Ömrün 65-ci zirvəsi: Şəmsi Qoca ilə zamanın və sözün izində
Tarix: 27-04-2026 | Saat: 11:43
Bölmə:Manşet / Ölkə / Özəl / Qərbi Azərbaycan | çapa göndər

Bu gün redaksiyamızın qonağı Azərbaycan mətbuatında öz imzası, tədqiqatlarında dəqiqliyi və şeirlərindəki milliliyi ilə seçilən şair-publisist, təhsil eksperti və Qərbi Azərbaycan İcmasının elmi işçisi Şəmsi Qocadır. 65-lə vidalaşıb 66 yaşın astanasında dayanan müsahibimlə həm uşaqlıq illərinin saflığına qayıdacaq, həm də müasir ədəbi mühitin görünməyən tərəflərinə işıq tutacağıq.
-Şəmsi müəllim, gəlin lap əvvələ qayıdaq. İlanlı kəndinin o uca dağları, yaylaqları sizin yaddaşınızda hansı rəngdə qalıb? Uşaq Şəmsinin xəyallarındakı dünya ilə bugünkü dünya arasında nə qədər məsafə var?
-Mənim uşaqlığım dağların saflığı və babam Axund Qara Məhəmməd oğlu Əlinin qədim hekayətləri ilə yoğrulub. O illər yaddaşımda yaşıl və bəyaz rəngdə qalıb. Uşaq Şəmsi o dağların o tərəfində nə olduğunu maraq edirdi, bugünkü Şəmsi isə o dağlara qayıtmağın yollarını yazır. Məsafə çox olsa da, ruhum hələ də o kəndin cığırlarındadır.
-Siz həm də bir pedaqoqsunuz, uzun illər təhsil sahəsində çalışmısınız. Müəllimlik sizin üçün sadəcə bir peşə idi, yoxsa insan ruhunu yonan bir sənət?
- Müəllimlik mənim üçün bir missiya idi. Mən sinfə girəndə qarşımda sadəcə şagird yox, Azərbaycanın gələcəyini görürdüm. Qardaşım, rəhmətlik Əməkdar müəllim Əkbər Qocayevin dərslik yazarkən göstərdiyi o titrək münasibəti mən dərs keçəndə yaşayırdım. Bir uşağın gözündəki işığı yandırmaq, ona tariximizi sevdirmək şeir yazmaq qədər müqəddəsdir.
- Şəmsi müəllim, siz Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvüsünüz, illərdir yazırsınız, kitablarınız çap olunur. Amma maraqlıdır, niyə indiyə qədər heç bir dövlət təltifi və ya Prezident təqaüdü almamısınız?
Sizdən qat-qat zəif yazanların bu adları aldığını görürük. Sizmi istəmədiniz, yoxsa unuduldunuz?
- Bilirsiniz, mənim kimsəyə ağız açmaq, nəyisə dilənmək kimi bir lüksüm yoxdur. Mənim xarakterim buna yol verməz. Bəli, bu gün o təqaüdləri "cırmaqlaşıb" alanlar, layiq olmadığı halda o kürsülərdə əyləşənlər layiq olanlardan çoxdur. Hətta birini tanıyıram ki, onu "şairə" ediblər. Adamın kitabındakı şeirlərin hərəsi bir şairə məxsusdur, biri də elə məndən oğurlanıb. Amma o adam bu gün Prezident təqaüdü alır.
Bu haqsızlıq sizi küsdürmür ki? Şairin haqqının başqası tərəfindən mənimsənilməsi ağır deyilmi?
- Mənə elə təqaüd lazım deyil. Mən təqaüd almaq üçün yox, ürəklərdə, yaddaşlarda qalmaq üçün yazıram. Mənim ən böyük mükafatım oxucunun sevgisidir. O təqaüdlər gəldi-gedərdi, amma xalis söz əbədidir. Mən o cür cırmaqlaşaraq alınan adı özümə sığışdırmaram.
-Şəmsi müəllim, hər bir böyük yolun bir ilk addımı olur. Sizin elmə, kitaba açılan ilk pəncərəniz hansı olub? İlk müəllimlərinizi necə xatırlayırsınız, onlar kimlər olub?
-Mənim taleyim elə gətirib ki, ilk müəllimlərim elə öz qardaşlarım olub. Bilirsiniz, anam qardaşım Əkbəri müəllim, məni isə şair doğub. İlk əlifbanı, oxumağı mənə məhz qardaşım, rəhmətlik Əkbər Qocayev öyrədib. Təsəvvür edin, o özü hələ 4-cü sinifdə oxuyanda mənim cəmi 6 yaşım vardı və o, mənə elmin qapılarını açırdı. Rəsmi olaraq məktəbə gedəndə isə ilk müəllimim böyük qardaşımız, Səyyad lı Qocayev oldu. Səyyadlı müəllim 1-ci sinifdən 9-cu sinfə qədər mənim həm müəllimim, həm də yol göstərənim olub, mənə elmi sevdirib.
Amma siyahı bununla bitmir, sanki bir "Ağbaba Akademiyası"ndan dərs almısınız...
Bəli, mən çox şanslı adamam ki, mənə dərs deyən o insanlar sonradan Azərbaycan elminin və mətbuatının sütunlarına çevrildilər. Əməkdar jurnalist Səyyad Ağbabalı mənim tarix müəllimim olub. Professor Nəsir Xankişiyevdən ingilis dilinin sirlərini öyrənmişəm. Həsən Şəmilov, Telman və Teymur Məmmədovlar, Ələkbər Ələkbərov kimi şəxsiyyətlərdən təkcə elm yox, həm də kişilik, ləyaqət və tərbiyə əxz eləmişəm. Bizim kənd məktəbi deyil, sanki bir universitet idi. O kişilər bizə təkcə fənni yox, həyatın özünü, vətəni sevməyin fəlsəfəsini öyrədirdilər. Bu gün mənim yazdıqlarımda, duruşumda o müəllimlərimin hər birinin nəfəsi var.
Maraqlıdır, ilk müəllimlik fəaliyyətiniz harada, hansı məktəbdə başlayıb?
Pedaqoji fəaliyyətimin çox böyük və məhsuldar bir hissəsi Saatlı rayonu ilə bağlıdır. Müəllim kimi əmək fəaliyyətinə Saatlı rayonundakı Dədə Qorqud kənd orta məktəbində təşkilatçı direktor müavini kimi başlamışam. 1982-ci ildən 2005-ci ilə qədər Saatlı rayonunun məktəblərində təlim-tərbiyə işləri üzrə direktor müavini, məktəb inspektoru, RTŞ müdirinin müavini vəzifələrində işləmişəm. Saatlı mənim üçün böyük bir təcrübə meydanı olub.
Bəs Bakıdakı illəriniz? Paytaxt təhsili Sizin tərcümeyi-halınızda hansı mühüm dayanacaqlarla yadda qalıb?
- 2005-ci ildən sonra fəaliyyətim Bakıda davam etdi. 14 saylı məktəbdə tarix müəllimi, Nəsimi RTŞ-də metodist, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması sektorunda aparıcı məsləhətçi kimi çalışdım. Daha sonra məktəb direktoru kimi məsuliyyətli rəhbərlik missiyasını üzərimə götürdüm: 2013-2017-ci illərdə 126 nömrəli məktəbin, 2017-2022-ci illərdə isə 166 nömrəli məktəb-liseyin direktoru oldum. Hazırda isə bütün bu təcrübəmi Qərbi Azərbaycan İcmasında elmi işçi kimi fəaliyyət göstərərək milli məsələmizə yönəltmişəm.
-Şəmsi müəllim, 65 illik ömür yolunuzu bir "qoşma"ya bənzətsək, onun ilk bəndi harada və necə başlayır?
- Mənim ömrümün ilk misraları Ağbaba mahalının İlanlı kəndində, o uca dağların qoynunda yazılıb. İlk bəndim uşaqlığımın keçdiyi o təmiz havası olan yaylaqlardır. Bizim nəslin taleyi bir qədər ağrılıdır; şeirimiz şən başlasa da, ortada bir həsrət, bir köç kövrəkliyi var. Amma ruhum həmişə o torpaqlardadır.
-Siz "Azərbaycan Ağbabadan başlayır" deyirsiniz. Bu təkcə coğrafi bir iddiadır, yoxsa ruhun və tarixin başlanğıc nöqtəsi?
- Bu, həm coğrafiya, həm də genetik yaddaş məsələsidir. Qərbi Azərbaycan bizim milli kimliyimizin mayasıdır. Mən bu kitabı yazanda təkcə faktları deyil, o torpaqların sızıltısını kağıza köçürmüşəm. Bəli, mənim üçün Azərbaycan mənən ordan başlayır, çünki kökümüz ordadır.
Qərbi Azərbaycan İcmasında elmi işçi kimi fəaliyyət göstərirsiniz. Tarixi faktlarla bədii təxəyyülün toqquşduğu məqamlarda hansı daha üstün gəlir: faktın soyuqluğumu, yoxsa şairin duyğusumu?
- Jurnalist və tədqiqatçı kimi faktın dəqiqliyinə zərrə qədər xələl gətirə bilmərəm. Amma o quru faktları xalqın qəlbinə çatdırmaq üçün şair qəlbinin hərarəti lazımdır. Mən mətni heç vaxt ixtisar etmirəm, tarixi faktları olduğu kimi saxlayaraq onları bədii bir dillə oxucuya sevdirməyə çalışıram.
-Qardaşınız, rəhmətlik Əkbər Qocayev Azərbaycanın tarix dərsliklərinin müəllifi, görkəmli pedaqoq idi. Onun sizin bir təhsil eksperti və tədqiqatçı kimi formalaşmağınızda rolu nə dərəcədə olub?
-Əkbər müəllim təkcə mənim qardaşım deyil, həm də mənəvi ustadım idi. Onun tarixə olan sevgisi, dərslik yazarkən nümayiş etdirdiyi o böyük məsuliyyət mənim üçün həmişə örnək olub. Bizim ailədə elmə, kitaba olan hörmət onun sayəsində daha da möhkəmləndi. O, tariximizi gələcək nəsillərə öyrədən bir çıraq idi, mən də bu gün onun yarımçıq qalan arzularını, o tarixi həqiqətləri öz yaradıcılığımla davam etdirməyə çalışıram.
Sizin yaradıcılığınızda Nəsimi fəlsəfəsinin, "Sığmazam" ruhunun xüsusi çəkisi var. Müasir dünyada insan özünü haraya sığdıra bilmir?
- Nəsimi fəlsəfəsi mənə öyrətdi ki, insan kainatın kiçildilmiş modelidir. Bu gün insan maddiyyatın dar qəliblərinə sığmır, amma mənəviyyatda hələ də özünə geniş bir yer tapa bilmir. Mən də yaradıcılığımda o böyüklüyü, o ilahi eşqi axtarıram.
Klassik "qoşma" və "bayatı" formalarına sadiqsiniz. Bu formalar sizin üçün köhnəlməz bir libasdır, yoxsa milli ruhun yeganə ifadə vasitəsi?
- Bayatı bizim ruhumuzun genetik kodudur. Qoşma isə dərdimizi ən mərdanə şəkildə demək üçün ən yaxşı kürsüdür. Yeni formalar gələ bilər, amma ana südü kimi şirin olan o vəznlər mənim üçün əvəzolunmazdır.
Şəmsi müəllim, Sizin fəaliyyətiniz və yaradıcılığınız o qədər çoxşaxəlidir ki, adam bəzən Sizi hansı adla təqdim edəcəyini çaşır: Şairmi deyək, təhsil ekspertimi? Pritçalar və fəlsəfi esselər müəllifimi, publisistmi, yoxsa kəsərli bir ədəbi tənqidçimi? Siz özünüzü bu rəngarəngliyin harasında görürsünüz?
- Bilirsiniz, bu sahələrin hər biri mənim ruhumun bir parçasıdır və biri digərini tamamlayır. Amma bunların hamısını birləşdirən tək bir ad var: Zamanın və sözün sadiqi.
Mən təhsil adamıyam, çünki ömrümün 40 ilindən çoxunu insan yetişdirməyə, Saatlıdan Bakıya qədər uzanan məktəb yollarında nəsillərin gələcəyini qurmağa həsr etmişəm.
Mən şairəm, çünki dərdimi, vətən həsrətimi, Ağbaba nisgilimi yalnız misralara sığışdıra bilirəm.
Mən pritçalar və fəlsəfi esselər müəllifiyəm, çünki həyatı yalnız görünən tərəfi ilə deyil, onun alt qatındakı hikməti ilə dərk etməyə çalışıram. "Olumdan ölümə" uzanan yolu fəlsəfəsiz izah etmək mümkün deyil.
Mən publisist və ədəbi tənqidçiyəm, çünki cəmiyyətdəki haqsızlığa, ədəbiyyatdakı saxtalığa və "oğurluq şeirlərlə" ucalmaq istəyənlərə qarşı susa bilmirəm.
Lakin bu gün mənim üçün ən ali status Qərbi Azərbaycanın yaddaş keşikçisi olmaqdır. Hazırda İcmada apardığım elmi işlər, yazdığım "Qayıdış dastanı" mənim bütün bu kimliklərimin – alimliyimin, şairliyimin və publisistliyimin bir nöqtədə birləşməsidir. Məni necə çağırırsınızsa çağırın, təki sözüm vətənə və həqiqətə xidmət eləsin.
Şəmsi müəllim, yaradıcılıq diapazonunuzun genişliyindən danışdıq, amma maraqlı bir məqam var: bu qədər zəngin daxili dünyası olan bir şairin cəmi 5 şeir kitabı işıq üzü görüb. Niyə kitablarınızın sayı azdır? Sanki şeiri bir qədər "yetim" qoymusunuz...
- Bilirsiniz, kənardan elə görünə bilər ki, şeir kitablarımın sayı azdır. Amma mən təkcə şeir yazmaqla kifayətlənən bir yaradıcı deyiləm axı. Mənim masamın üzərində hər zaman şeir dəftəri ilə yanaşı, elmi proqramlar, dərsliklər və dərs vəsaitləri olub.
Mən ömrümün böyük bir hissəsini Azərbaycan təhsilinin elmi bazasının qurulmasına həsr etmişəm. Vaxtilə rəhmətlik qardaşım, dəyərli alimimiz Əkbər Qocayevlə birlikdə Tarix fənni üzrə xeyli dərslik, dərs vəsaiti və tədris proqramları hazırlamışıq. Bu gün məktəblərdə istifadə olunan bir çox elmi materialların altında bizim imzamız, zəhmətimiz var.
Bundan başqa, mən həm də bir publisist və tədqiqatçı kimi minlərlə məqalənin müəllifiyəm. Mənim üçün kitabın sayı yox, çəkisi önəmlidir. Mən 5 şeir kitabı yazmışam, amma o kitabların hər birində bir ömür var. İndi isə o şeirlər böyük bir "Qayıdış dastanı"na çevrilir. Yəni mənim şeirim yetim qalmayıb, sadəcə o, həm də elmin, tarixin, dərsliklərin içində özünə yuva qurub. Mənim yaradıcılığım bir bütövdür – ordakı alimlə şairi bir-birindən ayırmaq mümkün deyil.
-Bir təhsil eksperti kimi, bugünkü gəncliyin mütaliə səviyyəsi sizi qane edirmi? Kitabın qoxusunu rəqəmsal ekranlar əvəz edə bildimi?
- Texnika inkişaf edir, bu qaçılmazdır. Amma kitabın verdiyi o dərin düşüncəni heç bir ekran verə bilməz. Gənclərimiz məlumatlıdırlar, amma biliyin hikmətə çevrilməsi üçün mütaliə şərtdir. Mən istərdim ki, təhsilimiz təkcə kadr deyil, həm də "insan" yetişdirsin.
Təhsil sistemindəki islahatlarda həmişə milli dəyərlərin qorunmasını ön plana çəkirsiniz. Bunu necə balanslaşdırmalıyıq?
- Modernləşməliyik, amma özümüz qalaraq. Robot texnikasını öyrənən uşaq, eyni zamanda Səməd Vurğunun bir bəndini əzbər bilməlidir ki, sabah o texnologiyanı xalqının xeyrinə istifadə etsin. Milli ruhu olmayan təhsil ruhsuz bədən kimidir.
-Şəmsi müəllim, yaradıcılığınızda vətən qədər ailə mövzusu da geniş yer tutur. Nilufər, Leyla, Said, Cavid, Nihan və ailənizin ən kiçik üzvü, cəmi bir neçə aylıq olan Atlas Efe... Altı nəvə babası olmaq sizin dünyaya baxışınızı necə dəyişdi?
- Nəvə insanın ömrünün payızı deyil, sanki ikinci baharıdır. Onların hərəsi bir rəng, hərəsi bir dünyadır. Nilufərin, Leylanın zərifliyi, Saidin və Cavidin mənə verdiyi o qürur, Nihanın şirinliyi mənim üçün həyatın özüdür. İndi isə Atlas Efe gəldi – ailəmizin altıncı ulduzu. O, hələ çox körpədir, amma onun gəlişi bizə bir daha xatırlatdı ki, həyat davam edir, kökümüz budaq atır. Onlara baxanda özümü daha cavan, daha məsuliyyətli hiss edirəm. Çünki mən onlara təkcə şeirlər yox, həm də qürur duyacaqları bir ad və tarix qoyub getməliyəm.
-Altıncı nəvəniz Atlas Efenin adında sanki bir ucalıq və qəhrəmanlıq ruhu var. Bir baba və bir şair kimi, onun beşiyi başında dayandıqda gələcəyə dair nələr pıçıldayırsınız? Onu necə bir Azərbaycanın vətəndaşı kimi görmək istərdiniz?
- Atlas Efe – adıyla böyüsün. Mən onun qulağına həmişə ulu babalarımız Mürsəl Yüzbaşıdan, Qədim oğlu Qocadan, Axunda Qara Məhəmməddən, onların şücaətlərindən, bizim o qədim İlanlı kəndinin uca dağlarından danışacağam. İstəyirəm ki, o və bütün nəvələrim həm müasir dünyanın elmini bilsinlər, həm də öz soylarının, köklərinin haradan gəldiyini unutmasınlar. Atlas Efe böyüyəndə mən ona yazdığım kitabları verib deyəcəyəm ki, "Bax, oğlum, biz buraları heç vaxt unutmadıq, sən də unutma". Mənim ən böyük arzum onların öz vətənlərində, azad və bütöv bir Azərbaycanda xoşbəxt yaşamalarıdır.
65 yaşın zirvəsindən baxanda, sağlamlıq şeirdən daha vacib görünməyə başlayıb?
- (Gülür) Bilirsiniz, ruh sağlam olmayanda bədən də tez çökür. Şeir mənim ruhumun dərmanıdır. Təbii ki, illər öz sözünü deyir, amma hərəkətdə bərəkət var. Yazmaq, oxumaq, araşdırmaq məni gümrah saxlayır.
- Şəmsi müəllim, gənclik illərinizə boylananda o dövrün havasını, ruhunu necə xatırlayırsınız? Sizin dövrünüzün gəncliyi ilə bugünkü gənclik arasında ən böyük "hiss fərqi" nədədir?
-Bizim gəncliyimiz daha romantik və bəlkə də daha səbirli idi. Biz bir kitab üçün növbəyə durar, bir məktubun cavabını həftələrlə gözləyərdik. O gözləmək hissinin özündə bir şirinlik, bir tərbiyə vardı. İndiki gənclik hər şeyi sürətlə əldə edir – məlumatı da, ünsiyyəti də. Amma biz duyğuları daha dərindən yaşayırdıq. Mənim gəncliyim dağların saflığı ilə şəhərin intellektual mühitinin qovuşduğu bir dövr idi.
-Bir şair kimi sevgi sizin üçün sadəcə bir mövzudur, yoxsa həyatın hərəkətverici qüvvəsi? Sizcə, "həqiqi sevgi" zamanın sınağından necə keçir?
- Sevgi kainatın mayasıdır. Nəsimidən bəhs edərkən dediyim o "ilahi eşq" elə insana olan sevgidən başlayır. Sevgi təkcə bir şəxsə duyulan hiss deyil; o, sənətə, vətənə, ailəyə olan bağlılıqdır. Zamanın sınağından keçən sevgi isə ehtirasdan arınmış, hörmətə və fədakarlığa çevrilmiş sevgidir. 65 yaşımda deyə bilərəm ki, sevgi – bir insanın bütün çatışmazlıqlarını bilib, onu yenə də bütöv bir dünya kimi qəbul etməkdir.
- Şeirlərinizdə gənclik illərinin o coşqusu ilə indiki yaşın müdrikliyi qarşılaşanda hansı tərəf qalib gəlir? Heç olubmu ki, gənclikdə yazdığınız bir sevgi şeirinə indi tamam başqa bir gözlə baxasınız?
-Mən gənclikdə yazdığım şeirlərə övladım kimi baxıram. O zaman coşğu vardı, daxili bir vulkan vardı. İndi isə o vulkanın yerini bir hüzur və dərinlik alıb. Bəzən köhnə şeirlərimi oxuyanda gülümsəyirəm, o sadəlövhlük mənə çox doğma gəlir. Amma şairin yaşı yoxdur; sevgi haqqında yazanda yenə də o 20 yaşlı Şəmsinin ürəyi döyünür. Müdriklik sadəcə o hisslərə bir cilalı don geyindirir.
-Bugünkü gənclərə "sevməyi" necə məsləhət görərdiniz? Texnologiyanın, sosial şəbəkələrin bu qədər hakim olduğu bir dövrdə hisslərin saflığını qorumaq mümkündürmü?
- Gənclərə deyirəm ki, ekranların arxasında gizlənməyin, bir-birinizin gözlərinə baxmağı bacarın. Sevgi "like"larla ölçülmür. Hisslərin saflığını qorumaq üçün gərək insan öz daxili dünyasını zənginləşdirsin. Mütaliə edən, musiqini duyan, təbiəti sevən insan heç vaxt bəsit sevə bilməz. Sevgini ucuzlaşdırmayın, onu bir müqəddəs əmanət kimi daşıyın.
- Sizin üçün ailədəki sevgi nə deməkdir? Qırx ildən artıq eyni yolda addımlamağın, çiyin-çiyinə verməyin sirri nədədir?
- Ailə sevgisi səbirdir, dözümdür və ən əsası sadiqlikdir. Bizim ailədə sevgi bir-birimizin uğuruna sevinmək, kədərinə ortaq olmaqdır. Övladlar, nəvələr – Nilufər, Leyla, Said, Cavid, Nihan və Atlas Efe – bu böyük sevgi ağacının meyvələridir. O kök nə qədər sağlam olsa, meyvələr də o qədər şirin olar. Mənim ən böyük qalam ailəmdir və o qalanın təməlində sevgi dayanır.
- Şəmsi müəllim, siz həm bir pedaqoq, həm də bir ata kimi illərinizi övlad tərbiyəsinə vermisiniz. Bu gün 65 yaşın zirvəsindən baxanda, övladlarınızdan razısınızmı? Onların cəmiyyətdəki mövqeyi bir ata kimi ürəyinizi necə fərəhləndirir?
- Sağ olsunlar, min bərəkət. Bir valideyn üçün bundan böyük mükafat ola bilməz. Övladlarımın hər biri gözəl təhsil alıblar, öz zəhmətləri ilə müəyyən yerlərə gəlib çıxıblar, işləyirlər. Mənim üçün ən vacibi budur ki, mən indiyə qədər onlar üçün heç kimə ağız açmamışam, heç kimdən xahiş-minnət eləməmişəm. Onlar öz uğurlarını öz alın tərləri, savadları və əziyyətləri ilə qazanıblar. Heç vaxt mənim başımı aşağı eləməyiblər, əksinə, mənə həmişə dik baxmağı, fəxr eləməyi nəsib ediblər. Onların bu müstəqilliyi və dürüst boy atması mənim həyatda qazandığım ən böyük "elmi dərəcə"dir.
- Şəmsi müəllim, sizin yaradıcılığınızda xüsusi bir yer tutan "101 ağbabalı" silsiləsi haqqında danışmağınızı istərdim. Bu rəqəm sadəcə bir statistika deyil, sanki bir silsilə dastan kimidir. Bu layihə necə yarandı və o 101 taleyin arxasında hansı böyük Ağbaba həsrəti dayanır?
- Bəli, bu silsilə mənim həm vətəndaşlıq borcum, həm də bir qələm adamı kimi mənəvi missiyamdır. Ağbaba mahalı Azərbaycanın elə bir guşəsidir ki, onun hər bir övladı özlüyündə bir dünyadır. Mən "101 ağbabalı" deyəndə, o torpağın suyunu içmiş, çörəyini kəsmiş, taleyi tarixin fırtınalarından keçmiş fərqli-fərqli insanları – alimi, müəllimi, zəhmətkeşi, el ağsaqqalını bir araya gətirməyi hədəf seçdim.
Bu silsiləni hazırlayarkən mətni heç vaxt ixtisar etmədim, hər bir şəxsiyyətin həyatındakı ən kiçik detalın belə bədii şəkildə qalmasına çalışdım. Çünki o detallar bizim itirilmiş coğrafiyamızın canlı şahidləridir. 101 rəqəmi mənim üçün bir rəmzdir – sanki o uca dağların 101 zirvəsi kimi. İstədim ki, oxucu o silsiləni oxuyanda təkcə insanları deyil, həm də Ağbabanın hər daşını, hər cığırını, hər kəndini yenidən hiss eləsin. Bu layihə gələcək nəsillər üçün bir yaddaş xəritəsidir; Said, Atlas Efe, Cavid və onların həmyaşıdları bir gün o yazıları oxuyanda bilsinlər ki, onların kökü nə qədər dərin və nə qədər möhkəm olub.
- Şəmsi müəllim, söhbətimiz boyu hiss olunur ki, siz Ağbabadan, Amasiyadan danışanda sanki səsiniz ucalır, çöhrənizdə böyük bir fəxarət hissi yaranır. Sizi bu qədər qürurlandıran, Ağbabanı sizin üçün belə əvəzolunmaz edən əsl səbəb nədir?
- Bilirsiniz, mənim bu fəxarətim emosional hiss olmaqla bərabər, həm də təkzibolunmaz faktlara söykənir. Baxın, bir rəqəmə diqqət edək: son deportasiya dövründə cəmi 22 min nəfər azərbaycanlı Ağbaba mahalını – Amasiyanı tərk etmək məcburiyyətində qaldı. Cəmi 22 min nəfər! Amma o kiçik sayda əhali Azərbaycan elminə elə bir töhfə verib ki, bu, dünyada analoqu olmayan bir "intellektual partlayış"dır.
Həmin o 22 min nəfərin içindən 4 akademik, onlarla professor və yüzlərlə fəlsəfə doktoru çıxıb. Bu, o deməkdir ki, hər ailədən, hər nəsildən bir elm fədaisi yetişib. Bu, xalqın genetik kodundakı maarifçilik eşqidir.
Lakin bizim fəxrimiz təkcə elmlə bitmir. Ağbabalılar həm də Vətən uğrunda can qoymağı bacaran mərd insanlardır. Qarabağ döyüşlərində Amasiya rayonu 144 şəhid verib. İçimizdən 2 Milli Qəhrəman çıxıb. Onlarla hərbçimiz "Azərbaycan Bayrağı" ordeni və digər yüksək dövlət təltiflərinə layiq görülüb.
İndi özünüz deyin, cəmi 22 minlik bir əhalinin həm elmdə bu qədər ucalması, həm də vətən müharibəsində bu qədər qəhrəmanlıq göstərməsi qarşısında necə fəxr etməmək olar? Mən bu rəqəmləri hər yerdə fəxrlə deyirəm ki, gələcək nəsillər, o cümlədən mənim nəvələrim Atlas Efe, Cavid və digərləri hansı kökdən gəldiklərini bilsinlər. Biz elmin və qəhrəmanlığın vətənindən gəlirik!
- Şəmsi müəllim, Sizin yaradıcılığınızda və Qərbi Azərbaycanla bağlı tədqiqatlarınızda bir ad xüsusi olaraq qırmızı xətlə keçir: Aşıq Ələsgər. Siz Dədə Ələsgər irsini sadəcə aşıq sənəti kimi yox, həm də o torpaqların "mənəvi xəritəsi" və "milli pasportu" kimi təhlil edirsiniz. Sizin nəzərinizdə Ələsgər yaradıcılığı bizim qayıdış ideologiyamızda hansı rolu oynayır?
- Aşıq Ələsgər bizim üçün sadəcə bir sənətkar deyil, o, Qərbi Azərbaycanın ruhudur, o torpaqların mənəvi möhürüdür. Mən Dədə Ələsgər yaradıcılığını təhlil edərkən gördüm ki, o, hər qoşmasında, hər təcnisində həm də bir coğrafi tarix yazıb. Bizim bu gün sübut etməyə çalışdığımız o qədim toponimlər, o yaylaq adları, o el-oba adətləri Ələsgərin misralarında daşa həkk olunmuş kimi yaşayır.
Mən onu həm də bir təhsil adamı, bir filosof kimi tədqiq edirəm. Onun "Yaxşıdır", "Gərəkdir" kimi nəsihətamiz qoşmaları əslində bütöv bir xalqın əxlaq kodeksidir. Əgər biz bu gün Qərbi Azərbaycana qayıdırıqsa, bu qayıdış həm də Ələsgər sözünə, Ələsgər ruhuna qayıdışdır. O, bizim mənəvi pasportumuzdur – erməni saxtakarlığına qarşı ən güclü silahımız elə Ələsgərin bədii həqiqətləridir. Mən bu irsi araşdırdıqca bir daha əmin oluram ki, kökü belə möhkəm olan bir milləti o torpaqlardan əbədi qoparmaq mümkün deyil.
- Bildiyimə görə mayın 2-də böyük bir təqdimat və yubiley mərasiminiz var. Bu tədbir sizin üçün bir "hesabat"dır, yoxsa yeni bir başlanğıc?
- Həm hesabatdır, həm də dostlarla görüş. "Qərbi Azərbaycan: Qayıdış dastanı" seriyasının ilk kitabını təqdim edəcəyəm. Bu, mənim mənəvi borcum idi. Amma dayanmaq yoxdur, planlar çoxdur.
-Həyatda ən böyük qorxunuz və ən böyük təsəlliniz nədir?
-Ən böyük qorxum unutmaq və unudulmaqdır – tariximizin unudulması. Ən böyük təsəllim isə bu gün uşaqlarımızın, nəvələrimizin dilində "Vətən" kəlməsinin daha qürurla səslənməsidir.
"Qərbi Azərbaycan: Qayıdış dastanı" demişkən, bildiyimə görə bu əsər dastan-poemadır. Bir qədər ətraflı məlumat verə bilərsinizmi? Bu əsər sadəcə bir köç hekayəsidir, yoxsa bütöv bir yurdun mənəvi pasportu?
- Bu, mənim ömrümün ən böyük yaradıcılıq borcu və "hesabatıdır". Bu layihə Qərbi Azərbaycanda mövcud olmuş 18 tarixi mahalın hər birinə həsr edilmiş dastan-poemaları bir araya gətirəcək. Yəni söhbət 18 dastan-poemanın vəhdətindən gedir. Artıq bu böyük işin önəmli bir hissəsi tam hazırdır.
Birinci hissə "Ağbaba, Şörəyel, Gümrü dastanı" adlanır və burada bizim o qədim köklərimiz boy göstərir. Bundan başqa, mən artıq Talın, Sərdarabad, İrəvan, Uluxanlı, Vedibasar, Gərnibasar və Kərbibasar dastanlarını da bitirmişəm. Hər bir mahalın öz tarixi taleyi, öz sızıltısı bu misralarda bədii şəkildə qorunur.
İndi qarşıda hələ görüləsi işlər var. Əgər ömür vəfa eləsə, bu yay qalan hissələri də tamamlayıb, inşallah, payızda bütöv bir külliyyat halında oxucularla görüşəcəm. Mən istəyirəm ki, bizim o 18 mahalın hər birinin öz bədii abidəsi olsun. Çünki tariximizi həm sənədlərlə, həm də belə "Qayıdış dastanları" ilə yaşatmalıyıq.
Şəmsi müəllim, 18 mahalın hər birini sətir-sətir misralara düzmək böyük fədakarlıqdır. 65 yaşın zirvəsində bu qədər enerjili və hədəfə köklənmiş olmağınız biz gənclər üçün örnəkdir. Sizi mayın 2-dəki tədbirinizdə görməyə şad olarıq və payızdakı böyük görüşünüzü səbirsizliklə gözləyirik.
- Çox sağ olun. Mənim üçün ən böyük təltif o dastanların oxunması və bir gün elə o 18 mahalın özündə əks-səda verməsidir. Ruhumuzu o torpaqlardan ayırmadıqca, qayıdışımız mütləqdir.
Şəmsi müəllim, gəlin etiraf edək ki, sadaladığınız bu nəhəng layihələr sağlam bir insan üçün belə ağır yükdür. Sizin isə səhhətinizdə ciddi problemlər olduğunu, xərçənglə mübarizə apardığınızı bilirik. Bu qədər gərgin iş qrafiki sizi yormurmu? Bu gücü, bu enerjini haradan alırsınız?
- Yorulmuram desəm, inandırıcı olmaz, əlbəttə yoruluram. Lakin bildiyiniz kimi, mən neçə vaxtdır ki, bu amansız xəstəliklə – xərçənglə mübarizə aparıram. Ömrə etibar yoxdur, nə vaxt bitəcəyini heç birimiz bilmirik. Amma mən inanıram ki, hər bir insanın bu dünyada bir missiyası var. Mənim missiyam da yarımçıq qalan tariximizi bərpa etmək, o dastanları bitirmək və gələcək nəsillərə ötürməkdir.
Nə qədər ki yazıb-yarada bilirəm, dayanmağa haqqım yoxdur. Yazanda, araşdıranda, o 18 mahalın dərdi ilə nəfəs alanda mən ağrılarımı unuduram. Yaradıcılıq mənim üçün ən böyük təsəlli və ən güclü dərmandır. Mən bu işdən həzz alıram. Missiyamı axıra çatdırmalıyam, ondan sonra əbədi istirahətə arxayın yollana bilərəm. Mənim üçün hər yazıla bilən misra, hər tamamlanan səhifə bu xəstəlik üzərində qazanılmış bir qələbədir.
Şəmsi müəllim, sizin bu iradəniz qarşısında baş əyməmək mümkün deyil. Siz təkcə sözlərinizlə deyil, həm də həyat eşqinizlə bir dastan yazırsınız. Arzu edirik ki, o "əbədi istirahət" hələ çox uzaqlarda olsun və siz o 18 mahalın hamısının sevincini öz gözlərinizlə görəsiniz.
- Çox sağ olun. Mən əslində aprelin 27-də anadan olmuşam. Sadəcə yubiley tədbiri mayın 2-də olacaq.
Şəmsi müəllim, bu amansız xəstəliklə üz-üzə gələn bir insan kimi soruşmaq istərdim: ölümdən qorxmursunuz?
- Yox, qətiyyən qorxmuram. Bilirsiniz, əslində ölüm adlı bir şey yoxdur. Bu, sadəcə bir şəkildən başqa bir şəklə çevrilməkdir, divarın bu üzündən o biri üzünə keçmək kimi bir şeydir. Ruh əbədidir, sadəcə mənzilini dəyişir.
Mən səmimi bir həqiqəti deyim: bizim Azərbaycan adamının, biz kişilərin ölüm qorxusu əslində yoxdur. Bizi qorxudan, bizi düşündürən yalnız övladlarımızdan sarı olan nigarançılığımızdır. İnsan övladının gələcəyindən arxayın olmayanda ölməkdən çəkinir. Çox şükür ki, mənim belə bir nigarançılığım yoxdur. Övladlarımın hərəsinin öz yolu, öz çörəyi, öz ləyaqətli həyatı var. Onlar artıq bütöv bir şəxsiyyətdirlər. Bax, bu arxayınlıq mənə böyük bir hüzur verir. Ona görə də mən bu vəziyyətimə də üsyan etmirəm; Molla Pənah Vaqif demişkən, "toy-bayramdır bu dünyanın əzabı".
Bir jurnalist kimi həmişə suallar vermisiniz. İndi bir şair kimi özünüzə hansı sualı verərdiniz?
- Özümə soruşardım ki: "Şəmsi, bu 65 ildə hər şeyi ürəyin istəyən kimi deyə bildinmi?" Cavabım isə belə olardı: "Deyə bildiklərim hələ ürəyimdəkilərin bir qismidir".
Əgər bir anlıq uşaqlığınızın İlanlı kəndinə qayıtsaydınız və orada 10 yaşlı Şəmsi ilə qarşılaşsaydınız, ona nə məsləhət görərdiniz?[
- Ona deyərdim ki, hər daşın, hər otun rəngini yaddaşına yaxşı həkk elə. Çünki bir gün gələcək, sən o daşları sözlərlə yenidən tikməli olacaqsan.
Sonda, oxucularınıza və sevənlərinizə 65 yaşın hikməti ilə nə demək istərdiniz?
- Sevin və sevilin. Vətəni sevmək təkcə torpağı sevmək deyil, həm də onun dilini, tarixini və insanını uca tutmaqdır. Həyat qısadır, amma əməl və söz onu əbədiləşdirə bilər.
Şəmsi müəllim, bu müdrik və məğrur söhbət üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Sizinlə söhbət etmək təkcə bir jurnalist tapşırığı deyil, həm də bir həyat dərsi idi. Mayın 2-də 65 illik yubileyinizdə və payızda yeni kitablarınızın təqdimatında görüşmək ümidi ilə Sizə Allahdan şəfa və ruh yüksəkliyi diləyirəm.
-Sağ olun. Hər şey Vətən üçün, xalqımız üçün olsun.
Söhbətləşdi: Azər Məmmədov
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-04-2026