziyyətini dinc vasitələrlə həll etmək üçün qətiyyətli mövqe sərgiləyirdi. Ötən 17 ildə Prezident İlham Əliyev Ermənistana və onun havadarlarına təsir göstərmək üçün ayrı-ayrı beynəlxalq təşkilatlara çağırışlar edirdi. Lakin bu çağırışlara diqqət yetirən yox idi. Əksinə, bildirilirdi ki, guya münaqişənin hərbi həll yolu yoxdur. Bununla da onlar münaqişəni uzatmaqla Ermənistana işğal etdiyi Azərbaycan torpaqlarında möhkəmlənməyə şərait yaradırdılar.
Təbii ki, Prezident İlham Əliyev nəticəsiz danışıqları sonsuzluğa qədər davam etdirməyəcəyini bildirirdi və belə də oldu. Özünü tam cəzasızlıq şəraitində hiss edən Ermənistanın növbəti təxribatlarının qarşısı alınmaqla yanaşı, torpaqlarımızın işğaldan azad olunması əməliyyatlarına da başlandı və 44 gün ərzində erməni işğalının nəticələri əhəmiyyətli dərəcədə aradan qaldırıldı. 2023-cü ilin sentyabrın 19-da isə birgünlük lokal antiterror tədbirləri nəticəsində Qarabağdakı terrorçu və separatçı xuntanın ləğvi gerçəkləşdirildi. Beləliklə, Azərbaycan Ordusu öz qüdrətini, Ali Baş Komandan İlham Əliyev isə öz iradəsini, əsl sərkərdəlik bacarığını bütün dünyaya nümayiş etdirdi.
Azərbaycan dövləti ərazilərini işğaldan azad etdikdən və ərazi bütövlüyünü təmin etdikdən sonra bölgədə yeni reallıqlar formalaşdı. Artıq bu reallığı dəyişəcək güc mövcud deyil. Çünki burada şərtləri diktə edən bizik. Xüsusilə qürurverici haldır ki, Azərbaycan Prezidenti dünyanın ümumi vəziyyətinə təsir etmək gücündə olan dövlət başçıları ilə eyni sıradadır. Ölkəmizin hazırkı nüfuzu və mövqeyi həm tarixi Qələbəmizi və həm də ümumilikdə milli maraqlarımızı inamla qorumağa imkan verir.
Eyni zamanda, Prezident İlham Əliyev bütün geosiyasi hədəflərinə böyük hərbi-siyasi gedişlər etməklə çatmağı bacarır. Xüsusilə Ermənistan üzərindən ölkəmizə qarşı qurulan bütün təhlükəli oyunların qarşısı alınır. Bir sözlə, bu gün Prezident İlham Əliyevin qarşıya qoyduğu ümummilli hədəflər dövlətimizi daha da güclü etməklə onun beynəlxalq proseslərə təsir imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-03-2025