Mobil versiya
Akt zalındaki "demokratiya": Nazirin sehrlİ yoxolma seansı
Tarix: 03-02-2026 | Saat: 20:50
Bölmə:Karusel / Manşet / Gündəm / Ölkə / Özəl / Təhsil | çapa göndər

Akt zalındaki "demokratiya": Nazirin sehrlİ yoxolma seansı

Bizim Təhsil Nazirliyinin (indi adı o qədər uzundur ki, deyənə qədər adamın uşağı məktəbi bitirir) bir "şəffaflıq" standartı var, gərək Ginnesin Rekordlar kitabına salınsın. Nazir Emin Əmrullayev Kürdəmirə vətəndaş qəbuluna gedir, amma elə qəbul keçirir ki, vətəndaş naziri görə bilmir, nazir də vətəndaşı. Buna siyasətdə "məsafəli idarəetmə", bizim dildə isə sadəcə "adam dolamaq" deyirlər.

Əsmər müəllim dekabr ayından bəri nazirin camalını görmək üçün növbəyə durur, portal.edu.az-ın bütün labirintlərindən keçir, Bakıdan durub Kürdəmirə qədər gedir. Nəticədə nə görür? İkinci mərtəbədəki akt zalı və qapıda durub "dəhlizə çıxmaq olmaz" deyən "qoruqçular".

Mənzərəyə baxın: Nazir birinci mərtəbədə "qəbul" keçirir, xalqı isə ikinci mərtəbəyə yığıb qapını bağlayırlar ki, səsləri aşağı çatmasın. Elə bil nazir qəbul keçirmir, mühüm dövlət sirlərini özündən qoruyur. Yəqin nazirliyin əməkdaşları qorxurlar ki, müəllimin şikayəti nazirin qulağına dəysə, nazirin "yaradıcı ovqatı" pozular. Ona görə də "səs-küy olmasın" deyə adamları akt zalında "konservləşdirirlər".

Saat 15:26-da isə möcüzə baş verir – nazir uçub gedir. Heç kəsin ruhu incimədən, heç bir vətəndaşın şikayəti nazirin avtomobilinin təkərinə ilişmədən. Geridə qalanlara isə deyirlər ki, "sizi əməkdaşlar qəbul edəcek". Bu müəllim portalın şablonlarından bezib nazirin yanına gəlib də! Əməkdaş görmək istəsəydi, elə Bakıda nazirliyin qabağındakı növbədə durardı.

Ən ləzzətlisi isə o "getmə" zəngləridir. Müəllimə zəng edib deyirlər ki, "nazirin qəbuluna getmə". Niyə? Nazir müəllimdən qorxur? Əslində bu, nazirliyin profilaktik tədbiridir: şikayəti olanı qəbula buraxmırlar ki, nazirin statistikası korlanmasın. Hamı razı, hamı bəxtiyar!

Hə, bir də unutmamaq lazımdır ki, bu cür "konservləşdirilmiş" qəbullar təkcə o xırda məmurların yaradıcılığı deyil. Çox güman ki, bu tapşırıq birbaşa cənab nazirin özündən gəlir. Axı kim istəyər ki, xalqın haqlı şikayəti onun nazir kabinetinin sakitliyini pozsun? Nazirin başını ağrıtmaq, onu narahat etmək olmaz! Ona görə də vətəndaşları ikinci mərtəbədəki akt zalına yığıb qapını kilitləyirlər ki, səs-küy aşağı düşməsin. Məqsəd bəllidir: nazirin rahatlığını təmin etmək və təhsil sistemində hər şeyin "əla" olduğunu göstərmək. Nəticədə nazir xoşbəxt, xalq "sağlam", problem yoxdur!

Vallah, bizim təhsil sistemimiz elə bu "akt zalı" kimidir – kənardan baxanda nizam-intizam, içəridə isə səsi boğulan müəllimlər. Emin müəllim Kürdəmirdən Bakıya elə sürətlə qayıdıb ki, heç "Kürdəmir" sözünün "K" hərfi də yadında qalmayıb.

Nə deyək, növbəti qəbulu bəlkə Ayda keçirəsiniz? Orada həm səs yayılmır, həm də vətəndaşın ora çatması üçün ən azı üç əsr növbə gözləməsi lazım gələcək. Şəffaflıq budur, bax!



Şəmsi Qoca



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-02-2026