Mobil versiya
Azərbaycan beynəlxalq mövqelərini möhkəmlədir
Tarix: 05-07-2024 | Saat: 14:43
Bölmə:Siyasət / Özəl | çapa göndər

Azərbaycan beynəlxalq mövqelərini möhkəmlədir

Cari ilin 3-4 iyul tarixlərində Qazaxıstanın paytaxtı Astana şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçıları səviyyəsində Zirvə toplantısı keçirilib. Təşkilatın sədri statusunda Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zirvə toplantısında iştirak edib. Zirvə toplantısında regional təhlükəsizlik, iqtisadi və siyasi əməkdaşlıq məsələlərini müzakirə etmək üçün üzv ölkələrin liderləri bir araya gəliblər. Sammitdə qlobal inkişafa mane olan siyasi, iqtisadi və humanitar problemlər də daxil olmaqla çoxsaylı məsələlərin həllində ŞƏT-in roluna diqqət yetirilib.
Azərbaycan artıq uzun illrdir ki, ŞƏT-ə üzv ölkələrlə həm ikitərəfli formatda, həm də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edir. Astana Sammitində etdiyi çıxışında cənab Prezident İlham Əliyev son iki ildə bu Qazaxıstana dörd dəfə səfər etdiyini və həmin müddətdə Qazaxıstan Prezidentinin də Azərbaycana üç dəfə səfərə gəldiyini diqqətə çatdırdı və bildirdi ki, bu intensivlik ölkələrimiz arasında etibarlı əməkdaşlıq əlaqələrinin göstəricisidir. Eyni zamanda da ölkəmizin ikinci dəfə ŞƏT-in Zirvə toplantısına dəvət olunması Azərbaycan ilə təşkilata üzv dövlətlər arasında inkişaf edən tərəfdaşlığın göstəricisi kimi qiymətləndirilməlidir.
Hazırda Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib və ölkəmiz bu imkanın uğurla reallaşdırılması üçün effektiv çalışmalar aparır.
Öz çıxışında cənab Prezident İlham Əliyev Azərbaycanın 2019-2023-cü illər ərzində Qoşulmama Hərəkatına uğurlu sədrliyini qeyd edərək, həmin dövrdə təşkilatın qlobal arenada nüfuzunun möhkəmləndiyini və gücünün artdığını diqqətə çatdırdı. Azərbaycan təşkilatın institusional inkişafına böyük töhfə verərək üzv dövlətlərin dəstəyi ilə Hərəkatın Parlament Şəbəkəsini, Gənclər Təşkilatını təsis etdi, habelə Qadın Platformasının əsasını qoydu. Bu il isə Azərbaycan Qoşulmama Hərəkatına uğurlu sədrliyi dövründə əldə etdiyi qiymətli təcrübəsindən bir neçə aydan sonra ev sahibliyi edəcəyi COP29-un səmərəliliyini artırmaq məqsədilə istifadə edəcək. Cənab Prezident İlham Əliyev öz çıxışında xüsusi olaraq diqqətə çatdırdı ki, Bakıda keçiriləcək COP29 çərçivəsində Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərini əsirgəməyəcək və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacaq.

David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-07-2024