Mobil versiya
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı: Azərbaycanın yeni inkişaf mərhələsinin əsas hədəfləri
Tarix: 03-10-2026 | Saat: 16:55
Bölmə:Manşet / Siyasət | çapa göndər

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı: Azərbaycanın yeni inkişaf mərhələsinin əsas hədəfləri

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında yeni mərhələnin əsas istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm hadisədir. Oktyabrın 2-də Bakıda keçirilən qurultay ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra Yeni Azərbaycan Partiyasının ilk qurultayı kimi yeni siyasi və geosiyasi reallıqlar şəraitində baş tutdu. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin qurultaydakı çıxışı Azərbaycanın keçdiyi mürəkkəb və şərəfli yolun əsas mərhələlərinə nəzər salmaqla yanaşı, Zəfərdən sonra qarşıda dayanan vəzifələrin miqyasını da aydın şəkildə ortaya qoydu.

VIII Qurultayın əsas məzmununu yalnız partiyanın fəaliyyəti ilə məhdudlaşdırmaq düzgün olmazdı. Qurultay, əslində, Azərbaycanın yeni inkişaf mərhələsinin siyasi gündəliyinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Çünki bu qurultayda ölkənin qarşısında duran vəzifələr dövlətçilik və təhlükəsizlikdən iqtisadi inkişafa, sosial rifahdan investisiya siyasətinə, enerji və nəqliyyat imkanlarından Qarabağ və Şərqi Zəngəzurda Böyük Qayıdışa qədər geniş müstəvidə nəzərdən keçirildi. Bu istiqamətlərin hər biri ayrı-ayrı sahələr kimi deyil, Azərbaycanın gələcək inkişafını təmin edən vahid sistemin tərkib hissələri kimi çıxış edir.

Yeni Azərbaycan Partiyasının VIII Qurultayının daşıdığı siyasi məna onun ölkəmizin keçdiyi tarixi yolun mühüm mərhələlərindən birinin yekunlaşdığı, digərinin isə başlandığı dövrə təsadüf etməsindədir. 1992-ci ilin noyabrında Naxçıvanda partiyanın təsis qurultayının keçirildiyi vaxt Azərbaycan ağır siyasi, iqtisadi və hərbi böhranla üz-üzə idi. Ərazi itkiləri, daxili siyasi qarşıdurmalar, iqtisadi çətinliklər və qaçqın-köçkün problemi dövlətçiliyin qarşısında ciddi sınaqlar yaratmışdı. Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra dövlət idarəçiliyində sabitliyin təmin edilməsi, iqtisadiyyatın bərpası, beynəlxalq əlaqələrin genişləndirilməsi və enerji strategiyasının formalaşdırılması Azərbaycanın sonrakı inkişafının əsasını təşkil etdi.

“Əsrin müqaviləsi” ilə əsası qoyulan enerji strategiyası sonrakı illərdə yeni neft-qaz layihələri, ixrac marşrutları və beynəlxalq əməkdaşlıq imkanları ilə genişləndi. İqtisadi imkanların artması dövlətin müdafiə və təhlükəsizlik, sosial siyasət, infrastruktur və regional inkişaf sahələrində daha geniş layihələr həyata keçirməsinə şərait yaratdı. Beləliklə, Azərbaycanın son onilliklərdə keçdiyi yol təkcə iqtisadi göstəricilərin yüksəlməsi ilə deyil, dövlətçilik institutlarının möhkəmlənməsi və müstəqil siyasətin ardıcıl şəkildə həyata keçirilməsi ilə müşayiət olundu.

2020-ci il Vətən müharibəsində əldə edilən Zəfər və 2023-cü ilin sentyabrında Azərbaycanın suverenliyinin tam bərpa olunması isə bu tarixi inkişafın yeni mərhələsini formalaşdırdı. VIII Qurultayın əsas xüsusiyyəti də məhz budur: Yeni Azərbaycan Partiyası ilk dəfə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edildiyi şəraitdə qurultay keçirir. Bu reallıq ölkənin siyasi gündəliyini də dəyişir. Artıq qarşıda duran əsas məsələ yalnız əldə edilmiş nəticələrin qorunması deyil, həmin nəticələrin uzunmüddətli inkişaf, iqtisadi güc və sosial rifah üçün yaratdığı imkanlardan səmərəli istifadə etməkdir.

Yeni mərhələnin mühüm şərtlərindən biri təhlükəsizliyin və müdafiə imkanlarının daim gücləndirilməsidir. Dünyada davam edən münaqişələr və geosiyasi gərginliklər fonunda Azərbaycanın öz milli təhlükəsizliyini təmin etmək imkanlarını qoruması dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır. Prezident İlham Əliyevin qurultaydakı çıxışında gələn ilin dövlət büdcəsində hərbi və təhlükəsizlik məsələləri üçün təqribən 9 milyard manat vəsait nəzərdə tutulduğu bildirildi. Eyni zamanda, müasir təhlükəsizlik anlayışı yalnız hərbi imkanlarla məhdudlaşmır. İnformasiya təhlükəsizliyi, kibermühit, rəqəmsal texnologiyalar, süni intellekt və gənclərin informasiya savadlılığı da dövlətin qarşısında duran yeni çağırışlar sırasındadır.

VIII Qurultayda ortaya qoyulan yeni gündəliyin mühüm istiqamətlərindən biri iqtisadi inkişafın sosial nəticələrinin daha da gücləndirilməsidir. Gələn il minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılacağının bildirilməsi dövlətin sosial siyasətinin ardıcıl xarakter daşıdığını göstərir. Bu qərarın mahiyyəti yalnız sosial ödənişlərin yüksəldilməsi ilə məhdudlaşmır. Burada əsas məqsəd Azərbaycan vətəndaşının rifahının ildən-ilə yaxşılaşdırılmasıdır. Lakin sosial siyasətin davamlı olması üçün möhkəm iqtisadi baza lazımdır. İqtisadi artım, yeni investisiyalar, istehsalın genişlənməsi, məşğulluğun artırılması və dövlətin maliyyə imkanlarının qorunması sosial siyasətin dayanıqlılığını təmin edən əsas amillərdir.

Məhz bu baxımdan investisiya siyasəti Azərbaycanın yeni inkişaf mərhələsində xüsusi əhəmiyyət qazanır. Son iki ildə Azərbaycanda iki Beynəlxalq İnvestisiya Forumunun keçirilməsi və hər iki forum çərçivəsində imzalanmış investisiya kontraktlarının ümumi həcminin 20 milyard ABŞ dollarından çox olması ölkənin investisiya imkanlarına beynəlxalq marağın göstəricilərindən biridir. Burada söhbət yalnız maliyyə vəsaitlərinin cəlb edilməsindən getmir. Xarici investisiya yeni istehsal sahələrinin yaradılması, texnologiyaların tətbiqi, ixrac imkanlarının genişləndirilməsi və məşğulluğun artırılması üçün əlavə imkanlar yaradır. Buna görə investisiyaların həm neft-qaz, həm də qeyri-neft-qaz sektorlarına yönəldilməsi iqtisadiyyatın şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Sentyabrın sonunda keçirilmiş II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun miqyası da bu baxımdan diqqət çəkir. Forumda dünyanın aparıcı investisiya qurumlarının rəhbərlərinin iştirakı və onların idarəçiliyində olan vəsaitlərin ümumi həcminin 30 trilyon ABŞ dollarından çox olması Azərbaycanın qlobal maliyyə dairələri ilə əməkdaşlıq imkanlarının genişliyini göstərir. Belə platformalar Azərbaycanın iqtisadi potensialının təqdim edilməsi, investorlarla birbaşa dialoqun qurulması və uzunmüddətli investisiya layihələrinin formalaşdırılması baxımından əhəmiyyətlidir.

İqtisadi inkişafın digər mühüm dayağı maliyyə sabitliyidir. Prezident İlham Əliyev VIII Qurultayda Azərbaycanın xarici borcunun ümumi daxili məhsula nisbətinin 5,6 faiz təşkil etdiyini, valyuta ehtiyatlarının isə 90 milyard ABŞ dollarına çatdığını bildirib. Dövlət başçısının qeyd etdiyi kimi, valyuta ehtiyatları xarici borcdan təxminən 20 dəfə çoxdur. Bu göstəricilər xüsusilə böyük dövlət xərclərinin həyata keçirildiyi bir şəraitdə diqqət çəkir. Müdafiə və təhlükəsizlik, ordu quruculuğu, sərhədlərin mühafizəsi, Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə yanaşı, sosial proqramların da maliyyələşdirilməsi əhəmiyyətli resurslar tələb edir. Buna baxmayaraq, maliyyə dayanıqlığının qorunması Azərbaycanın gələcək inkişaf layihələri üçün də imkan yaradır.

Burada əsas məsələ mövcud maliyyə imkanlarının iqtisadi fəallığa və sosial nəticələrə çevrilməsidir. İqtisadiyyatın yaratdığı əlavə dəyər nə qədər genişlənərsə, dövlətin sosial siyasət üçün imkanları da bir o qədər artar. Buna görə minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılması iqtisadi siyasətdən ayrı nəzərdən keçirilə bilməz. Bu, iqtisadi artımın və maliyyə imkanlarının vətəndaşın gündəlik həyatında görünən nəticəyə çevrilməsinin konkret ifadəsidir.

Enerji sektoru da Azərbaycanın yeni inkişaf gündəliyində mühüm yer tutur. Azərbaycan neft və qazla yanaşı, neft məhsulları, elektrik enerjisi, neft-kimya məhsulları və gübrə istehsal edən ölkə kimi öz imkanlarını genişləndirir. “Azəri-Çıraq-Günəşli” yatağında hasilatın təbii azalması fonunda yeni kontraktların imzalanması hasilatın sabitləşdirilməsi və artırılması üçün imkanlar yaradır. Prezidentin bildirdiyi kimi, yeni qaz kontraktlarından biri əlavə 5 milyard kubmetr qaz hasilatına imkan verəcək. Bu, Azərbaycanın enerji sektorunda uzunmüddətli mövqeyinin qorunması və mövcud imkanların yeni layihələrlə tamamlanması baxımından əhəmiyyətlidir.

Enerji imkanları ilə yanaşı, Azərbaycanın tranzit və logistika potensialı da yeni iqtisadi mərhələnin mühüm elementidir. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzərində yerləşən ölkəmiz son illərdə bu istiqamətdə infrastruktur imkanlarını genişləndirib. Bu il Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcminin 16 milyon tona çatacağı gözlənilir. Orta müddətdə bu göstəricinin 30 milyon tona çatdırılması hədəfi qarşıya qoyulub. Tranzitin genişlənməsi yalnız yük həcminin artması demək deyil; logistika, anbar, sığorta, maliyyə və digər xidmət sahələrində yeni imkanlar və məşğulluq yarada bilər.

VIII Qurultayın gündəliyində yeni mərhələnin ən mühüm istiqamətlərindən biri də Qarabağ və Şərqi Zəngəzurda Böyük Qayıdışdır. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Prezident İlham Əliyevin qurultaydakı çıxışında bildirildiyi kimi, hazırda Qarabağda və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır və təhsil alır. Bu bölgələrin inkişafına indiyədək 28 milyard manat vəsait ayrılıb, 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlərin məskunlaşması təmin edilib. Qarşıdakı illərdə Böyük Qayıdışın daha da sürətləndirilməsi nəzərdə tutulur.

Böyük Qayıdışın mahiyyəti yalnız insanların doğma torpaqlarına qayıtması ilə tamamlanmır. Bu prosesin davamlı olması üçün həmin ərazilərdə iqtisadi həyatın formalaşdırılması, yeni iş yerlərinin yaradılması, sahibkarlığın inkişafı, təhsil və səhiyyə xidmətlərinin əlçatanlığının təmin edilməsi vacibdir. Qarabağ və Şərqi Zəngəzur qarşıdakı dövrdə kənd təsərrüfatı, turizm, sənaye, logistika və digər sahələr üzrə yeni iqtisadi imkanların formalaşdığı məkanlardan birinə çevrilə bilər.

Beləliklə, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında ortaya qoyulan gündəlik bir-biri ilə bağlı çoxsaylı istiqamətləri əhatə edir. Dövlət təhlükəsizliyinin təmin olunması iqtisadi inkişaf üçün sabit mühit yaradır, iqtisadi inkişaf sosial siyasətin maliyyə əsasını möhkəmləndirir, investisiyalar istehsal və məşğulluq imkanlarını genişləndirir, enerji və nəqliyyat layihələri yeni gəlir mənbələri formalaşdırır, Böyük Qayıdış isə Qarabağ və Şərqi Zəngəzurun Azərbaycanın ümumi iqtisadi və sosial məkanına tam inteqrasiyasını sürətləndirir.

VIII Qurultayın əsas siyasi əhəmiyyəti də məhz bu yeni reallıqda özünü göstərir. Əgər Yeni Azərbaycan Partiyasının təsis olunduğu dövrdə başlıca məsələ dövlətçiliyin qorunması, siyasi sabitliyin təmin edilməsi və ölkənin böhrandan çıxarılması idisə, bu gün qarşıda duran vəzifələr artıq yeni mərhələnin imkanları ilə müəyyənləşir. Ərazi bütövlüyü və suverenlik bərpa olunub, indi isə bu tarixi nəticənin yaratdığı imkanların uzunmüddətli inkişaf və rifah üçün reallaşdırılması qarşıda duran əsas məsələlərdəndir.

Bu baxımdan VIII Qurultay yalnız Yeni Azərbaycan Partiyasının fəaliyyətinin müzakirə edildiyi siyasi tədbir deyil, Azərbaycanın yeni inkişaf mərhələsinin prioritetlərinin ortaya qoyulduğu mühüm platformadır. Qarşıdakı dövrdə əsas vəzifə dövlətin gücünü, iqtisadi imkanlarını, insan kapitalını və əldə edilmiş tarixi üstünlükləri davamlı inkişafa yönəltməkdir. Zəfərlə başa çatan mərhələdən sonra Azərbaycanın qarşısında duran əsas məqsəd həmin nəticələri iqtisadi gücə, iqtisadi gücü isə daha yüksək sosial rifaha və dayanıqlı tərəqqiyə çevirməkdir.

Asif Əsgərov,
Milli Məclisin deputatı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-10-2026