Mobil versiya
Heydər Əliyev Azərbaycanın Milli Təhlükəsizlik konsepsiyasının banisidir
Tarix: 28-03-2024 | Saat: 10:24
Bölmə:Siyasət / Özəl | çapa göndər

Heydər Əliyev Azərbaycanın Milli Təhlükəsizlik konsepsiyasının banisidir

"Ölkəmizin normal, hərtərəfli inkişafı üçün, Azərbaycan xalqının rifah, sülh şəraitində yaşaması üçün sabitlik, ictimai-siyasi asayiş qorunmalıdır, təhlükəsizliyimiz təmin olunmalıdır. Bu işdə Milli Təhlükəsizlik Nazirliyinin xüsusi funksiyası var, xüsusi rolu var və Milli Təhlükəsizlik Nazirliyi bu vəzifənin öhdəsindən şərəflə gəlir".
 
İlham ƏLİYEV


Zəngin və şərəfli ömür yolu milli təhlükəsizlik orqanları ilə sıx bağlı olmuş ümummilli lider Heydər Əliyevin 23 mart 1997-ci il tarixli "Azərbaycan Respublikası milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsi haqqında" sərəncamı ilə 28 mart hər il milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilir.
1919-cu il mart ayının 28-də Hərbi Nazirliyin Baş Qərargahının tərkibində kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradılmışdır. Bölmə məhdud imkanları daxilində həmin dövrdə milli mənafelərə qarşı yönəlmiş təcavüzkar qəsdlərin qarşısının alınması istiqamətində effektiv tədbirlər həyata keçirmişdir.
Lakin 1920-ci ilin aprel işğalı nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Azərbaycanda milli kəşfiyyat və əks-kəşfiyyat sistemini daha da təkmilləşdirmək səyləri yarımçıq qaldı. Bununla belə, ilk xüsusi xidmət orqanlarımız fəaliyyət göstərdiyi qısa müddətdə təhlükəsizliyin təmin olunması istiqamətində müəyyən tədbirlər həyata keçirmişdir. Bu orqanların təşəkkülündə Əksinqilabla Mübarizə Təşkilatının rəhbərləri - Məmmədbağır Şeyxzamanlı və Nağı Şeyxzamanlının xidmətləri xüsusi qeyd edilməlidir.

Ötən əsrin 40-cı illərində xalqına və dövlətinə bağlı olan ulu öndər Heydər Əliyevin Dövlət Təhlükəsizlik Komitəsində fəaliyyətə başlaması isə bu orqanın tarixində milli prioritetlərin müəyyənləşməsi kimi xarakterizə edilən yeni dövrün başlanğıcı olmuşdur. Heydər Əliyev xalqına qarşı törədilən haqsızlıqları, başlıcası isə gedən prosesləri, sovet reallıqlarını iç tərəfdən tam aydınlığı, olduğu kimi görmüş, həmin dövrdən də qarşısına yalnız Azərbaycan naminə çalışmaq kimi yüksək məqsəd qoymuş, möhkəm, mətin və sarsılmaz iradəli şəxsiyyət kimi formalaşmışdır.
1944-cü ildən dövlət təhlükəsizliyi orqanlarında işə başlayan Heydər Əliyev qısa bir zamanda mərkəzi aparatda bölmə rəisi vəzifəsinə təyin edilmiş, 1953-cü ildə əks-kəşfiyyat şöbəsinin rəisi vəzifəsinə irəli çəkilmişdir. 1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti yanında DTK sədrinin birinci müavini, 1967-ci ildə isə sədri təyin edilmişdir. Fəxarət doğuran haldır ki, ulu öndər Heydər Əliyev 1930-cu ildən sonra bu yüksək posta layiq görülən ilk azərbaycanlı olmuşdur.
Ümummilli lider Heydər Əliyev daim xalqının mənafeyi naminə çalışmış, milli ruhlu, vətənpərvər insanları repressiyalardan qorumuş, təhlükəsizlik orqanlarının milliləşdirilməsinə çalışmışdır. Ulu öndər burada leytenantdan general rütbəsinədək, əməliyyat müvəkkilindən DTK sədri vəzifəsinədək şərəfli yol keçmişdir.
Heydər Əliyev təhlükəsizlik orqanlarında xidmət etdiyi müddətdə yüksək professionallığı, fenomenal idarəçilik və təşkilatçılıq qabiliyyəti, cəsarəti, qeyri-adi yaddaşı, cazibədar natiqliyi ilə bütün rəhbər və sıravi əməliyyat heyətinin dərin rəğbətini qazanmışdır. Ulu öndər bu orqanda yüksək vəzifələrdə olduğu illər ərzində də əməliyyat tədbirlərinin, çoxgedişli əməliyyat oyunlarının və kombinasiyalarının işlənib hazırlanmasında, həyata keçirilməsində şəxsən iştirak etmişdir. Heydər Əliyevin iştirakı ilə müxtəlif illərdə böyük müvəffəqiyyətlə həyata keçirilmiş "Duel", "Alagöz", "Duqlas", "Axito", "Naturalist", "İzuver" və bu qəbildən olan digər əməliyyat tədbirləri bu gün nəinki Azərbaycanın, digər ölkələrin də xüsusi xidmət orqanlarının məktəblərində peşəkarlıq nümunəsi olaraq tədris olunur və öyrənilir.
Azərbaycanın xüsusi xidmət orqanlarında milli maraqların ön plana çəkilməsi, milli kadrların rəhbər vəzifələrə təyinatı, gənc işçilərin xüsusi ali təhsil almaq üçün Moskva, Leninqrad, Minsk və digər şəhərlərə göndərilməsi, ümumiyyətlə, orqanlarda milliləşmə prosesinin aparılması məhz ulu öndər Heydər Əliyevin adı ilə qırılmaz surətdə bağlıdır. Heydər Əliyev təhlükəsizlik orqanlarında elə bir iz, elə bir irs qoymuşdur ki, bu, bütöv bir məktəbə çevrilmişdir. Bu məktəbin əsasını millilik, vətənpərvərlik, peşəkarlıq, prinsipiallıq və tələbkarlıq təşkil edir.
Təsadüfi deyil ki, müstəqil Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin hər bir əməkdaşı mənalı və zəngin həyatının 25 ildən artıq bir dövrünü xüsusi xidmət orqanlarına həsr etmiş ulu öndər Heydər Əliyevi özünün əbədi və fəxri rəhbəri sayır.
 
1967-ci ildə ulu öndər Heydər Əliyevin Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə irəli çəkilməsi Azərbaycanın şansına çevrilməklə, milli düşüncənin dirçəlişinə və inkişafına təkan verən amillərdən oldu. Heydər Əliyevin 1969-cü il iyulun 14-də Azərbaycanın rəhbəri seçilməsi isə respublika tarixində yeni siyasi mərhələnin başlanması kimi əlamətdardır. Həmin dövrdə milli maraqlar naminə yüksək prinsipiallıq və qətiyyət nümayiş etdirən Heydər Əliyev qarşıya qoyduğu bir sıra ali məqsədlərə nail olmuşdur.
1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanda sonrakı iki ilə yaxın müddətdə ölkədə vəziyyət son dərəcə pisləşmiş, hakimiyyət boşluğu yaranmışdı. Xaosun, anarxiyanın tüğyan etdiyi belə ağır şəraitdə respublikanı sürətlə fəlakətə sürükləyən məkrli planların qarşısını almağa, düçar olduğu fəlakətlərdən qurtarmağa qadir yeganə şəxsiyyət məhz ulu öndər Heydər Əliyev idi. 1993-cü ilin iyununda ölkədə yaşanan təlatümlər də təsdiqlədi ki, yalnız dəmir iradəyə, fitri idarəçilik keyfiyyətlərinə, geniş siyasi dünyagörüşunə, müstəsna xarizmaya malik lider Azərbaycanın dövlət müstəqilliyini qorumaq, möhkəmləndirmək və yaşatmaq kimi ağır missiyanın öhdəsindən uğurla gələ bilər. İyun ayının 9-da xalqın və o zaman çıxılmaz vəziyyətə düşmüş iqtidarın təkidli və israrlı istəyi ilə Bakıya qayıdan ulu öndər fövqəlidarəçilik təcrübəsi ilə Azərbaycanı vətəndaş qarşıdurmasından, müstəqilliyini itirmək təhlükəsindən qurtarmış, çağdaş tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu kimi daxil olmuşdur. Beləliklə, tariximizin möhtəşəm mərhələsinin - qayıdışdan başlanan QURTULUŞ dövrünün salnəməsi yazılmışdır!
Ümummilli lider Heydər Əliyev 1993-cü ilin iyun ayından etibarən insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə qorunduğu, humanizm ideyalarının möhkəm təmələ çevrildiyi sivil cəmiyyətin formalaşdırılması, idarəçilikdə demokratik ənənələrin bərqərar olması naminə ölçüyəgəlməz xidmətlər göstərmişdir.
Təhlükəsizlik orqanlarının yenidən formalaşması dövrü də məhz 1993-cü ildən başlamışdır. Fəaliyyətini xalqın və dövlətin mənafelərinin etibarlı qorunması, dövlətçiliyin təhlükəsizliyinin təmin olunması kimi ali məqsədlər naminə səfərbər etmiş milli təhlükəsizlik orqanlarının yeni dövrün çağırışlarına uyğun olaraq başlıca vəzifələri Azərbaycan Respublikasının suverenliyinə, konstitusiya quruluşuna, iqtisadi, siyasi, hüquqi, elmi-texniki potensialına, digər həyati əhəmiyyətli maraqları əleyhinə yönəlmiş xarici dövlətlərin xüsusi xidmətləri və təşkilatlarının, cinayətkar qrupların, ayrı-ayrı şəxslərin kəşfiyyat və digər təxribat-pozuculuq fəaliyyətinin qarşısını almaqdan ibarətdir.
Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətinin hüquqi əsasını Azərbaycan Resrublikasının Konstitusiyası, "Milli təhlükəsizlik haqqında", "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında", "Terrorçuluğa qarşı mübarizə haqqında", "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları, Milli Təhlükəsizlik Nazirliyinin Əsasnaməsi, habelə Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilə və sazişlər təşkil edir. Bu fəaliyyət insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunması, humanizm, dövlət və cəmiyyət qarşısında cavabdehlik prinsiplərinə əməl olunması ilə həyata keçirilir.
Azərbaycanın bu gün Cənubi Qafqaz regionunda müstəqil siyasət yürüdən yeganə dövlət olması, milli təhlükəsizliyini ildən-ilə möhkəmləndirməsi əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş strateji siyasi kursa əsaslanır.
Xalqımız birmənalı olaraq Heydər Əliyev siyasi kursunu dövlətin müqəddəratının əsas təminatçısı, Azərbaycanın qüdrətlənməsinin və inkişafının yeganə rəhni kimi qəbul edir. Ulu öndərin 2003-ü ilin Prezident seçkiləri ərəfəsində "Mən Ona özüm qədər inanıram" - deyə siyasi fəaliyyətinə zəmanət verdiyi cənab İlham Əliyevə olan misilsiz ümummilli etimadın da əsas amili məhz bu kursun davamlılığına olan ictimai zərurət idi. Möhtərəm Prezidentin fəaliyyətə başlayarkən elan etdiyi iki əsas siyasi kredo - "Əsl siyasət real iş və konkret fəaliyyətdən ibarətdir" və "Mən hər bir azərbaycanlının Prezidenti olacağam" fikirləri ötən dövrdə tam əksini tapmış, ölkə rəhbərinə olan sonsuz xalq inamını şərtləndirmişdir. Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycanın milli inkişaf konsepsiyasının yeni mərhələsi başlanmış, hərtərəfli tərəqqi və intibah dövrünə qədəm qoyulmuşdur. İqtisadi inkişaf dinamikasına görə dünyada lider mövqedə olan, beynəlxalq birlikdə etibarlı tərəfdaş və strateji müttəfiq kimi qəbul olunan, Avropanın əsas enerji təminatçılarından birinə çevrilən, mühüm qlobal neft-qaz və kommunikasiya kəmər-xətlərinin təşəbbüskarı olan Azərbaycan Respublikasının bugünkü böyük nailiyyətləri məhz Prezident İlham Əliyevin düzgün, məqsədyönlü fəaliyyətinin tərkib hissəsidir.
Prezident İlham Əliyevin Azərbaycana xidmət fəlsəfəsinin və mahir idarəçilik üslubunun məntiqi nəticəsi olaraq bu gun ölkəmizdə bərqərar olan sabitlik, təhlükəsizlik və vətəndaş həmrəyliyi davamlı, dönməz xarakter almışdır. Milliyyətindən, dilindən, irqindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın, hər bir insanın öz həyati tələbatlarının təmin olunmasına səfərbər olunmuş bu münbit mühit, eyni zamanda, demokratik inkişafın, qanunçuluğa və hüquq qaydalarına, ədalət meyarlarına ciddi şəkildə riayət olunmasının, habelə sürətli iqtisadi tərəqqinin, ən əsası milli təhlükəsizliyin qarantı kimi çıxış edir. Bu ictimai harmoniya mürəkkəb coğrafi məkanda yerləşən Azərbaycanın dünya miqyasında sivil, demokratik yolla inkişaf edən, beynəlxalq hüquq normalarına və prinsiplərinə hörmətlə yanaşan ölkə imicini möhkəmləndirmiş, milli maraqların təminatında yeni mərhələnin əsasını qoymuşdur.
Suverenliyi tam bərpa edilmiş Azərbaycanın təhlükəsizlik orqanları peşə bayramlarını Qələbə əhvali-ruhiyyəsi ilə qeyd edirlər. Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vurulmasında və şanlı Zəfərin qazanılmasında, 2023-cü ilin sentyabr ayında keçirilmiş lokal xarakterli antiterror tədbirlərində, eləcə də işğaldan azad edilmiş ərazilərimizdə təhlükəsizliyin etibarlı təmin olunmasında Azərbaycanın xüsusi xidmət orqanlarının özünəməxsus payı var.
Müharibənin başa çatmasından və lokal xarakterli antiterror tədbirlərindən sonra da milli təhlükəsizlik orqanları işğaldan azad olunan ərazilərdə xidməti fəaliyyətlərini uğurla davam etdirirlər. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 2020-ci il 29 oktyabr tarixli Fərmanına uyğun olaraq, qısa müddətdə Dövlət Təhlükəsizliyi Xidmətinin Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı rayonlarında və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerli şöbələri xidmətə başlayıb. 2020-ci ilin dekabrında Azərbaycan Respublikası DTX-nin Şuşa rayon idarəsinin yeni binasının açılışı və Cıdır düzündə DTX-nin Mədəniyyət Mərkəzi tərəfindən 30 ildən sonra ilk dəfə konsert proqramının təşkili təkcə xüsusi xidmət orqanlarının şəxsi heyətinə deyil, hər bir azərbaycanlıya unudulmaz hisslər bəxş edib.
Azərbaycanın Qarabağ bölgəsində fəaliyyət göstərmiş və terrorçuluq əməlləri törətmiş qanunsuz erməni silahlı birləşmələrinin rəhbərləri, separatçıların liderləri məhz DTX–nin həyata keçirdiyi tədbirlər nəticəsində tutularaq cinayət məsuliyyətinə cəlb olunub.
Bu gün peşə bayramlarını böyük ruh yüksəkliyi ilə qeyd edən Azərbaycan dövlət təhlükəsizliyi və xüsusi xidmət orqanlarının əməkdaşları müasir iş üslubu ilə çalışaraq xalqımızı və müstəqil dövlətimizi xarici qəsdlərdən və düşmən qüvvələrin təxribatlarından qətiyyətlə qoruyurlar. Eləcə də milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa, dini ekstremizmə qarşı mübarizədə vətənpərvərlik nümunələri göstərirlər.
Əminliklə demək olar ki, xalqımızın milli maraqlarına yönələn bütün təhdid və təxribatların qarşısı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə DTX-nin şəxsi heyəti tərəfindən qətiyyətlə alınır və bundan sonra da alınacaq, ölkəmizdə davamlı sabitlik və əmin-amanlıq təmin ediləcək.
Azərbaycanın dövlətçilik tarixindəki mühüm rolu olan milli təhlükəsizlik orqanları əməkdaşlarını peşə bayramları münasibətilə təbrik edir, çətin və şərəfli xidmətlərində yeni-yeni uğurlar arzulayırıq.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024