Mobil versiya
Şirvana yeni həyat verəcək layihə
Tarix: 19-04-2024 | Saat: 09:12
Bölmə:Siyasət / Özəl | çapa göndər

Şirvana yeni həyat verəcək layihə

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi aqrar siyasət suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yeni suvarılan torpaqların istifadəyə verilməsi nəticəsində ölkə əhalisinin daxili istehsal hesabına çörək və ərzaq məhsulları ilə etibarlı təminatına, yaşayış məntəqələrinin, əkin sahələrinin, hidrotexniki qurğuların və digər infrastruktur obyektlərin sel və daşqın sularının zərərli təsirlərindən mühafizəsinə, çayların su ehtiyatlarının nizamlanması hesabına onlardan daha səmərəli istifadə edilməsinə geniş imkanlar yaratmışdır.

Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev 23 meliorasiya və su təsərrüfatı obyektinin təməlqoyma, işlərin gedişi ilə tanışlıq və açılış mərasimlərində iştirak etmişdir ki, bu da onun sahəyə xüsusi diqqət və qayğısının təzahürüdür.

Apreli 16-da cənab ilham Əliyev Hacıqabul rayonunda Şirvan su kanalının təməlqoyma mərasimində iştirak edərək çıxış etmişdir. Ölkəmizin başçısı qeyd etmişdir ki, respublika iqtisadiyyatının inkişafında böyük əhəmiyyət kəsb edəcək daha bir nəhəng infrastruktur layihənin Yuxarı Şirvan kanalının yenidən qurulması Şirvan zonasına yeni həyat verəcək: “İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək. Bunun böyük hissəsi yeni suvarılacaq əkin sahələridir. Əgər əvvəlki dövrlərdə bu kanal 8 rayonu əhatə edirdisə, indi 10 rayonu əhatə edəcək və kanalın son nöqtəsi, bax, arxamdakı Hacıqabul gölü olacaq. Hacıqabul gölü də 10 ildən çoxdur ki, tamamilə quruyub. Kanal istifadəyə veriləndən sonra göl də dolacaq və bunun da təbiətə çox müsbət təsiri olacaqdır.”

Ölkəmizdə həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədinin ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaratmaq olduğunu bildirən ölkə başçısı qeyd edib ki, “Azərbaycanda həyata keçirilmiş infrastruktur layihələri ölkəmizi tamamilə yeni bir səviyyəyə qaldırmışdır. Elektrik enerjisi, avtomobil yolları, dəmir yolları, su kəmərləri, içməli su layihələri, o cümlədən suvarma ilə bağlı olan layihələr artıq öz səmərəsini göstərir. Əvvəlki illərdə bu sahəyə aid bir çox böyük layihələr icra edilmişdir. Onların arasında, ilk növbədə, Taxtakörpü-Ceyranbatan suvarma kanalını qeyd etməliyəm. Taxtakörpü su anbarının tikintisi də xüsusi əhəmiyyətə malik olan layihə idi. Şəmkirçay su anbarı da çox böyük infrastruktur layihəsi idi. Beləliklə, həm Şimal, həm Qərb bölgələrində əkin üçün yararlı olan torpaqların həcmi və sahəsi böyük dərəcədə artırılmışdır.”

Qəbul edilmiş proqram əsasında respublikamızda 10-dan çox su anbarı inşa ediləcəyini bildirən cənab Prezident Qəbələ rayonundakı Yengicə su anbarının inşasına artıq start verildiyini, anbar inşa ediləndən sonra orada bu günə qədər suvarılmayan 10 min hektar torpaq, əkin sahələri suvarılacağını qeyd etmişdir. Ölkə başçısı bildirmişdir ki, “Əgər bizim suvarma ilə bağlı ümumi layihələrimizi götürsək görərik ki, bir neçə ildən sonra ən azı 500 min hektardan çox torpağa su veriləcəkdir. Eyni zamanda, müasir idarəetmə sistemləri, itkilərin azaldılması - indi Şirvan kanalında itkilər 30 faizə yaxındır. İndi beton məcralı kanal inşa ediləndən sonra itkilər maksimum 5 faiz olacaq. Yəni, suya qənaət hər birimizin işidir, ilk növbədə, dövlətin və biz bu işi görürük.”
Bu gün Azərbaycanı sözün əsil mənasında nəhəng tikinti, quruculuq meydanına çevirən cənab İlham Əliyev əminliklə bildirmişdir ki, biz Qarabağda və Şərqi Zəngəzurda elə genişmiqyaslı işlər görürük ki, bunun dünyada misli-bərabəri yoxdur. Həm yaşayış evləri, infrastruktur layihələri, suvarma layihələri, dəmir yolları, tunellər, hava limanları – cəmi üç il ərzində görülmüş işlər dövlətimizin gücünü, hökumətimizin və dövlətimizin iradəsini göstərir. Dediyim bu layihələrin hamısı icra ediləcək. Hələ bunlardan başqa bir çox layihələr olacaq ki, sadəcə onlar işin həcmi nöqteyi-nəzərdən daha kiçikdir. Amma hər bir layihənin əhəmiyyəti var və beləliklə, su ehtiyatları məhdud olan Azərbaycan bu sahədə də özünü tam təmin etmiş olacaq.

Azərbaycan xalqı fəxrlə, qürurla öz rəhbərinin qurub yaratmaq arzularının, ideyalarının həyat keçməsinin şahidi olur. Qarşıda qayğılar və problemlər çoxdur. Cənab İlham Əliyev isə zamanı qabaqlamağı, problemi vaxtında görən və həll etməyə üstünlük verməyi bilən rəhbər kimi zamanla yarışır. Və bəşəri dəyərlərə xidmət edən yarışın da qalibi olur. Çünki xalqdan güc alır, xalqın rifahına yönəlmiş siyasət həyata keçirir.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2024