Mobil versiya
Təhsil sistemində psixoloji xidmət zamanı həyata keçirilən psixoloji maarifləndirmə işi
Tarix: 10-03-2025 | Saat: 14:42
Bölmə:Özəl | çapa göndər

Təhsil sistemində psixoloji xidmət zamanı həyata keçirilən psixoloji maarifləndirmə işi

Müəllim və tərbiyəçinin peşəkar fəaliyyətinin səmərəliliyi onların peşə mühiti ilə yanaşı pedaqoji ünsiyyət bacarıqlarının, şagirdlərin yaş və psixoloji xüsusiyyətləri haqqında biliklərinin səviyyəsindən, başqa sözlə desək, peşə səriştəliliyindən əhəmiyyətli dərəcədə asılıdır. Müasir dövrdə milli təhsil sistemimiz nəticəyönümlü və şəxsiyyətyönümlü strategiya üzrə inkişaf etməkdədir. Bu prosesdə psixoloji komponent vacib amillərdən biri kimi ciddi nəzərə alınmalıdır. Hələ 19-cu əsrdə təhsildə bu amilin rolunu yüksək qiymətləndirən Rus ədibi, tənqidçisi Belinski yazırdı: "Psixologiyaya əsaslanmayan pedaqogika, anatomiyanın mövcudluğundan xəbəri olmayan fiziologiya kimi yoxsuldur".

Təhsil sistemində praktik psixoloji xidmət şəbəkəsinin genişlənməsi zəruri təlabat və reallıqdır. Uzun müddət peşəkar pedaqoji sahədə çalışan müəllimlər ixtisasartırma və təkmilləşdirmə kursları vasitəsilə psixologiya elmindəki yeniliklərlə tanış olsalar da,indi bu sahədə işin ağırlığı əhəmiyyətli şəkildə məktəb psixoloqunun üzərinə düşür. Onun iş sistemində müəllimlər arasında aparılan psixoloji maarifləndirmə işləri müəyyən yer tutur. Bu istiqamətdə aparılacaq işlərin sistemində aşağıdakı məsələlər diqqət mərkəzində saxlanılmalıdır.
-müəllimlərin ümumi psixoloji savadının yüksəldilməsinə kömək etmək;
-şəxsiyyətin inkişafı prosesini öyrənmək üçün asan diaqnostik metodları mənimsəməkdə onlara kömək göstərmək;
-şagirdlərin və şagird kollektivinin psixi inkişafında müşahidə olunan qüsurların aradan qaldırılmasında psixoloji biliklərə istinad edilməsini təmin etmək.
Pedaqoji konsiliumların təşkili və keçirilməsində psixoloq öz mütəxəssis mövqeyini ortaya qoymağı bacarmalı, şagirdlər haqqında məlumatların yalnız müəllimlərdən deyil, müxtəlif mənbələrdən əldə edilməsinin mümkünlüyünü və zəruriliyini əsaslandırmağı bacarmalıdır. Psixoloqun müəllimlərlə işinin əsas məqsədi pedaqoji prosesin hər bir uşağın azad inkişafı mühitinə çevrilməsinə yardım göstərməkdən, təlim-tərbiyə prosesində hər bir uşağın fəaliyyətinin, maraq və meyllərinin formalaşmasına əlverişli zəmin yaratmaqdan ibarətdir.
Müasir dövrdə müəllimin pedaqoji şüuruna, yeni pedaqoji təfəkkürə əsaslanan təhsil quruculuğu prosesində hər bir müəllim psixoloji bilik və bacarıqlara böyük təlabat hiss edir. Ona görə də bu sahədəki mövcud boşluğu doldurmaq üçün psixoloji xidmət sisteminin və onu həyata keçirən əsas şəxs kimi praktik məktəb psixoloqunun üzərinə bir sıra vəzifələr düşür.
1.Müəllimlər arasında maarifləndirmə işinin və psixoloji biliklərin təbliğinin forma və metodlarının müəyyənləşdirilməsi.
Bu istiqamətdə həyata keçirilən tədbirlərin təşkilində yaş və pedaqoji psixologiya kursu üzrə təqvim-tematik mühazirə və seminarlardan, pedaqoji psixologiyanın aktual məsələlərinin müzakirəsinə həsr olunmuş "dəyirmi masadan" istifadə etmək mümkündür.
2. Müəllimlərin şagirdlərin öyrənilməsi metodları ilə tanış edilməsi.
Hər bir müəllim gündəlik peşəkar fəaliyyətində rastlaşdığı pedaqoji situasiyaların həllində şübhəsiz ki, psixoloji biliklərə bu və ya digər səviyyədə istinad etməli olur. Lakin bütün müəlllimlər heç də həmişə lazımi psixoloji səriştə nümayiş etdirə bilmir, böhranlı situasiyalarda çaşıb qalırlar. Şagirdləri öyrənmə metodları haqqında kifayət qədər nəzəri biliyə, tədqiqat metodikalarına bələd olmayan müəllimlər onların maraq və meyllərini təlimdə geridəqalmanı, ayrı-ayrı şagirdlərin qüsurlu davranışının səbəblərini öyrənməkdə belə halların aradan qaldırılması yollarını müəyyənləşdirə bilmirlər. Məktəb psixoloqu müəllimlər arasında psixoloji biliklərin təbliğatçısı kimi onlara şagirdlərin davranış motivlərini, həyat planlarının idrak maraqlarını, ünsiyyət dairəsini, sinifdəki mövqeyini müəyyənləşdirməyə imkan verən tədqiqat metodları ilə tanış etməli, ayrı-ayrı metodikaların tətbiqi xüsusiyyətləri haqqında məlumat verməli, tematik konsiliumlar, sosial-psixoloji treninqlər keçirməlidir.
3.Müəllimlərin korreksiya metodları ilə tanış edilməsi.
Psixoloqun müəllimlər arasında apardığı maarifləndirmə işinin sistemində onların müxtəlif korreksion metodikalarla tanış edilməsi mühüm yer tutur.Psixokorreksiya üzrə işlər şagirdlərin idrak proseslərini, şəxsiyyət keyfiyyətlərini, onların yaşlılar və yaşıdları ilə qarşılıqlı münasibətlərini, davranış patologiyaları da daxil olmaqla çox böyük fəaliyyət zonasını əhatə edir. Müəllimləri qeyd olunan sahələrdə fəaliyyət üçün zəruri metodikalarla və iş üsulları ilə tanış edən psixoloq onlarla fərdi və qrup halında iş apararaq bu metodikalarla işin xüsusiyyətləri ilə məlumatlandırır.

Nüşabə Məmmədova
Naxçıvan Müəllimlər İnstitutunun baş müəllimi




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-03-2025