Mobil versiya
Gülsehrandan türkologiya dünyasına: Bir alimin ömür yolu
Tarix: 13-05-2026 | Saat: 10:32
Bölmə:Karusel / Özəl / Qərbi Azərbaycan | çapa göndər

Gülsehrandan türkologiya dünyasına: Bir alimin ömür yolu

101 Ağbabalı" silsiləsindən


Ağbaba mahalı... Hər daşında bir dastan gizlənən, hər qayası bir qəhrəmanlıq silsiləsinə şahidlik edən müqəddəs ana torpaq! Bu torpağın ən zərif çiçəyi olan, qədim adı ilə ruhu bir bütöv təşkil edən Gülsehran kəndi (Çivinli), sadəcə bir yaşayış məskəni deyil, bir nəslin şərəf qalasıdır. Bu qalanın yetirməsi, bu gün elm fəzasında öz imzasını türkologiya dünyasına həkk edən Güləhməd İmanovun ömür yolu, əslində bir intiqamın elmlə alınması, bir itkinin yaddaşla bərpasıdır.

Güləhməd müəllimin həyat hekayəsinin kökləri, canında faşizmin mərmi qəlpələrini bir ömür fəxrlə daşıyan, "kulak" oğlu damğasına rəğmən Vətənə sevgisi sönməyən qəhrəman ata — Nağı kişinin şanlı keçmişinə bağlanır. Güləhməd müəllimin atası Nağı kişi, Ağbaba mahalından İkinci Dünya müharibəsinə gedən ilk zabitlərdən, "Qızıl Ulduz"lu qəhrəmanlardan biri olmuşdur. Onun taleyi hələ uşaq ikən acı sınaqlarla başlamışdı. Atası Məşədi İman oğlu Məhəmməd (Qori seminariyasının məzunu və Quran bilicisi) repressiyaya məruz qalmış, ailənin 15 ilə tikilmiş mülkləri və var-dövləti sovet hökuməti tərəfindən əllərindən alınmışdı. İki dəfə ailəsinə "qara kağızı" gələn, ölümün gözünə dik baxıb qayıdan bu polad iradəli insan, təkcə cəbhədə deyil, qayıtdıqdan sonra da öz doğma yurdunda daha mənfur, daha məkrli bir düşmənlə — erməni millətçiliyi ilə üz-üzə gəldi.

Erməni şovinizmi hələ o illərdə türkün maariflənməsindən, onun ziyalı çırağının yanmasından vəhşicəsinə qorxurdu. Nağı kişi kəndində məktəb açmaq, mədəniyyət ocağı qurmaq istəyəndə, İrəvanın zülmət kabinetlərində oturanlar onun qarşısına divar çəkdilər. Onların nifrət dolu məntiqi bəlli idi: "Türklər ancaq dağlarda yaşamalı, heyvandarlıqla məşğul olmalıdır!" Bu, bir xalqı elmdən, tarixdən, gələcəkdən məhrum etmək istəyən məkrli bir siyasətin iyrənc ifşası idi. Lakin onlar unudurdular ki, Nağı kişinin ocağında böyüyən övladlar həmin o sıldırım qayalardan elmin ən uca zirvələrinə boylanacaqdılar.



Nağı kişi geri çəkilmədi. 1964-cü ildə Moskva mətbuatında onun döyüş yolu haqqında böyük məqalə dərc olundu və o, kənddə 8 illik məktəbin açılmasına nail oldu. Özü təhsil ala bilməsə də, övladlarının taleyi üçün hər şeyi etdi: altısı ali təhsilli olmaqla, ailəsindən iki alim yetişdirdi.

1989-cu ilin o məşum, göylərin də fəryad edib ağladığı yağışlı günü... Gülsehranın (Çivinli) sonuncu ocağı sönərkən yaşananlar Güləhməd müəllimin qəlbində heç vaxt sağalmayacaq bir yaradır. Erməni quldurlarının ata-baba mülklərini talan etməsi, qardaşı Gülməmmədin təkbaşına bir orduya meydan oxuyaraq qan içində yerə sərildiyi o anlar... Balaca Güləhmədin göz yaşları yağışa qarışarkən atdığı hər daş, əslində gələcəyin böyük aliminin düşmənə vurduğu ilk zərbə idi. O gün xilaskar kimi gələn rus hərbçiləri bəlkə də sadəcə iki canı qurtardılar, amma o uşağın içindəki Vətən yanğısını və elm eşqini söndürə bilmədilər.

Bu gün Güləhməd İmanov Bakı Dövlət Universitetinin kürsüsündən türkologiyanın sirlərini tələbələrinə çatdırarkən, əslində atasının yarımçıq qalmış arzularını tamamlayır. Onun yazdığı hər elmi əsər, tədqiq etdiyi hər qədim türk sözü, Gülsehranın itirilmiş torpaqlarına qayıdışın mənəvi körpüsüdür. Atası Nağı kişinin cəbhədə qazandığı "Qızıl Ulduz"u, oğlu Güləhməd elm aləmində qazandığı nailiyyətlərlə, fəlsəfə doktoru elmi dərəcəsi ilə yenidən parıldadır.

Güləhməd İmanov — bir əlində atasından miras qalan şərəf bayrağı, digər əlində elmin nuru olan, Ağbabanın sönməz ruhunu yaşadan həqiqi Vətən fədaisidir!



Güləhməd İmanovun elm yolundakı ilk addımları, hələ uşaq yaşlarında ikən taleyin sərt sınaqları ilə kəsişdi. Onun təhsil xronikası sadəcə bir karyera yüksəlişi deyil, həm də didərgin düşmüş bir ruhun özünü elmdə bərpa etmə hekayəsidir:

Güləhməd müəllim ilk təhsilinə doğma ocağı olan Amasya rayonunun Çivinli (Gülsehran) kənd orta məktəbində (1981–1988) başlamışdır. Lakin məlum 1988-ci il hadisələri və erməni təcavüzü onun bu təhsil ocağındakı son illərini yarımçıq qoydu. Ailəsi ilə birlikdə Bakıya sığınan gənc Güləhməd, təhsilini paytaxtın 75 saylı orta məktəbində (1988–1990) davam etdirməli oldu. Bu keçid dövrü onun iradəsini daha da itilədi; yurd itkisi onu daha çox oxumağa, daha böyük hədəflərə yönəltdi.

90-cı illərin əvvəllərində qardaş Türkiyənin təhsil qapıları Azərbaycan gənclərinin üzünə açılarkən, Güləhməd İmanov bu imkandan maksimum yararlanan istedadlardan biri oldu:
O, Ankara şəhərində yerləşən, nüfuzlu Fethiyyə Kemal Mumcu Anadolu Liseyini uğurla bitirərək, mükəmməl türk dili və fundamental biliklər bazası topladı.

• Ali təhsilini Türkiyənin köklü elm ocaqlarından olan Kocatəpə Universitetinin Fen-Ədəbiyyat fakültəsində davam etdirdi. Bakalavr pilləsini fərqlənmə diplomu ilə başa vurduqdan sonra, elmi axtarışlarını magistratura səviyyəsində dərinləşdirdi. Bu illər onun gələcək bir türkoloq kimi formalaşmasında mühüm rol oynadı.

Güləhməd müəllim Türkiyədən qayıdıb Xarici İşlər Nazirliyi kimi nüfuzlu bir qurumda fəaliyyətə başlayanda, (2002) Məhəmməd müəllimin uzaqgörənliyi və qardaş məsləhəti hər şeyi dəyişdi. O, qardaşının daxilindəki pedaqoji istedadı, türklük eşqini və elmə olan sonsuz marağını hamıdan yaxşı görürdü. Məhəmməd müəllim qardaşına müraciətlə: "Sənin yerin auditoriyadır, sənin xidmətin gələcək nəsillərin təlim-tərbiyəsindədir" — deyərək, onu müqəddəs müəllimlik yoluna yönəltdi. Bu, sadəcə bir məsləhət deyil, bir nəslin maarifçilik ənənəsinin davamı üçün verilmiş ən doğru qərar idi.

2004-cü ildə Bakı Dövlət Universitetinin (BDU) aspiranturasına daxil olması ilə Güləhməd İmanovun elmi fəaliyyətində yeni və parlaq bir mərhələ başladı:
2008-ci ildə Nəsimi adına Dilçilik İnstitutunda “Oğuz qrupu türk dillərində modal sözlər” mövzusunda dissertasiya işini yüksək səviyyədə müdafiə etdi. Ali Attestasiya Komissiyası tərəfindən filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görüldü.

BDU-nun Şərqşünaslıq fakültəsinin Türk filologiyası kafedrasında müəllim kimi başladığı yolda bu gün baş müəllim kimi davam edir. O, təkcə "Türk dili" və "Tərcümə nəzəriyyəsi"ni tədris etmir, həm də tələbələrinə bir vaxtlar Nağı kişinin ondan əsirgənən təhsil haqqını – bilik işığını ötürür.



Güləhməd İmanov bu gün 2 dərslik, 1 monoqrafiya və beynəlxalq səviyyədə tanınan 80-ə yaxın elmi əsərin müəllifi kimi Ağbabanın və Gülsehranın adını elm aləmində uca tutur. O, qədim türk dili üzrə apardığı tədqiqatlarla türkün qədim tarixini bu günün dili ilə yenidən canlandırır.

Güləhməd İmanovun bir alim kimi püxtələşməsində, onun xarakterinin formalaşmasında və həyatın ən sərt dönəmlərində yoluna işıq tutulmasında böyük qardaşı — hüquq elmləri doktoru, Professor Məhəmməd İmanlının rolu misilsizdir.

Nağı kişinin ocağında böyüyən bu iki qardaş, əslində eyni amala — Ağbaba ruhunu elmin zirvəsinə daşımaq məqsədinə xidmət edirlər. Professor Məhəmməd İmanlı ailənin böyük oğlu kimi həm də bir ata əvəzi, bir mənəvi rəhbər missiyasını öz çiyinlərində daşımışdır. O, təkcə hüquq elminin incəliklərinə vaqif olan bir alim deyil, həm də soy-kökünə, el-obasına bağlılığın canlı rəmzidir.

Bu gün biri hüquq, digəri isə filologiya sahəsində elmin zirvələrini fəth edən iki qardaş — Məhəmməd və Güləhməd İmanlılar, Ağbaba mahalının ziyalı simasını tamamlayırlar. Məhəmməd müəllimin professor kimi qazandığı nüfuz və hüquqi təfəkkürü, Güləhməd müəllimin türkologiya sahəsindəki araşdırmaları ilə birləşərək vahid bir mənəvi cəbhə yaradır.

Məhəmməd İmanlının böyük qardaş qayğısı və elmi himayəsi, Güləhməd müəllimin hər bir uğurunda görünməz bir imza kimi yaşayır. Onlar bir-birinə dayaq duraraq, Nağı kişinin canındakı qəlpələrin ağrısını elm zəfərləri ilə sağaldır, Gülsehranın itirilmiş sükutunu universitet auditoriyalarından gələn bilik sədaları ilə doldururlar.

"101 Ağbabalı" silsiləsinin bu şanlı səhifəsi bizə sübut edir ki, bir ailənin elmi birliyi, bütöv bir mahalı və milləti ucalda bilər. Professor Məhəmməd İmanlının uzaqgörənliyi və Güləhməd İmanovun elmi fədakarlığı, Ağbabanın gələcək nəsilləri üçün yol göstərən bir ulduzdur.

Onlar gələcəyə bir boylanaraq, həm Nağı kişinin "Qızıl Ulduz"unu yaşadır, həm də Gülsehranın dirçəliş gününə doğru birlikdə, inamla irəliləyirlər. Çünki onlar bilirlər ki, elmlə qazanılan qələbə ən əbədi qələbədir və o qələbənin sədası bir gün mütləq Ağbaba dağlarında əks-səda verəcəkdir!

Güləhməd İmanovun ömür yolu sadəcə bir alimin fərdi uğur hekayəsi deyil; bu, bir millətin sarsılmaz iradəsinin, öz kökləri üzərində yenidən boy atan palıd ağacının hekayəsidir. Onun hər mühazirəsi, hər elmi tədqiqatı sanki bir vaxtlar "Siz türklər dağlarda heyvan otarmalısınız" deyən mənfur zihniyyətə endirilən ən ağır, ən kəsərli elmi şapalaqdır. Atası Nağı kişinin cəbhədə faşizmə qarşı apardığı mübarizəni, bu gün oğlu Güləhməd elm cəbhəsində — türkün qədim dilini, mədəniyyətini və ruhunu dünyaya tanıdaraq davam etdirir.
Bu gün Güləhməd müəllimin baxışlarında təkcə keçmişin ağrıları yox, həm də sabaha olan böyük inamın parıltısı var. O inanır ki, elmlə, zəkayla və milli ruhla yoğrulmuş hər bir addım bizi addım-addım o müqəddəs torpaqlara — Gülsehranın laləli düzlərinə, Ağbabanın dumanlı dağlarına yaxınlaşdırır. Onun ən böyük arzusu, günün birində öz elmi əsərlərini məhz o dağların qoynunda, Nağı kişinin qurduğu, lakin düşmənin sökdüyü o ocaqların başında yenidən vərəqləməkdir.

Güləhməd İmanov gələcəyə boylanaraq yetişdirdiyi gənclərə bir mesaj verir: “Biz təkcə torpağımızı itirmədik, biz həm də bir tarixin varisləriyik. Və o tarixi geri qaytarmağın yolu elmdən, bilikdən və vətən sevgisindən keçir.”

Onun ömrü, sanki sıldırım qayalarda bitən bir çiçəyin günəşə doğru uzanmasıdır. Və o gün uzaqda deyil ki, Gülsehrandan didərgin düşən o uşağın yağış altında tökdüyü göz yaşları, doğma yurdun dirçəliş bağlarında sevinc leysanına çevriləcək. Çünki Nağı kişinin "Qızıl Ulduz"unun işığı Güləhməd müəllimin elmi ilə birləşib gələcəyə doğru elə bir nur saçır ki, o nurun qarşısında heç bir zülmət dayana bilməz.
Ağbabanın elmi zirvəsindən biri, Gülsehranın qürur mənbəyi — Güləhməd İmanov! Sizin yolunuz, Türkün sönməz elm və vətən eşqinin yoludur!


Şəmsi Qoca



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə