Mobil versiya
Azər Məmmədov: “Azərbaycan - Türkiyə birliyi bütün Türk dünyasının güclənməsinə xidmət edir”
Tarix: 11-03-2025 | Saat: 09:30
Bölmə:Siyasət / Özəl | çapa göndər

Azər Məmmədov: “Azərbaycan - Türkiyə birliyi bütün Türk dünyasının güclənməsinə xidmət edir”

Artıq xəbər verildiyi kimi, cari ilin mart ayının 5-də Azərbaycan və Türkiyə Prezidentləri İğdır-Naxçıvan qaz kəmərinin Ankarada keçirilmiş videobağlantı formatında açılış mərasimində iştirak ediblər.

Bu hadisəni şərh edən aia.az saytının baş redaktoru Azər Məmmədovun fikrincə İğdır-Naxçıvan qaz kəmərinin istifadəyə verilməsi Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin daha da dərinləşməsi və möhkəmlənməsi baxımından mühüm tarixi əhəmiyyət kəsb edir. Media təmsilçisi öz fikirlərini əsaslandırmaq üçün mühüm amillərdən biri kimi Türkiyə ilə Azərbaycan arasındakı etibarlı tərəfdaşlıq əlaqələrinin bütün Avrasiya məkanı üçün çox böyük önəm kəsb etməsini diqqət mərkəzinə çəkib: “İğdır-Naxçıvan qaz boru kəmərinin təməli 2023-cü il sentyabr ayının 25-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və həmin tarixdə ölkəmizdə, Naxçıvanda səfərdə olan Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qoyulmuşdur. Təbii ki, bu layihənin icrası Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin etməklə iki qardaş ölkə arasında əlaqələrin inkişafına yeni təkan verəcək. Həmin tarixi gündən tam bir il yarım keçməmiş, iki qardaş ölkənin dövlət başçılaraı artıq qaz kəmərinin açılışını etdilər. Məlumdur ki, ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanla Türkiyə arasında bütün istiqamətlərdə, o cümlədən iqtisadi və ticari sahələrdə əlaqələr də formalaşmağa başladı. Azərbaycan və Türkiyə həmişə bir-birinə həm siyasi, həm də iqtisadi cəhətdən dəstək göstəriblər. Bu gün dünyada enerji təhlükəsizliyi məsələsi bütün ölkələr üçün faktiki olaraq milli təhlükəsizlik məsələsinə çevrilib. Bu səbəbdən də Türkiyə ilə Azərbaycan arasındakı etibarlı tərəfdaşlıq bir çox mühüm sahələri əhatə etməklə bütün Avrasiya məkanı üçün çox böyük önəm kəsb edir. Səmimi qardaşlıq münasibətləri sayəsində Türkiyə və Azərbaycanın enerji perspektivləri və enerji təhlükəsizliyi hər iki tərəf üçün prioritet şəkildə inkişaf etməkdədir. Martın 5-də keçirilmiş onlayn açılış mərasimində etdiyi çıxışında cənab Prezident İlham Əliyevin dediyi kimi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi neft-qaz boru xətləri layihələri nəinki ölkələrimizi birləşdirdi, eyni zamanda, Avrasiyanın enerji xəritəsini dəyişdirdi. Hazırda Türkiyədən başqa 10 Avropa ölkəsi Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini gücləndirir.”

Azər Məmmədovun təhlilində yer alan maraqlı məqamlardan biri də Naxçıvanın yaşıl enerji ehtiyatları ilə əlaqədar səsləndirdiyi fikirlə bağlıdır. Bu məsələnin artıq dövlətin xüsusi diqqət mərkəzində olduğunu vurğulayan baş redaktor bildirib ki, Muxtar Respublikanı yaxın gələcəkdə yaşıl enerji ixracatçısına çevrilməsi artıq yalnız zaman məsələsidir: “Məlum olduğu kimi, 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Qərbi Zəngəzur Azərbaycandan ayrılmışdır və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında coğrafi bağlantı kəsilmişdir. Açılış mərasimində etdiyi çıxışında bu məsələyə toxunan cənab Prezident İlham Əliyev bildirmişdir ki, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini aparmağa başlayanda Naxçıvana qarşı da onların ərazi iddiaları var idi. Naxçıvanda da şiddətli döyüşlər gedirdi və məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan düşməni yerinə oturtdu və öz ərazisini qoruya bildi. Lakin həmin dövrdə Naxçıvanın enerji təminatı da Azərbaycanın əsas hissəsindən gəlirdi. Bundan istifadə edən Ermənistan bütün elektrik və qaz xətlərini kəsmiş və Naxçıvan 15 il qazsız yaşamalı olmuşdur. Yalnız 2005-ci ildə İran İslam Respublikası ilə imzalanmış anlaşmaya görə, mübadilə yolu ilə İrandan Naxçıvana qazın verilməsi təmin edilmişdir. İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi isə ikinci xətt vasitəsilə Naxçıvana təbii qazın verilməsinə şərait yaradacaq. Bununla belə cənab Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi iqtisadi siyasət kursu Muxtar Respublikanı yaxın gələcəkdə enerji ixracatçısına çevirəcək. Dövlət başçımızın bəyan etdiyi kimi, Naxçıvanda neft və qaz olmasa da, burada yaşıl enerji istehsalı üçün böyük potensial var. Eyni zamanda da cənab Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan ilə Türkiyənin birgə həyata keçirdikləri logistik layihələrin də potensialı çox böyükdür və mövcud imkanları dəfələrlə artırmaq mümkündür. Bu gün Türkiyəni Azərbaycanla birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu böyük bir coğrafiya üçün çox mühüm üstünlüklərə malikdir. Beləliklə, Türkiyə ilə Azərbaycan arasındakı birlik və qardaşlıq bütün Türk dünyasına böyük bir töhfədir.”



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-03-2025