Mobil versiya
88 SAYLI AĞDAM KÖÇKÜN MƏKTƏBİ NƏZARƏTSİZDİR
Tarix: 20-12-2015 | Saat: 00:03
Bölmə:Təhsil / Seçilənlər-6 / Manşet / Karusel | çapa göndər


Dövlət, cəmiyyət köçkünləri həssas təbəqə hesab etdiyindən, bu qəbildən olan vəzifəli şəxslərin də qarşısına şəffaflığı təmin etmək tələbini sərt şəkildə qoymur
Məlum olduğu kimi, Milli Məclis dekabrın 4-də İnzibati Xətalar Məcəlləsində dəyişiklik barədə qanun qəbul edib. Dəyişikliyə əsasən İnzibati Xətalar Məcəlləsinə 51.1-1. Maddəsi əlavə edilib. Həmin maddədə qeyd edilib ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində 7 gündən çox buraxılmasına görə valideynlər yüz manat miqdarında cərimə ediləcək.
Belə çıxır ki, köçkün məktəblərinin əksəriyyətinin yuxarı sinif şagirdlərinin valideynləri 9 ay çəkən tədris ilində doqquz yüz manat cərimə ödəyəcəklər.
Müşahidələr və reallıqlar göstərir ki, köçkün məktəblərin bir çoxu fəaliyyətsizdir. Hamıya məlum olan bir faktı qeyd etmək kifayətdir ki, bu gün məcburi köçkün statusu daşımayan şagirdlər belə, repetitor yanına getməkdən ötrü həmin məktəblərdə adlarını yazdıraraq dərslərdən yayınırlar. Bu isə bir daha onu deməyə əsas verir ki, həmin məktəblərin adları olsa da fəaliyyətləri sıfır dərəcəsindədir. Necə deyərlər görünən kəndə nə bələdçi.
Bir dəfə bu mövzuda danışan millət vəkili Bəxtiyar Sadıqov demişdi: "İnsanlar yurdlarından didərgin düşdüklərindən müxtəlif yerlərə səpələniblər və həmin insanlar bütün imkanlarını itirib. Əgər həmin insanların övladları da təhsillərini itirsə, daha bu nəslin hər şeyi itdi".
Bakının Yasamal rayonunun Şərifzadə küçəsində ADU-nun 2 saylı yataqxanasında özünə sıöğınacaq tapmış Ağdam 88 saylı köçkün orta məktəbi rəsmi şəkildə adı olsa da, fəaliyyət göstərmir. Məlahət Məmmədovanın direktorluq etdiyi bu təhsil müəssisəsində şagirdlərin dərsə davamiyyəti jurnalda göstərilsə də, şagirdin özünü parta arxasında tapmaq çətin olur. 9, 10, 11-ci siniflərdə şagird tapmaq müşkülə çevrilib. Parta arxasında olanlar isə yalnız kasıbların uşaqlarıdır.
Deyilənlərə görə, burada müəllimlər də incidilir. Hətta onların halal maaşları belə kəsilir, ən yaxşı halda gecikdirilir. Sinif rəhbərləri və müəllimlər şagirdlərin davamiyyəti yox səviyəsində olduğu üçün özlərinin də məktəbə gəlib-getməsi əhəmiyyətsizləşib. Elə buna görədir ki, özləri də məktəbdə tapılmırlar, məvaciblərini direktorla bölmək məcburiyyətindədirlər. Hər gün şagirdlərin olmadığı sinfə gəlib-gedən, ayın axırında məvacib tələb edən müəllim demaqoq sayılır. Belə üsyankar müəllimlər dava açarkən Məlahət müəllimənin sərt üzünü görəcəklərini, heç də məlahətli olmayan danlaq səsini eşidəcəklərini, son nəticədə ümumiyyətlə sistemdən kənarlaşdırıla biləcəklərini gözə almalıdırlar.
Xatırladaq ki, Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilmiş qaydalara görə tam orta təhsil səviyyəsində (X-XI siniflər) təhsil alan şagirdlərin yerdəyişməsinə valideynin ərizəsi əsasında dəyişmək istədiyi məktəbin yerləşdiyi rayon (şəhər) üzrə yerli təhsili idarəetmə orqanında baxılıb aşağıdakı hallarda razılıq verilir: yaşayış yeri ərazisində yerləşən digər məktəbə keçdikdə, ailəsi ilə birlikdə yaşayış yerinin dəyişməsi rəsmi sənədlərlə təsdiqləndikdə, valideynlərin uzun müddətə xaricə getməsi və ya digər səbəblərdən şagirdin valideyn nəzarətindən kənarda qalması rəsmi sənədlərlə təsdiq edildikdə və müxtəlif səbəblərdən xüsusi tədris proqramları tətbiq edilən lisey və gimnaziyalarda, özəl ümumi təhsil müəssisələrində təhsilini davam etdirməsi mümkün olmadıqda. Qaydalara əsasən, dərs ilinin ikinci yarım ilində XI sinif şagirdlərinin digər rayon və şəhərlərin məktəblərinə yerdəyişməsinə Təhsil Nazirliyində baxılır. Tabeliyindən asılı olmayaraq, ixtisaslaşdırılmış məktəblərdən şagirdlərin ümumtəhsil məktəblərinə və ya əksinə yerdəyişməsinə valideynin müraciətinə əsasən, Təhsil Nazirliyində baxılıb müvafiq qərar qəbul edilir. Deməli, araşdırma aparılsa, M. Məmmədovanın bu qaydaları kobud surətdə pozduğu vəTəhsil Şöbəsi ilə də hesablaşmadığı aşkarlanar. Beləliklə, gözdən uzaq olduğundan sui-istifadə edən Məlahət müəllimə çox güman nəzarətdən də kənar olduğunu düşünərək istədiyi qanunsuzluqlara rəvac verir. Yəqin nəzərə almır ki, dövlət, cəmiyyət köçkünləri həssas təbəqə hesab etdiyindən, bu qəbildən olan vəzifəli şəxslərin də qarşısına şəffaflığı təmin etmək tələbini sərt şəkildə qoymur. Amma bu həssas münasibətə sayğı ilə yanaşmaq lazımdı, daha onu var-dövlət qazanmaq üçün münbit şərait hesab etmək yox.
Elnarə



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024