Mobil versiya
"Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırım siyasətinin qanlı səhifəsidir." İlham Əliyev
Tarix: 26-02-2025 | Saat: 11:45
Bölmə:Özəl | çapa göndər

"Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırım siyasətinin qanlı səhifəsidir." İlham Əliyev

Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə, soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. Öz miqyasına və dəhşətlərinə görə dünya tarixində analoqu olmayan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqları siyasi məqsəd güdürdülər. Düşmənin məqsədi Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Lakin mənfur düşmən öz niyyətlərinə çata bilmədi. Doğrudur, faciə bütün Azərbaycan xalqını sarsıtmış, Xocalı sakinlərinə sağalmaz yaralar, mənəvi zərbələr vurmuşdur. Lakin xocalılılar, hətta amansız soyqırımı günündə də özlərini əsl qəhrəman kimi aparmış, erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə igidliklə vuruşmuş, düşmən qarşısında əyilməmiş, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazmışlar.

Əvvəlcədən düşünülmüş bu hərbi təcavüz nəticəsində Xocalı şəhəri yerlə-yeksan edildi, dinc sakinlərə qarşı amansızcasına və qəddarcasına divan tutuldu. Yalnız Azərbaycan xalqına qarşı deyil, insanlığa qarşı törədilən Xocalı soyqırımı zamanı 613 həmvətənimiz, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə xüsusi qəddarlıqla qətlə yetirildi, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verildi. Günahsız insanlara qarşı ağlasığmaz işgəncələr törədildi. Yollarda, meşələrdə pusqu quran erməni hərbçiləri şəhəri tərk edərək xilas olmaq istəyən ayağı yalın, başı açıq insanları xüsusi amansızlıqla qətlə yetirdilər. Bu soyqırımı nəticəsində 8 ailənin həyatına son qoyuldu, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edildi, 487 dinc Xocalı sakini ağır yaralandı və 1275 nəfər girov götürüldü. Tarix belə bir vəhşilik, belə bir vandalizm görməmişdi.

İşğaldan azad olunmuş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı fevralın 21-də kütləvi şəkildə basdırılmış insan qalıqları aşkarlanıb. Hazırkı vaxtadək keçirilən prosessual hərəkətlər nəticəsində ərazidə aşkarlanmış insan qalıqlarının ən azı 4 (onlardan 1 nəfərin azyaşlı, yəni 4-5 yaşlı şəxsə məxsus olması ehtimal edilir) şəxsə məxsus olması, onların işgəncələrə məruz qalmaları, əllərinin kəndirlə bağlanması və xüsusiyyətlərinə görə ən azı 25 il əvvəl basdırılması müəyyən edilib. Hazırda hadisə yerinin tam müayinə edilməsi istiqamətində işlər davam etdirilir. Bu və çoxsaylı digər faktlar da sübut edir ki, azərbaycanlı əhaliyə qarşı amansız soyqırımı törədilib. Bunlar bir daha göstərir ki, bu qətliam Ermənistanın xalqımıza qarşı həyata keçirdiyi sistemli zorakılıq siyasətinin tərkib hissəsi olmaqla yanaşı, insan hüquqları və beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın, digər beynəlxalq sənədlərin tələblərinin pozulmasıdır.

Uzun illərdir ki, Azərbaycan dövləti Xocalı faciəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması istiqamətində sistemli iş aparıb. Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra açıqlanıb, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib.

Bugün Cənab Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir ki, bir çox qabaqcıl dünya ölkələri Azərbaycanın haqq səsini duyur və bu faciəyə hüquqi qiymət verirlər. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başlatdığı Xocalıya Ədalət kampaniyasına artıq yalnız azərbaycanlılar deyil, dünyanın fərqli ölkələrindən bu faciəni qınayan və ədalətin bərpa olunmasını istəyən insanlar qoşulur. Dövlətimizin qalibiyyətinin nəticəsidir ki, artıq Xocalı sakinləri özlərinin vəhşicəsinə öldürülmüş qohum-əqrəbalarının ruhunu fərqli bölgələrdə deyil də, məhz işğaldan azad edilmiş torpaqlarda anır. İnanırıq ki, Cənab Prezidentimizin çoxşaxəli xarici siyasətinin nəticəsində tezliklə Xocalı faciəsi öz layiq olduğu statusu alacaqdır.

Şəbnəm Uğurlu
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının 54 saylı ƏPT-nin sədri
Azərbaycan Respublikası Qabaqcıl Təhsil işçisi
Laçın şəhər 2 nömrəli tam orta məktəbin direktor müavini



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-02-2025