Mobil versiya
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib -Fotolar
Tarix: 15-09-2026 | Saat: 17:50
Bölmə:Gündəm / Parlament | çapa göndər

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib

Sentyabrın 15-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin payız sessiyasında ilk iclası keçirilib. İclasın gündəliyinə 10 məsələ - komitədə 2026-cı ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə hesabat, komitənin 2026-cı ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planı və bir sıra qanun layihələri daxil edilib.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Komitənin sədri Əli Hüseynli, əvvəlcə 2026-cı ilin yaz və növbədənkənar sessiyaları dövründə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin gördüyü işlər barədə hesabatı nəzərə çatdırıb. Hesabata əsasən, ötən dövr ərzində komitənin 28 iclası keçirilib, 126 məsələyə baxılıb. Komitənin müzakirəsinə çıxarılmış qanun layihələri süni intellekt texnologiyalarından sui-istifadə hallarının qarşısının alınması, şəxslərin hüquq və azadlıqlarının, şərəf və ləyaqətinin qorunması, bu sahədə müvafiq hüquqi mexanizmlərin tətbiqi, rəqəmsal mühitdə uşaqların hüquqlarının müdafiəsinin gücləndirilməsi, sosial şəbəkə platformalarının fəaliyyətinə dair hüquqi mexanizmlərin təkmilləşdirilməsi kimi dəyişiklikləri əhatə edib. Bildirilib ki, bunlarla yanaşı, sözügedən dövrdə ictimai dinləmə və ya ictimai müzakirənin Elektron Hökumət İnformasiya Sistemi üzərindən də təşkil edilməsi, vətəndaşların qanunvericilik təşəbbüsü hüququndan istifadəsinin elektron qaydada təşkili ilə bağlı sənədlər də komitədə nəzərdən keçirilib. Eyni zamanda, ötən sessiyalarda vətəndaşlardan, idarə və təşkilatlardan daxil olmuş ərizə və məktublara, digər müxtəlif xarakterli sənədlərə komitədə baxılaraq, müvafiq tədbirlər görülüb.

2026-cı ilin payız sessiyasının iş planı barədə məlumat verən Əli Hüseynli diqqətə çatdırıb ki, növbəti sessiyada komitədə qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanun layihələri, o cümlədən dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri, bəzi qanunlarda ediləcək dəyişikliklərlə bağlı müzakirələr aparılacaq.

İclasda 2026-cı ilin yaz və növbədənkənar sessiyaları dövründə Hüquq siyasəti və dövlət quruculuğu komitəsində görülən işlər qənaətbəxş hesab olunub, komitənin cari ilin payız sessiyası üçün iş planının layihəsi təsdiq olunub.
Sonra gündəlikdəki qanun layihələri müzakirəyə çıxarılıb.
İclasda iştirak edən Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının sədri Kəmalə Abıyeva və Ali Məhkəmənin İnzibati Kollegiyasının sədri Xəqani Məmmədov Mülki Prosessual Məcəllədə və İnzibati Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsinin (birinci oxunuş) mahiyyəti ilə bağlı öz fikirlərini açıqlayıblar.
Bildirilib ki, sənəddə təklif olunan dəyişikliklərin böyük bir qismi aidiyyət institutu ilə bağlıdır. Burada həm məhkəmə aidiyyəti, həm də ərazi aidiyyəti nəzərdə tutulur. Qanun layihəsində "məhkəmə aidiyyəti" və “ərazi aidiyyəti" arasındakı sərhəd konkretləşdirilir, hər iki aidiyyət növü üzrə mübahisələrə məhkəmələrdə baxılması, şikayət, apellyasiya, kassasiya şikayətlərinin verilməsi qaydaları ətraflı əks olunaraq sistemli şəkildə tənzimlənir. Digər dəyişiklik adı çəkilən hər iki məcəllədə işi mahiyyəti üzrə həll etməyən məhkəmə aktlarından verilmiş apellyasiya şikayətlərinə, habelə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlərlə bağlı çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayətlərinə hakim tərəfindən təkbaşına baxılması müddəasının əlavə edilməsi ilə bağlıdır. Bununla yanaşı, Mülki Prosessual Məcəllədə yazılı icraat qaydasında baxılmalı olan işlərin siyahısı genişləndirilir, bir sıra maddələrə təkmilləşmə xarakterli dəyişikliklər nəzərdə tutulur.
Sonra Ədliyyə Nazirliyi Qanunvericilik baş idarəsinin rəisi Elçin Nəsibov "Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair (birinci oxunuş) məlumat verib. Qeyd edilib ki, sənəddə ədliyyə orqanlarının tibb xidmətində hərbi qulluqçuların hüquqi statusunun müəyyənləşdirilməsi, bu sahədə xidmət keçmənin hüquqi əsaslarının təkmilləşdirilməsi və bəzi müddəaların dəqiqləşdirilməsi məqsədi ilə bir sıra dəyişikliklər təklif olunur.
Elçin Nəsibov, həmçinin “İcra haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. Bildirilib ki, “İcra haqqında” Qanuna “Tələbin borclunun qiymətli kağızlarına yönəldilməsi” adlı yeni maddənin əlavə edilməsi təklif olunur. Dəyişiklikdə tələbin həm borclunun özündə aşkar edilən sənədli qiymətli kağıza, həm də borclunun adına qeydə alınmış sənədsiz qiymətli kağıza, habelə mərkəzi depozitarda saxlanılan sənədli qiymətli kağıza yönəldilməsi mexanizmi müəyyən edilir. Bununla yanaşı, “Qiymətli kağızlar bazarı haqqında” Qanunda uyğunlaşdırma xarakterli bəzi dəyişikliklər nəzərdə tutulur.
Sonra komitə sədri Əli Hüseynli gündəlikdəki digər məsələləri diqqətə çatdırıb.
Bildirilib ki, Cinayət Məcəlləsində və Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə mexanizmlərinin gücləndirilməsi, hüquqi şəxslərin bu sahədə məsuliyyətinin daha dəqiq müəyyən edilməsi, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin və FATF-ın müvafiq standartlarının milli qanunvericilikdə daha səmərəli həyata keçirilməsinin təmin edilməsi məqsədi daşıyır.
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) ilə bağlı qeyd olunub ki, Məcəllənin 22.1-ci maddəsinin mövcud tələblərinə əsasən, adları həmin maddədə sadalanan şəxslərin Azərbaycan Respublikasında qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Bu maddəyə təklif edilən dəyişikliyə əsasən, həmin şəxslərin siyahısı daha da dəqiqləşdirilir, onların qeydiyyatının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilməsi üçün Azərbaycan Respublikasında 15 gündən artıq olma müddəti müəyyən edilir. Bununla yanaşı, həmin şəxslərə qeydiyyat vəsiqəsinin verilməsi, müvafiq elektron sistemə məlumatların yerləşdirilməsi ilə bağlı qaydalar təkmilləşdirilir.
Gündəlikdəki növbəti məsələ - Mülki Məcəllədə, Gömrük Məcəlləsində, "Xidməti və mülki silah haqqında", "Polis haqqında", "Əməliyyat axtarış fəaliyyəti haqqında", "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında", "Ovçuluq haqqında", "İxrac nəzarəti haqqında" və "Telekommunikasiya haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı bildirilib ki, sənəddə “Lisenziyalar və icazələr haqqında” Qanunun icrası ilə əlaqədar uyğunlaşdırma xarakterli düzəlişlər təklif olunur.
Sonra "Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında" Avropa Konvensiyasına İkinci Əlavə Protokolun təsdiq edilməsi barədə” qanun layihəsi nəzərdən keçirilib. Sözügedən Protokol cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım mexanizmlərinin müasirləşdirilməsinə, tərəflərin səlahiyyətli orqanları arasında əməkdaşlığın operativ həyata keçirilməsinə, müasir kommunikasiya və prosessual imkanlardan istifadə edilməsinə xidmət edir.
Gündəliyin sonuncu məsələsi – "Azərbaycan Respublikası Hökuməti və Ukraynanın Nazirlər Kabineti arasında "Hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında Saziş"ə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Ukraynanın Nazirlər Kabineti arasında Protokol"un təsdiq edilməsi haqqında qanun layihəsi ilə bağlı bildirilib ki, sənəd hökumət rabitəsi sahəsində səlahiyyətli orqanlar barədə müddəanın yenilənməsini nəzərdə tutur.
Məsələlər ətrafında aparılan müzakirələrdə komitənin üzvləri Erkin Qədirli və Azay Quliyev çıxış edərək öz fikir və qeydlərini səsləndiriblər.
Beləliklə, gündəlikdəki qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.
İclasda komitənin sədr müavini Elşən Musayev, üzvləri Əminə Ağazadə, Kamran Bayramov, Kamal Cəfərov, Sabir Hacıyev, Nurlan Həsənov, Mübariz Qurbanlı, Nizami Səfərov, Parlament Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid və digər rəsmi şəxslər iştirak ediblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-09-2026