Mobil versiya
Milli kimlik və dünyəvi prinsiplər Azərbaycanın dövlətçilik modelinin təməlidir
Tarix: 13-10-2026 | Saat: 12:27
Bölmə:Siyasət | çapa göndər

Milli kimlik və dünyəvi prinsiplər Azərbaycanın dövlətçilik modelinin təməlidir

Ölkənin gələcəyi gənc nəslin hansı mənəvi prinsiplər əsasında yetişməsindən, aldığı təhsilin keyfiyyətindən və cəmiyyət qarşısında öz məsuliyyətini nə dərəcədə dərk etməsindən birbaşa asılıdır. Bu səbəbdən uşaqların bilikli, vətəninə bağlı, sərbəst düşünmə qabiliyyətinə malik və milli mənsubiyyətini dərk edən şəxsiyyətlər kimi formalaşdırılması dövlətin əsas prioritetləri sırasındadır. Milli-mənəvi dəyərlərin yaşadılması, dini inanclara ehtiramla yanaşılması və dünyəvi dövlətçilik prinsiplərinin qorunması bu məqsədə çatmaq üçün qarşılıqlı şəkildə tamamlanan mühüm istiqamətlərdir.

Azərbaycan tarixən müxtəlif dinlərin, mədəniyyətlərin və dünyagörüşlərinin nümayəndələrinin sülh şəraitində yaşadığı ölkə kimi fərqlənib. Keçmişdən gələn bu ənənələr bu gün də davam etdirilir, tolerantlıq və multikulturalizm cəmiyyətimizin əsas xüsusiyyətlərindən biri olaraq qalır. Dövlətin məscidlərin təmiri və bərpasına, yeni ibadət məkanlarının yaradılmasına, eləcə də tarixi-dini abidələrin mühafizəsinə xüsusi diqqət ayırması milli-mənəvi irsə verilən dəyərin göstəricisidir. İşğaldan azad edilmiş torpaqlarda dini abidələrin yenidən qurulması isə xalqımızın tarixi yaddaşının bərpası və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Ölkəmizdə formalaşmış dünyəvi dövlətçilik modeli dini və milli dəyərlərə hörmət, bütün vətəndaşların hüquq bərabərliyi və qanunun üstünlüyü prinsipləri üzərində qurulub. Dünyəvilik dini inancların rədd edilməsi anlamına gəlmir. Bu prinsip dövlətin idarə olunmasının və ictimai münasibətlərin qanunvericiliklə müəyyən edilmiş normalar əsasında tənzimlənməsini nəzərdə tutur. Vətəndaşların etiqad azadlığının təmin edilməsi ilə təhsil müəssisələrində qüvvədə olan ümumi qaydalara əməl olunması arasında ziddiyyət yoxdur. Burada başlıca məqsəd hər kəsin hüquq və azadlıqlarını qanun çərçivəsində qorumaq, şəxsi maraqlarla cəmiyyətin ümumi mənafeyi arasında düzgün tarazlıq yaratmaqdır.

İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dövrdə ideoloji təhlükəsizliyin təmin olunması məsələsi daha böyük aktuallıq qazanır. Sosial şəbəkələrdə və müxtəlif rəqəmsal vasitələrdə yayılan yanlış məlumatlar, dini amillərdən siyasi məqsədlərlə yararlanmaq cəhdləri, eləcə də gənclərin düşüncə tərzinə təsir göstərməyə hesablanmış təbliğat üsulları bu sahədə diqqətli və məsuliyyətli yanaşmanı zəruri edir. Müxtəlif hadisələrin həqiqi mahiyyətindən uzaq formada təqdim edilməsi, hüquqi qərarların təhrif olunması və cəmiyyətdə süni fikir ayrılıqlarının yaradılması cəhdlərinə qarşı mübarizədə düzgün məlumatlandırma, maarifləndirmə və hüquqi şüurun yüksəldilməsi xüsusi əhəmiyyət daşıyır.

Bu prosesdə təhsil müəssisələrinin rolu və məsuliyyəti xüsusilə böyükdür. Məktəb yalnız şagirdlərə elmi biliklərin aşılandığı yer deyil, həm də onların dünyagörüşünün, davranış qaydalarının və vətəndaşlıq mövqeyinin formalaşdığı mühüm sosial mühitdir. Təhsil prosesi zamanı uşaqlar digər insanların hüquqlarına hörmət göstərməyi, kollektiv daxilində əməkdaşlıq etməyi, öz öhdəliklərini yerinə yetirməyi və müəyyən edilmiş qaydalara əməl etməyi mənimsəyirlər. Bu baxımdan məktəbdə nizam-intizamın təmin edilməsi, şagirdlər arasında ayrı-seçkiliyə yol verilməməsi və hər kəs üçün bərabər təhsil imkanlarının yaradılması tədrisin səmərəli təşkili üçün vacib şərtlər hesab olunur.

Dövlət ümumi təhsil müəssisələrində vahid məktəbli geyiminin tətbiqi də təhsil mühitində nizamın və ümumi yanaşmanın təmin edilməsinə xidmət edir. Müəyyən olunmuş geyim forması şagirdlərdə məktəb kollektivinə mənsubluq hissini möhkəmləndirir, onların diqqətinin zahiri fərqlərdən daha çox dərslərə və tədris fəaliyyətinə yönəlməsinə şərait yaradır. Eyni zamanda, müəllimlərin geyiminə dair peşəkar tələblərin müəyyən edilməsi məktəbdə işgüzar atmosferin qorunmasına, müəllim nüfuzunun möhkəmlənməsinə və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin inkişafına istiqamətlənib.

2026-cı ildə qəbul edilən normativ hüquqi aktlar bu sahədə vahid tələblərin müəyyənləşdirilməsinə hüquqi zəmin yaradıb. Nazirlər Kabinetinin sentyabrın 21-də qəbul etdiyi qərarla təhsilalanların geyim formalarına dair qaydalara dəyişiklik edilib. Oktyabrın 6-da qəbul olunmuş digər qərarla isə dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyiminə dair tələblər təsdiqlənib. Sözügedən qərarların əsas məqsədi məktəblərdə müəyyən edilmiş təşkilati qaydaların qorunması, təhsil prosesində vahid standartların tətbiqi və dünyəvi təhsil prinsiplərinin təmin olunması ilə bağlıdır.

Nəticə etibarilə, Azərbaycanın milli-mənəvi irsə bağlılığı, dini müxtəlifliyə göstərdiyi hörmət və dünyəvi dövlətçilik prinsiplərinə sadiqliyi ölkənin inkişaf strategiyasının bir-birini tamamlayan əsas istiqamətləridir. Bu yanaşma çərçivəsində təhsilin missiyası yalnız şagirdlərə bilik və bacarıqlar qazandırmaqla məhdudlaşmır. Eyni zamanda, müstəqil düşünən, hüquq və vəzifələrini anlayan, milli birliyin möhkəmlənməsinə töhfə verən və məsuliyyətli vətəndaş mövqeyi nümayiş etdirən gənclərin yetişdirilməsi də əsas məqsədlərdəndir. Milli-mənəvi dəyərlərin qorunması, hüququn aliliyinin təmin edilməsi və cəmiyyətdə qarşılıqlı etimadın gücləndirilməsi Azərbaycanın ideoloji təhlükəsizliyinin və davamlı inkişafının mühüm şərtlərindən biridir.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-10-2026