Mobil versiya
Möhtəşəm layihə
Tarix: 19-04-2024 | Saat: 16:17
Bölmə:Siyasət | çapa göndər

Möhtəşəm layihə

Azərbaycan 2020-ci ildə apardığı və tarixi Qələbə ilə başa vurduğu Vətən müharibəsinin, eləcə də 2023-cü ildə keçirdiyi antiterror əməliyyatının nəticəsi olaraq özünün ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi kimi, su mənbələrini də geri qaytardı. Hesablamalara görə Qarabağ və Şərqi Zəngəzurda mövcud olan su resursları ölkənin ümumi su resurslarının 25 faizini təşkil edir. Cari ilin aprel ayının 16-da Hacıqabul rayonuna etdiyi səfər çərçivəsində Ölkə Prezidenti cənab İlham Əliyev yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoydu. Təməlqoyma mərasimində etdiyi çıxışında dövlət başçısı xüsusi olaraq vurğuladı ki, işğaldan azad edilmiş ərazilərimizdəki su resurslarının əsas xüsusiyyəti, müsbət tərəfi odur ki, bunlar daxili mənbələr hesabına formalaşan su resurslarıdır. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə bərpa və yenidənqurma işləri böyük vüsətlə davam edir. Artıq bu yaxınlarda erməni işğalına görə sudan məhrum olmuş bir neçə rayona su veriləcək. Bir müddət əvvəl Ağdam rayonunda Xaçınçay su anbarının açılışı olmuşdur. Füzuli rayonundakı Köndələnçay su anbarının yaxın gələcəkdə açılışı olacaqdır. Hazırda Zabuxçay su anbarının inşası gedir. Suqovuşan su anbarı demək olar ki, yenidən qurulub və o anbardan çıxan iki kanalın biri artıq tam təmir edilib, ikinci kanal da təmir ediləcək. Həmçinin Həkəriçay, Bərgüşadçay su anbarlarının və kanalların inşa edilməsi nəzərdə tutulur. Bütün bunlar imkan verəcək ki, yeni əkin sahələrinin həcmi 100 min hektara çatdırılsın. Bu rəqəm əlbəttə ki, həyata keçirilən layihələrin böyük əhəmiyyətindən xəbər verir.

Öz çıxışında cənab Prezident İlham Əliyev Şirvan kanalının yenidən qurulmasının əhəmiyyətini vurğulayaraq bildirdi ki, 1958-ci ildən fasiləsiz istismar olunan bu kanalın yenidən istifadəyə verilməsindən minlərlə insan faydalanacaq. Diqqətəlayiq məqamlardan biri də budur ki, layihə başa çatdırıldıqdan sonra 10 ildən artıqdır ki, tamamilə qurumuş Hacıqabul gölü də yenidən dolacaq və bu, əlbəttə ki, ətraf mühitin bərpasına çox böyük töhfə olacaqdır. Ümumiyyətlə bu gün Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün əlverişli şərait yaratmaqdır. Birmənalı olaraq deyə bilərik ki, birbaşa Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsləri ilə və nəzarəti altında həyata keçirilən elektrik enerjisi, avtomobil yolları, dəmir yolları, su kəmərləri, içməli su layihələri, o cümlədən suvarma ilə bağlı olan layihələr ölkəmizi tamamilə yeni bir səviyyəyə qaldırmışdır.

Gülər Sultanzadə,
YAP Yasamal rayon təşkilatının fəal üzvü




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2024