Mobil versiya
Tamam Cəfərova: “Dövlət Bayrağı Günü bütün xalqımız üçün milli qürur, iftixar və dövlət rəmzlərimizə ehtiram günüdür”
Tarix: 09-11-2026 | Saat: 12:10
Bölmə:Manşet / Siyasət | çapa göndər

Tamam Cəfərova: “Dövlət Bayrağı Günü bütün xalqımız üçün milli qürur, iftixar və dövlət rəmzlərimizə ehtiram günüdür”

Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşməsinin başlıca amillərindən biridir. Bayraq milli identikliyin təzahür formalarından biridir. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir. Bu bayraq tariximizi, milli qürurumuzu, birliyimizi və gələcəyə olan inamımızı özündə təcəssüm etdirir. Özünütəsdiq simvolu olan bayraq hər bir Azərbaycan vətəndaşı üçün qürur və güvənc yeridir. Artıq, altı ildir ki, üçrəngli bayrağımız işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda dalğalanır. Bu, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı üçün fəxr və qürur mənbəyidir. Ona görə də 9 Noyabr – Dövlət Bayrağı Günü hər bir azərbaycanlı üçün milli qürur, iftixar və dövlət rəmzlərimizə ehtiram günüdür. Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncama əsasən, hər il noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Bu əlamətdar günün təsis edilməsi Azərbaycanın dövlətçilik tarixində üçrəngli bayrağımızın xüsusi yerini və milli yaddaşımızdakı əhəmiyyətini bir daha təsdiqləyir.

Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, üçrəngli bayrağımızın tarixi Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə bağlıdır. 1918-ci il noyabrın 9-da Bakıda hökumətin iclasında qəbul edilən bayrağımız müstəqil Azərbaycan dövlətinin rəsmi rəmzi kimi dalğalanmağa başladı. Bayrağımızın rənglərində milli istiqlal ideologiyamızın təməl prinsipləri – türkçülük, müasirlik və islamçılıq öz əksini tapdı. Görkəmli mütəfəkkir Əli bəy Hüseynzadənin irəli sürdüyü bu ideoloji düstur xalqımızın milli kimliyini, mənəvi dəyərlərini və müasir dünyaya inteqrasiya istəyini ifadə edir.

Sovet hakimiyyəti illərində üçrəngli bayrağımız rəsmi dövlət rəmzi statusunu itirsə də, xalqımızın müstəqillik arzusu və milli yaddaşı yaşamaqda davam etdi. Ümummilli Lider Heydər Əliyevin 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasına rəhbərlik edərkən üçrəngli bayrağımızın yenidən dövlət rəmzi kimi qəbul olunmasına nail olması milli dövlətçilik tariximizdə mühüm hadisə idi. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Azərbaycan SSR Ali Soveti qarşısında qaldırdığı vəsatət nəticəsində 1991-ci il fevralın 5-də üçrəngli bayrağımız Azərbaycan Respublikasının Dövlət Bayrağı kimi təsdiq edildi.

Beləliklə, üçrəngli bayrağımız yenidən mavi göylərdə dalğalanmağa başladı. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan edərək onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa etdi. Bu tarixi qərar üçrəngli bayrağımızın müstəqil Azərbaycanın dövlətçilik atributu kimi hüquqi statusunu və varislik ənənəsini bir daha təsbit etdi.
Deputat fikirlərini Ulu Öndər Heydər Əliyevin sözləri ilə davam etmişdir: "Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir. Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir".

Əminliklə deyə bilərik ki, Ümummilli lider Heydər Əliyevin bizə ərməğan qoyduğu müasir, müstəqil, bütöv Azərbaycanda onun siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin milli ideallara bağlılığı həm də üçrəngli bayrağımıza münasibətdə açıq-aydın görünür. Azərbaycan xalqının milli qürur, mənlik və özünütəsdiq simvolu olan üçrəngli bayrağımız bütöv və müstəqil Azərbaycanın hər bir güşəsində fəxrlə dalğalanır. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev üçrəngli bayrağımız haqqında deyib: “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir”.

Bu gün üçrəngli bayrağımızın dalğalandığı hər bir məkan müstəqilliyimizin, suverenliyimizin və milli birliyimizin ifadəsidir. Xüsusilə Vətən müharibəsində qazandığımız tarixi Zəfərdən sonra bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda yenidən ucaldılması onun daşıdığı mənəvi və tarixi mənanı daha da zənginləşdirdi. Bu gün Şuşada, Xankəndində, Laçında, Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda və digər azad edilmiş ərazilərimizdə üçrəngli bayrağımız qürurla dalğalanır. Vaxtilə işğal altında olan torpaqlarımızda dövlət bayrağımızın ucalması Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasının əyani təcəssümüdür.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfər üçrəngli bayrağımızın milli yaddaşımızda tutduğu yeri daha da möhkəmləndirdi. Bu gün bayrağımız yalnız dövlət qurumlarının, meydanların və inzibati binaların üzərində deyil, həm də xalqımızın qəlbində, azad edilmiş torpaqlarımızda, hər bir azərbaycanlının qürurunda dalğalanır. Onun Vətənimizin hər guşəsində ucalması müstəqilliyimizin əbədi və dönməz olduğunun rəmzidir.

Dövlət Bayrağına hörmət dövlətə, Vətənə, milli tarixə və müstəqilliyə hörmət deməkdir. Bu müqəddəs rəmzi qorumaq, onun mənasını gələcək nəsillərə aşılamaq hər birimizin vətəndaşlıq borcudur.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə