Mobil versiya
Adəm İsmayıl Bakuvi:"Milli mətbuatımız, milli ruhumuzdur"
Tarix: 20-07-2026 | Saat: 11:41
Bölmə:Siyasət | çapa göndər

Adəm İsmayıl Bakuvi:"Milli mətbuatımız, milli ruhumuzdur"

Azərbaycan milli mətbuatının keçdiyi yol təkcə qəzet və jurnalların yaranma tarixini əks etdirmir. Bu yol xalqımızın milli oyanışının, istiqlal ideallarının, dövlətçilik düşüncəsinin və milli kimliyinin formalaşmasının ayrılmaz salnaməsidir. Elə buna görə də Ümummilli Lider Heydər Əliyev qeyd edirdi: "Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. "Əkinçi"dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik."Bu dəyərli fikir Azərbaycan mətbuatının cəmiyyət həyatındakı rolunu dolğun şəkildə ifadə edir. Çünki milli mətbuat tariximizin bütün dövrlərində xalqın iradəsini əks etdirən, milli maraqları qoruyan, maarifçilik missiyasını yerinə yetirən və cəmiyyətə düzgün istiqamət göstərən mühüm ictimai təsisat olmuşdur.

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Vəhdət Partiyasının sədri, ictimai-siyasi xadim Adəm İsmayıl Bakuvi deyib.


Fikirlərini davam etdirən partiya sədri bildirib ki,1875-ci il iyulun 22-də görkəmli maarifçi Həsən bəy Zərdabi tərəfindən təsis edilən "Əkinçi"qəzeti yalnız Azərbaycan dilində nəşr olunan ilk mətbuat orqanı deyildi. O, milli təfəkkürün, özünüdərkin və milli həmrəyliyin əsasını qoyan ideoloji məktəb idi. Yalnız 56 nömrəsi çap olunsa da, "Əkinçi" xalqın düşüncə tərzində silinməz iz buraxdı. Çar Rusiyasının bu qəzeti qısa müddətdə bağlaması da təsadüfi deyildi. Çünki imperiyalar hər zaman savadlı və düşünən cəmiyyətdən çəkinmişlər. "Əkinçi" isə insanları düşünməyə, sual verməyə, öyrənməyə və milli kimliklərini qorumağa çağırırdı. Sonrakı dövrlərdə nəşr olunan "Ziya", "Kəşkül", "Şərqi-Rus", "Həyat", "Füyuzat", "Molla Nəsrəddin", "Açıq söz" və digər mətbuat orqanları da xalqımızın milli ideologiyasının formalaşmasına mühüm töhfələr verdilər. Onların səhifələrində maarifçilik, milli birlik, azadlıq, hüquq, ana dilinin qorunması və dövlətçilik ideyaları geniş şəkildə təbliğ edilirdi. Bu nəşrlər yalnız ictimai fikrə təsir göstərmir, eyni zamanda gələcək istiqlal mübarizəsinin ideya və intellektual təməlini yaradırdı.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra milli mətbuatın qarşısında daha məsuliyyətli vəzifələr meydana çıxdı. Dövlət quruculuğu prosesinin möhkəmləndirilməsi, milli təhlükəsizliyin təmin olunması və demokratik institutların inkişaf etdirilməsində medianın əhəmiyyəti daha da artdı. Lakin 1990-cı illərin əvvəllərində ölkədə hökm sürən siyasi böhran və qeyri-sabitlik medianın normal fəaliyyətinə ciddi maneələr yaradırdı. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra isə söz və mətbuat azadlığının hüquqi əsasları formalaşdırıldı. 1998-ci ildə senzuranın tamamilə ləğv edilməsi Azərbaycanın demokratik inkişaf tarixində mühüm dönüş nöqtəsi oldu. Bu qərar yalnız medianın deyil, bütövlükdə vətəndaş cəmiyyətinin inkişafına geniş imkanlar açdı.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi dövründə bu siyasət daha müasir məzmun qazandı. Dövlət başçısının təşəbbüsləri nəticəsində medianın iqtisadi dayanıqlığının artırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, jurnalistlərin sosial rifahının gücləndirilməsi və rəqəmsal transformasiyanın sürətləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Medianın İnkişafı Agentliyinin yaradılması, "Media haqqında" yeni Qanunun qəbul edilməsi, media qurumlarına tətbiq olunan vergi güzəştləri və jurnalistlərin sosial təminatını gücləndirən qərarlar bu sahədə aparılan islahatların sistemli xarakter daşıdığını təsdiqləyir. Bu gün Azərbaycan mediası artıq yalnız ölkə daxilində fəaliyyət göstərən informasiya vasitəsi deyil. O, beynəlxalq informasiya məkanında Azərbaycanın milli maraqlarını müdafiə edən mühüm kommunikasiya platformalarından birinə çevrilib. Bunun ən parlaq nümunəsi 44 günlük Vətən müharibəsi dövründə özünü göstərdi. Azərbaycan jurnalistləri informasiya cəbhəsində yüksək peşəkarlıq və fədakarlıq nümayiş etdirərək cəbhədən operativ məlumatlar çatdırdılar, Ermənistanın dezinformasiya kampaniyalarını ifşa etdilər və Azərbaycanın haqq səsini beynəlxalq auditoriyaya çatdırmağa nail oldular. İnformasiya savaşında əldə edilən uğurlar bir daha sübut etdi ki, müasir dövrdə media təkcə xəbər yayan vasitə deyil, eyni zamanda milli təhlükəsizlik sisteminin mühüm dayaqlarından biridir.

Müsahibimiz onu da bildirib ki, müasir dövrdə medianın qarşısında duran çağırışlar isə daha mürəkkəb xarakter daşıyır. Süni intellekt texnologiyalarının inkişafı, rəqəmsal media, sosial platformalar, kibertəhlükələr və dezinformasiya axınları jurnalistikanın məsuliyyətini daha da artırır. Artıq informasiyanı ilk yayımlamaq əsas meyar hesab edilmir. Ən vacib məsələ doğru, obyektiv, operativ və milli maraqlara uyğun informasiya siyasətini həyata keçirməkdir. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan mediası peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə daim sadiq qalmalıdır. Çünki qlobal informasiya mübarizəsinin getdikcə gücləndiyi bir dövrdə həqiqətin qorunması dövlətçiliyin müdafiəsinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir.

Azərbaycan Milli Mətbuat Gününün hər il dövlət səviyyəsində qeyd olunması da bunun bariz göstəricisidir. Bu münasibət yalnız tarixi irsə ehtiram deyil, həm də gələcəyə hesablanmış strateji yanaşmanın ifadəsidir. "Əkinçi" qəzetinin əsasını qoyduğu maarifçilik ənənəsi bu gün rəqəmsal medianın imkanları ilə uğurla davam etdirilir. Dövr dəyişir, texnologiyalar inkişaf edir, informasiya platformaları yenilənir. Ancaq dəyişməyən bir həqiqət var: Azərbaycan mətbuatı bütün dövrlərdə dövlətçiliyin, milli maraqların, həqiqətin və xalqın yanında olub. "Əkinçi"nin ilk sətirlərindən başlanan bu şərəfli yol bu gün Azərbaycanın Zəfər salnaməsini dünyaya çatdıran güclü milli media vasitəsilə davam edir və yalnız 151 ilin deyil, gələcək nəsillərin də dövlətçilik tarixinin ayrılmaz hissəsi olaraq yaşayacaq-
deyə Adəm İsmayıl Bakuvi fikirlərini yekunlaşdırıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-07-2026