Mobil versiya
Otuz illik işğala son qoyuldu – gözün aydın Azərbaycan!
Tarix: 30-11-2020 | Saat: 15:09
Bölmə:Manşet | çapa göndər

Otuz illik işğala son qoyuldu – gözün aydın Azərbaycan!





“Ali Baş Komandan bu möhtəşəm tarixi qələbə ilə Azərbaycanın ruhunu özünə qaytardı”– bu sözləri saytımıza verdiyi müsahibəsində “Azəristiliktəchizat” ASC-nin sədri Yaşar Həsənov deyib.

Əməkdaşımızın suallarını cavablandıran ASC sədri bildirib ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi bu tarixi qələbə ilk növbədə Azərbaycan xalqının öz Prezidentinə olan sevgisinin və sarsılmaz inamının daha bir təcəssümü oldu: “Möhtərəm Prezidentimizin tarixi qələbəmiz münasibətilə xalqa etdiyi müraciətində də dediyi kimi, məhz Azərbaycan xalqının öz dövlətinin başçısı ətrafında sıx birləşməsindən yaranmış dəmir yumruq düşmənlərimizin başını əzmişdir. Azərbaycanın otuz il işğal altında qalan torpaqlarını azad etməklə Ali Baş Komandanın rəhbərliyi altında Şanlı Ordumuz xalqın qürurunu özünə qaytardı. Artıq Azərbaycan vətəndaşları öz ölkələrində məcburi köçkün həyatı yaşamaq məcburiyyətində olmayacaqlar. İnsanlarımız işğaldan azad edilmiş dədə-baba yurdlarına qayıdacaq, həmin torpaqlarda həyat yenidən başlayacaq. Bu gün biz hamımız bu möhtəşəm qayıdışın ilk addımlarının da şəxsən Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən necə atıldığını qürurla izləyirik. Məhz bu baxımdan da möhtərəm dövlət başçımızın işğaldan azad edilmiş rayon və şəhərlərimizə etdiyi tarixi səfərlərin əhəmiyyəti son dərəcə böyükdür.”

Daha sonra Yaşar Həsənov noyabr ayının 10-da imzalanmış üçtərəfli bəyannamənin Azərbaycanın maraqlarına tam cavab verdiyini xüsusi olaraq qeyd etmişdir: “Noyabr ayının 8-də Ali Baş Komandanımızın rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu Şuşanı azad etdi. Bundan dərhal sonra daha 72 yaşayış məntəqəsi və strateji yüksəliklər əsgərlərimizin ildırım sürətli həmləsi ilə əldə edildi. Düşmən yaranmış vəziyyətdən yeganə çıxış yolunun yalnız təslim olmaqda olduğunu anladı. Nəticədə Ermənistan faktiki olaraq özünün kapitulyasiya aktı anlamına gələn üçtərəfli bəyanatı imzalamalı oldu. Bilirsiniz ki, noyabr ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan tərəfindən imzalanmış üçtərəfli bəyanata əsasən, münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır. Bu o deməkdir ki, bölgədə gələcək əməkdaşlıq formatında Türkiyə və Rusiya birgə fəaliyyət göstərəcəklər. Digər tərəfdən isə Kəlbəcər, Ağdam və Laçın rayonlarından ermənilərin hərbi əməliyyatlar aparılmadan çıxarılması ordumuzun daha az itki verməsi və bu uğurumuzun da sırf siyasi-diplomatik qələbə kimi əldə olunması anlamına gəlir.”

Həmçinin ASC sədri öz müsahibəsində demişdir ki, Azərbaycan ərazilərinin erməni işğalından azad edilməsi ölkəmizin inkişaf etmiş iqtisadiyyata və güclü orduya sahib ola bilməsi ilə təmin edilmişdir: “Ali Baş Komandan cənab İlham Əliyevin dəfələrlə öz çıxışlarında qeyd etdiyi kimi, bu gün Azərbaycan iqtisadi cəhətdən heç kimdən asılı deyil. Asılı olsaydı, bizə təzyiqlər edilə bilərdi. Onsuz da edilmişdi, ancaq onların heç bir səmərəsi olmadı. Çünki Azərbaycana qarşı iqtisadi amildən istifadə etmək mənasızdır. Biz heç kimdən asılı deyilik, hansısa ölkədən, hansısa beynəlxalq maliyyə qurumundan asılı deyilik. Ölkə Prezidenti cənab İlham Əliyev 17 il ərzində daim deyirdi ki, biz iqtisadi sahəyə güclü təkan verməliyik, iqtisadi müstəqilliyimizi təmin etməliyik. Möhtərəm dövlət başçımız məqsədyönlü fəaliyyəti və ciddi səyləri nəticəsində bunu təmin etdi. Bizim kifayət qədər güclü iqtisadi potensialımız və maliyyə resurslarımız imkan verdi ki, iqtisadi müstəqilliyi tam təmin edək. Bu da qələbənin əldə edilməsində xüsusi rol oynayırdı. Çünki əgər biz iqtisadi cəhətdən müstəqil olmasaydıq, biz

siyasi müstəqillik əldə edə bilməzdik. Siyasi müstəqillik olmadan torpaqlarımızı düşməndən azad edə bilməzdik. Çünki onların arxasında böyük dövlətlər, o dövlətlərin çox nüfuzlu dairələri, erməni lobbi təşkilatları dayanır. Güclü iqtisadiyyat imkan verdi ki, Azərbaycan lazım olan hərbi texnikanı və silahları aldı. Ali Baş Komandan ordumuzu inkişaf etdirərkən ən qabaqcıl meyilləri nəzərdən keçirmişdir. Biz o silahları alırdıq ki, bu silahlar bizim üstünlüyümüzü təmin etsin və İkinci Qarabağ müharibəsi bunu göstərdi. Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanda hakimiyyətə gəldiyi ilk gündən demişdi ki, Azərbaycan öz torpaqlarını istənilən yolla azad edəcək. Bu gün bütün dünya möhtərəm dövlət başçımızın verdiyi hər bir sözün arxasında sona qədər durduğunun bir daha şahidi oldu.”

Müsahibənin sonunda isə Yaşar Həsənov dövlət başçımızn Azərbaycanın işğaldan azad edilmiş şəhər və rayonlarına etdiyi tarixi səfərlərin əhəmiyyətindən bəhs edərək bunları dedi: “Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabr ayının 16-da işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına, noyabrın 23-də isə işğaldan azad edilmiş Ağdam şəhərinə səfər etmişdilər. Heç şübhəsiz bu tarixi səfərlərin əhəmiyyəti çox böyükdür. Müzəffər Ali Baş Komandan Füzuli və Cəbrayıl şəhərlərində, Xudəfərin körpüsündə, Ağdam şəhərində Azərbaycan bayrağını şəxsən özü qaldırmaqla bu torpaqların əsil sahibinin Azərbaycan xalqı olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. Həmçinin möhtərəm dövlət başçımız işğaldan yeni azad edilmiş torpaqlarımızda dərhal quruculuq işlərinə, yol çəkilişinə başlanması barədə göstəriş verməklə Azərbaycan xalqının bu torpaqlara artıq əbədi qayıtması barədə dünyaya növbəti mesajını göndərdi. Belə ki, həmin gün Füzuli – Şuşa avtomobil yolunun çəkilişinə başlandı. Bu yolun əlbəttə ki, müstəsna əhəmiyyəti vardır. Lakin bu, sadəcə bir başlanğıcdır. Möhtərəm dövlət başçımızın Azərbaycan xalqına etdiyi müraciətində də qeyd etdiyi kimi, biz bu torpaqları, bu şəhərləri, bu kəndləri bərpa edəcəyik. Bütün rayon və şəhərlərimizdə inzibati binalar, sosial obyektlər, evlər tikiləcək, yollar çəkiləcək və digər lazım olan işlər görüləcək. Ən əsası budur ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və bununla da tarixi ədalət öz yerini aldı. Cənab Ali Baş Komandan bu tarixi qələbə ilə Azərbaycanın ruhunu özünə qaytardı. Möhtərəm Prezidentimizin işğaldan azad edilmiş rayonlara etdiyi səfərlər isə bu torpaqlara Böyük Qayıdışımızın həqiqətən də möhtəşəm olacağını göstərir.”

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024