Mobil versiya
Azərbaycanlı nazir İrəvanda PANİKA yaratdı
Tarix: 15-07-2026 | Saat: 15:04
Bölmə:Ölkə | çapa göndər

Azərbaycanlı nazir İrəvanda PANİKA yaratdı


“Ermənistan hakimiyyəti Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun açıqlamasına cavab verməli və “Tramp marşrutu” (TRIPP - Zəngəzur dəhlizi) nəzarət-buraxılış məntəqələrinin həqiqətən də Azərbaycan ərazisində yerləşib-yerləşməyəcəyini açıq şəkildə bildirməlidir”.

Bunu politoloq Ara Poqosyan “Sputnik Ermənistan”a bildirib (Publika.az).

İyulun 9-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Ermənistan və ABŞ arasında TRIPP layihəsi üzrə danışıqlar barədə Bakı müntəzəm olaraq məlumatlandırılır, çünki onun giriş-çıxış sərhəd məntəqələri Azərbaycan ərazisində yerləşəcək.

“Ölkə hakimiyyətinin iddia etdiyi kimi, TRIPP Ermənistanın mütləq yurisdiksiyası və suverenliyi altında ərazi olmayacaq. TRIPP-ə, xüsusən də siyasi baxımdan baxsaq, suverenlik və yurisdiksiyada məhdudiyyətlər görürük ki, bu da təəssüf ki, Azərbaycan tərəfinin mövqeyi ilə də təsdiqlənir”, - Poqosyan bildirib.

O qeyd edib ki, əgər Azərbaycan giriş və çıxış nöqtələrinin öz ərazisində yerləşəcəyini iddia edirsə, bu o deməkdir ki, Ermənistan Respublikasından keçən yolda belə nəzarət olmayacaq. Poqosyanın sözlərinə görə, baş nazir Nikol Paşinyan imzaladığı avqust müqaviləsini hər cür əsaslandırmağa və bu layihənin reallığa çevriləcəyini və Ermənistan üçün sülhə zəmanət verdiyini nümayiş etdirməyə çalışır.

“Tramp marşrutu”nun nəzarət-buraxılış məntəqələrinin Azərbaycan ərazisində yerləşməsi nə deməkdir? Bu, texniki məsələdir, yoxsa?

Musavat.com-a danışan siyasi şərhçi Heydər Oğuz deyib ki, Ermənistan tərəfinin hansısa boş mülahizələri ilə Zəngəzur dəhlizinin açılmasının yubadılması yeni hadisə deyil:

“Yadınızdadırsa, rusiyapərəst qüvvələrin təzyiqi ilə üzləşən Paşinyan da bir zamanlar ekstraterritorial xarakterini nəzərə alıb Zəngəzur dəhlizinə etiraz edirdi. Onun fikrincə, Azərbaycana məxsus malların Ermənistan gömrük və sərhəd xidmətləri tərəfindən yoxlanılmaması ölkələrinin suverenliyini şübhə altına alır və buna yol verilməyəcək. Amma bunu deyərkən Zəngəzur dəhlizinin keçdiyi ərazilərdə rus əsgərlərinin dayandığını, başqa sözlə desək, onsuz da həmin ərazilərin Ermənistanın suverenliyi altında olmadığını unudurdu. Təbii ki, Paşinyanın və digər erməni siyasilərin bu bəhanələri real dövlətçilik maraqlarından yox, xarici havadarlarının qızışdırmalarından irəli gəlirdi. Halbuki, 2020-ci ildə atəşkəs sazişi bağlayanda Paşinyan nədənsə bu ekstraterritorial amili nəzərdən qaçırmış, daha sonra Moskvanın təlqini ilə ölkəsinin suverenliyinin qeyrətini çəkməyə başlamışdı. Amma bu “qeyrətçəkmə sindromu”na 2025-ci ilin 10 avqust tarixində Vaşinqtonda keçirilən üçtərəfli Əliyev-Tramp-Paşinyan görüşündə son qoyuldu. Görünür, Vaşinqtonda ona başa saldılar ki, Rusiyanın nəfinə “qeyrət çəkmək”lə uzağa gedə bilməzsən. Bundan sonra Zəngəzur dəhlizi “Tramp yolu” adlanacaq və onun üzərində Ermənistanın deyil, ABŞ-nin suveren hüquqları qorunacaq. Sən də özünə aid olmayan məsələlərlə beynini çox yorma. Biz zəhmət çəkib sənin əvəzinə də düşünə bilərik. Sən də zəhmət çək, susmağa çalış. Üstəlik, sənin ölkənin üzərindən keçən dəhlizdən əldə olunan gəlirin 3-də 1-də sənə çatacaq. Çox o yan-bu yan eləsən, Zəngəzuru tamamən itirərsən, sənin 3-də 1 payını Azərbaycan məmnuniyyətlə bizə hədiyyə edər. Görünür, Paşinyan da vəziyyətin xeyli mürəkkəb olduğunu nəzərə alıb 3-də 1 payla razılaşdığından suverenlik haqlarını da unudub. İndi isə Rusiyaya bağlı qüvvələr ona bir zamanlar səsləndirdiyi “qeyrətçəkmə” əməllərini xatırladır, Moskvaya “biz istənilən əmrə hazırıq” mesajı verməyə çalışırlar. Ara Poqosyanın Rusiyanın “Sputnik-Armeniya” nəşrinə verdiyi müsahibə də bu mesajı həm Paşinyana, həm də köhnə ağalarına çatdırmaq üçündür”.

Bununla belə, H.Oğuz Ermənistanın rusiyayönümlü politoloqlarının bu “canfəşanlığının” işə yaracağına inanmır:

“Ən azı ona görə ki, Zəngəzur dəhlizinin indiki sahibi ABŞ-dir və Ukrayna savaşında dalana dirənən Rusiya onunla quşaq tutub güləşə bilməz. Sadəcə, erməni “qeyrətpərəst”lərinin narazılığını xatırladıb Vaşinqtondan kiçik güzəştlər qopara bilər. Bunun müqabilində isə lazım gələrsə Paşinyanın da üstünə Poqosyanı qoyub Vaşinqtona hədiyyə göndərər”.

Heydər Oğuzun fikrincə, Zəngəzur dəhlizi İrəvanın və ya Moskvanın iradəsindən asılı olmayan mövzudur:

“Dünyanın Şərqi ilə Qərbini birləşdirən bu dəhliz Kremlin və İrəvanın özündən belə qiymətlidir. Ora ABŞ nəzarət etməsə, digər tələ sahibi Çin gəlib Meğridə oturacaq. Nəticədə Çinlə Avropa arasında ildə yüz milyardlarla hesablanan ticarət dövriyyəsinin keçdiyi marşrut Vaşinqtonun nəzarətindən çıxar və ABŞ tədricən dünya hegemonluğunu itirər. Bir də bura Mərkəzi Asiya ölkələrindən daşınacaq nadir torpaq elementlərini qatsaq, Zəngəzur dəhlizinin gerçək qiymətini anlaya bilərik. Dünyanın nadir torpaq elementlərinin 90%-nin hasilatını əlində cəmləşdirən Çinin bu “tərsliyi” faktiki olaraq ABŞ-ni Mərkəzi Asiya ölkələrindən asılı vəziyyətə salıb. Əks halda, bir müddətdən sonra ABŞ öz hərbi texnikalarının işləməsi üçün tələb olunan hissələri belə istehsal edə bilməz və qolunu bükə bilmədiyi Çinin biləklərindən öpmək məcburiyyətində qalar. Bütün bunları nəzərə alanda Poqosyan kimi ulduza barmaq silkələyən politoloqların üsyanları xeyli komik görsənir”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-07-2026