Mobil versiya
"Azərbaycan və Şimali Makedoniya arasında əlaqələrə inkişaf edir" - Eltun Süleymanov
Tarix: 11-03-2025 | Saat: 18:22
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

"Azərbaycan və Şimali Makedoniya arasında əlaqələrə inkişaf edir"

Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova mətbuata bəyanatlarla çıxış ediblər. Əvvəlcə deyim ki, Azərbaycan Şimali Makedoniya ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir. 25 iyun 1995-ci il tarixdə Şimali Makedoniya Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər isə 28 iyun 1995-ci ildə qurulmuşdur. Onu da vurğulayım ki, 44 günlük müharibədə qələbədən sonra Azərbaycanın dünya miqyasında mövqeyi xeyli güclənib. Dünyanın müxtəlif coğrafiyalarında Azərbaycanın alternativ və ənənəvi enerji məhsullarına maraq da artıb. Son illər ərzində Azərbaycan dövlət başçısı Mərkəzi və Şərqi Avropa ölkələrinin əksəriyyətinə səfərlər edib. Bakı Avropa Kommisiyası ilə enerji təhlükəsizliyi sahəsində anlaşma imzaladıqdan sonra Avropa İttifaqına üzv ölkələrin 1/3 ilə strateji partnyorluğa malikdir. Azərbaycanın bir çox qlobal neft və qaz layihələri Şimali Makedoniyanın maraq dairəsindədir. Həmçinin, Cənub Qaz Dəhlizi, TANAP layihələrində ölkəmizin əməkdaşlıq etdiyi ölkələrin bir çoxunun da Şimali Makedoniya ilə yaxın əlaqələri mövcuddur. Bakı ilə Skopye arasında əməkdaşlıq ölkəmizin Qərbdə özəlliklə güclənən enerji təhlükəsizliyindəki mövqeyi və rolunu bir daha ifadə etmiş olur. Azad etdiyimiz torpaqlarda yeni layihələr həyata keçirilir. Bu mənada həm enerji təhlükəsizliyi, həm də azad etdiyimiz ərazilərdə həyata keçiriləcək beynəlxalq səviyyəli layihələr məsələsi Azərbaycanla Makedoniyanı bir-birinə sıx tellərlə bağlayır.

 Bu sözləri aia.az-a açıqlamasında Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.


Müsahibimiz deyib ki, hər iki dövlət başçısının mətbuata verdiyi bəyanatda bir sıra ciddi məsələlər səsləndirilib. Cənab Prezident İlaham Əliyev mətbuata verdiyi bəyanatda deyib: “Noyabr ayında görüş əsnasında mən Sizi Azərbaycana rəsmi səfərə dəvət etmişəm və şadam ki, mənim dəvətimi qəbul edib bu gün rəsmi səfərdəsiniz. Biz ikitərəfli münasibətlərimizin inkişafı üçün fəal iş aparırıq. Şadam ki, ölkələrimiz arasında siyasi dialoq dinamik xarakter alır. Bizim xanım Prezidentlə ikinci görüşümüz qısa müddət ərzində bunun əyani sübutudur. Siyasi əlaqələrimizin inkişafı üçün əlavə tədbirlər görülməlidir, müvafiq dövlət qurumları təbii olaraq sıx təmasda olmalıdırlar. Eyni zamanda, iqtisadi sahədə, sərmayə qoyuluşu sahəsində imkanlar araşdırılmalıdır. Əfsuslar olsun ki, bu günə qədər ticari-iqtisadi sahədə o qədər böyük nəticələr əldə edilməyib. Ancaq ümid edirəm ki, Sizin rəsmi səfərinizdən və nümayəndə heyətlərinin təmaslarından sonra biz bu boşluğu da dolduracağıq”. Prezident İlham Əliyev onu da deyib ki, “Son ayların müsbət əlaməti də ondan ibarətdir ki, iki ölkə energetika sahəsində əməkdaşlığa başlamışdır. Azərbaycan qazı artıq Şimali Makedoniyanın bazarına çatdırılmışdır və bu, keçən ilin sonlarında baş verdi, bu il artıq müntəzəm olaraq Azərbaycan sizin bazarınızı təbii qazla təmin edəcəkdir. Gələcəkdə biz lazım olan həcmdə qaz təchizatını artıra bilərik. Çünki biz bu gün yeni qaz yataqlarının istismara verilməsi istiqamətində fəal iş aparırıq. Bildirməliyəm ki, hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bizim müştərilərimizin coğrafi yerləşməsi də Avrasiya məkanını əhatə edir. On iki ölkədən 10 ölkə Avropa ölkəsidir. Keçən il Azərbaycan xarici bazarları 25 milyard kubmetr qaz ilə təchiz etmişdir. Təbii ki, bizim istehsalımız bundan daha çoxdur. Çünki biz yerli tələbatı da ödəyirik. Ancaq əhatə dairəsi, qaz təchizatımızın coğrafiyasının genişləndirilməsi də gündəlikdə duran məsələdir. Avropa Azərbaycan qazına ehtiyac duyur. Təxminən üç il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsi bunun əyani təzahürüdür. Bu gün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir və Avropadakı tərəfdaşlarımızın xahişlərinə biz hər zaman böyük diqqətlə yanaşmışıq. Yəni, energetika sahəsində ikitərəfli formatda əməkdaşlıq bizim üçün çox önəmlidir və mən ümid edirəm ki, bu praktiki əməkdaşlıq digər sahələrdə də əməkdaşlığa gətirib çıxaracaq”. Göründüyü kimi əlaqələrin inkişafında ciddi irəliləyiş və dinamik inkişaf var. Prezident İlham Əliyev onu da bildirib ki, “Mən xatırlayıram ki, keçən səfəriniz çərçivəsində Siz Azərbaycanın mədəni həyatı ilə də tanış olmusunuz və bilirəm, sabahkı proqramınızda da buna oxşar tədbirlər var. Biz bunu çox müsbət qarşılayırıq, bunu alqışlayırıq. Xalqlarımızın humanitar sahədə əməkdaşlığına da böyük ehtiyac var. Şadam ki, Siz, eyni zamanda, XII Qlobal Bakı Forumunda iştirak edəcəksiniz. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan bu Forum dünya miqyasında layiqli yerini tuta bilib. Əlbəttə ki, Sizin dəyərli fikirləriniz, tövsiyələriniz hamı üçün maraqlı olacaq. Siz bizim tələbələrimizlə də görüşəcəksiniz. Buna görə də Sizə təşəkkürümü bildirirəm. Sizin siyasi və dövlət xadimi kimi çox böyük təcrübəniz var. Siz beynəlxalq təşkilatlarda yüksək vəzifələrdə çalışmısınız, eyni zamanda, ölkənizdə müxtəlif mərhələlərdən keçərək ən yüksək vəzifəyə layiq görülmüsünüz. Ona görə Sizin dəyərli fikirləriniz hamımız üçün çox maraqlı ola bilər”. Bütün bunlar bir daha Azərbaycanın dünyada tanınması, dayanıqlı əlaqələrin uğuru deməkdir. Ən əsası isə cənab Prezidentin apardığı xarici siyasətinin uğurlu inkişafıdır-deyə E. Süleymanov fikrini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-03-2025