Mobil versiya
Anar Nəbiyev: Şuşa əməkdaşlıq məkanına çevrilib
Tarix: 15-07-2026 | Saat: 12:29
Bölmə:Siyasət | çapa göndər

Anar Nəbiyev: Şuşa əməkdaşlıq məkanına çevrilib

Azərbaycanın ev sahibliyi etdiyi Şuşa Qlobal Media Forumu qısa müddət ərzində dünyanın müxtəlif ölkələrindən media rəhbərlərini, jurnalistləri, ekspertləri, dövlət rəsmilərini və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirən nüfuzlu beynəlxalq platformaya çevrilib. Forumun hər il seçilən mövzuları qlobal informasiya gündəmini müəyyənləşdirən ən aktual məsələləri əhatə etməklə yanaşı, müasir medianın inkişaf istiqamətlərini və onun qarşısında duran əsas çağırışları əks etdirir. Bu günlərdə 53 ölkədən 160 qonağı, o cümlədən 30 xəbər agentliyinin nümayəndələrini, 60-dan artıq media qurumunu, bu sahədə fəaliyyət göstərən 10 beynəlxalq təşkilatı və təsisatı bir araya gətirən, “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunda  dövlət başçısı İlham Əliyevin çıxışı iştirakçıların Azərbaycanda, regionda və dünyada baş verən hadisələr haqqında dolğun məlumatlar əldə etmələrinə geniş imkanlar yaratdı.  Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsindən, tarixi Zəfərimizin reallıqları fonunda işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən geniş bəhs edən dövlətimizin başçısı bildirdi ki, bizim xalqımız həm işğal, həm dağıntılar, həm Zəfər görüb, həm də bu gün bu bərpa və dirçəliş dövrünü həm görür, həm də bunun iştirakçısıdır:  “Ona görə bu sözlərim gələcək nəsillərə, gənc nəslədir ki, Azərbaycan xalqı əbədi, yəni qürurlu xalq kimi, qalib xalq kimi yaşasın, milli kimlik hər şeydən üstün olmalıdır, milli ləyaqət hər şeydən üstün olmalıdır. Məğlub ola bilərsən, - indi olur belə hadisələr, - amma gərək heç vaxt əyilməyəsən, sınmayasan. Heç vaxt işğalçı ilə razılaşmayasan, işğalçının diktəsi ilə oturub-durmamalısan. Lazım olsa, ölsən də belə, gərək ləyaqətlə yaşayasan və öz övladlarına, nəvələrinə, nəticələrinə bunu aşılayasan. Ona görə bizim gələcək inkişafımız gənc nəslə bağlı olacaq, təqribən 20 il, 30 il, 50 il sonra. Onlar da bizim kimi Vətənə bağlı, mətin, iradəli, güclü olmalıdırlar ki, Azərbaycan daim yüksəklərdə olsun”.

Prezident İlham Əliyev diqqəti bu reallığa da yönəltdi ki, biz suverenliyimizi bərpa etmək üçün gücdən istifadə etdik. Biz buna nail olduq və daha irəli getmədik.  Biz dayandıq və bu, çox vacib idi. Düşünürəm ki, silahlı qarşıdurmanın ən qızğın mərhələsi başa çatdıqdan sonra ən vacib məqamlardan biri məhz vaxtında dayanmağı bacarmaqdır. Bu, asan deyil və biz bunu yaxşı anlayırıq. Biz 30 il qəlbimizdə bu yara ilə yaşamışıq. Lakin dayanmalı olduğumuz anda dayandıq: “Biz müharibəni sonsuz etməmək üçün dayandıq. Başqa seçimlərimiz də ola bilərdi. Lakin məsuliyyət və müdriklik tələb edirdi ki, biz dayanaq. Çünki dayanmasaydıq, Ermənistanla müharibə davam edəcəkdi. Bəlkə də, aşağı intensivliklə davam edən bir müharibəyə çevriləcəkdi. Müəyyən vaxtdan sonra yenidən alovlanacaq, sonra yenidən səngiyəcəkdi və insanlar həlak olacaqdılar”.

Cənab İlham Əliyevin çağırışlarında bu məqam da xüsusi önə çəkilir ki, əlbəttə, biz ermənilərin xalqımıza qarşı törətdiklərini heç vaxt unutmayacağıq. Onların şəhərlərimizi necə dağıtdıqlarını, günahsız qadınları və uşaqları necə qətlə yetirdiklərini, Xocalıda soyqırımı törətdiklərini heç vaxt unutmayacağıq. Biz bunu heç vaxt unutmayacağıq.

Azərbaycanın tarixi ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti hər bir hədəfə zamanında və yüksək səviyyədə nail olmağa əsas verir. Bu gün Azərbaycan tarixi Zəfərinin, suverenliyinin tam bərpasının yaratdığı reallıqları ilə dünyanın diqqətindədir. Cənab İlham Əliyev Forumdakı çıxışında bu reallıqları bir daha diqqətə çatdırdı. Bu gün ölkəmizin ənənəvi tərəfdaşlarla əlaqələrini daha da genişləndirməsi, yeni dostlar qazanması beynəlxalq əməkdaşlığa böyük önəm verməsinin göstəricisidir. Keçirilən hər beynəlxalq əhəmiyyətli tədbir yeni əməkdaşlıq formatlarının yaradılmasına böyük töhfədir. Şuşa Qlobal Media Forumu ənənəsinin yaradılması əlaqələrimizin inkişafında, həqiqətlərimizin təbliğində əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyev  çıxışlarında Forumun artıq beynəlxalq media ictimaiyyəti üçün mühüm dialoq məkanına çevrildiyini vurğulayaraq onu da bildirir ki, tədbir artıq ənənəvi xarakter alıb. Bu ənənə davam edəcək və vaxt keçdikcə qonaqların sayı artır, coğrafi əhatə daha da genişlənir. Bütün bunlar bir daha göstərir ki, ən mühüm mövzuların mehriban şəraitdə açıq müzakirələrinə böyük ehtiyac var. Söhbət təkcə mediadan deyil, həmçinin qlobal gündəlikdən gedir.
Dövlətimizin başçısının bu fikirləri Şuşa Qlobal Media Forumunun missiyasını aydın şəkildə ifadə edir. Artıq Forum təkcə media sahəsində peşəkar müzakirələrin aparıldığı platforma deyil, həm də qlobal proseslərin, beynəlxalq təhlükəsizliyin, rəqəmsal transformasiyanın və informasiya mühitində baş verən dəyişikliklərin açıq dialoq şəraitində müzakirə olunduğu nüfuzlu beynəlxalq tədbir kimi öz mövqeyini möhkəmləndirir.

Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-07-2026