Mobil versiya
Qalib Azərbaycanın simvolu : 20 Noyabr – Ağdamın dirçəlişi
Tarix: 20-11-2025 | Saat: 09:40
Bölmə:Siyasət | çapa göndər

Qalib Azərbaycanın simvolu : 20 Noyabr –  Ağdamın dirçəlişi

Ağdam şəhəri Azərbaycan tarixinin həm ən kədərli, həm də ən şərəfli səhifələrini özündə birləşdirən müqəddəs bir məkandır. 20 Noyabrın Ağdam Şəhəri Günü kimi qeyd olunması bu torpağın keçdiyi mürəkkəb yolun, xalqımızın mübarizə əzminin və azadlığa olan dönməz iradəsinin tarixi yaddaşıdır. Qarabağın qapısı sayılan Ağdam əsrlər boyunca ticarətin, sənətkarlığın, mədəniyyətin mərkəzi olub və bu xüsusiyyətlər onu bölgənin inkişafında aparıcı rola sahib şəhərə çevirib. Lakin 1993-cü il işğalı şəhərin taleyini dəyişsə də, Azərbaycan xalqının qəlbindəki Ağdam sevdasını heç zaman söndürə bilmədi.
Ağdamın 27 il davam edən işğal dövrü insanlıq üçün utancverici vandalizm nümunələri ilə dolu idi. Şəhərin yerlə bir edilməsi, evlərin daşına çevrilməsi, qəbiristanlıqların dağıdılması, çörək muzeyinin yandırılması, tarixi və dini abidələrin viran qoyulması yalnız bir şəhərə qarşı deyil, bütün bəşəriyyətə qarşı cinayət idi. Bu dağıntılar xalqın yaddaşında dərin iz buraxdı, lakin bu iz xalqımızı zəiflətmədi, əksinə, torpaqlarını azad etməyə daha da ruhlandırdı.
2020-ci il 20 noyabr tarixi isə Azərbaycan xalqının gözlədiyi böyük qələbənin simvoluna çevrildi. Ağdam şəhəri Ermənistan ordusunun kapitulyasiyasından sonra döyüşsüz şəkildə Azərbaycana qaytarıldı və bu hadisə Prezident İlham Əliyevin qətiyyətli siyasətinin, Müzəffər Ordumuzun hərbi gücünün və xalqın birliyinin parlaq nəticəsi oldu. Ağdamın savaşsız təhvil alınması Azərbaycanın diplomatik təzyiq gücünün, beynəlxalq arenada artan nüfuzunun və haqq savaşının nə qədər ədalətli olduğunun xüsusi göstəricisidir.
Bu gün Ağdamda həyata keçirilən genişmiqyaslı bərpa işləri şəhərin tarixində yeni bir mərhələnin başlanğıcıdır. Ağdam “ağıllı şəhər” modeli əsasında yenidən inşa olunur, müasir enerji və kommunikasiya şəbəkələri qurulur, geniş avtomobil yolları, kommunikasiya xətləri, su-kanalizasiya sistemləri və sosial infrastruktur layihələri ardıcıl şəkildə həyata keçirilir. Azərbaycan dövlətinin şehir üçün təsdiq etdiyi Baş Plan Ağdamı gələcəkdə Cənubi Qafqazın ən müasir urbanistik mərkəzlərindən birinə çevirəcək.
Şəhərdə bərpa olunan digər mühüm layihələr mədəni irsin dirçəldilməsinə yönəlib. İmarət kompleksi, Şahbulaq qalası, Pənahəli xanın tikililəri və Çörək Muzeyi kimi obyektlərin restavrasiya prosesləri xalqımızın tarixə olan sevgi və ehtiramının bariz göstəricisidir. Mədəniyyətin canlandırılması təkcə fiziki binaların bərpası deyil, həm də xalqın mənəvi irsinin qorunması və gələcək nəsillərə çatdırılması deməkdir.
Ağdamda salınan yeni “Sənaye Parkı” şəhərin iqtisadi həyatında böyük rol oynayacaq mühüm layihələrdən biridir. Bu park həm regionda işsizliyi aradan qaldırmağa, həm də ixrac potensialını artırmağa xidmət edəcək. Eyni zamanda Ağdamda yaradılan böyük kənd təsərrüfatı klasterləri, müasir texnologiyalara əsaslanan istehsalat sahələri və yeni biznes imkanları şəhərin tamamilə yenilənmiş iqtisadi simasını formalaşdırır.
Bu gün Ağdam Şəhəri Gününün qeyd olunması həm də xalqın birliyinin, dövlətin gücünün və şəhidlərimizin ruhuna sədaqətin mühüm simvoludur. Hər il keçirilən tədbirlərdə şəhərin qazandığı qələbə, onun dirçəlişi və gələcək perspektivləri böyük sevinc və qürurla qeyd olunur. Bu gün artıq Ağdama qayıdan ilk sakinlərin sevinc dolu baxışları, illərlə həsrət qaldıqları torpağa yenidən qovuşmalarının həyəcanı bu qələbənin əsl dəyərini göstərir.
Ağdamın dirçəlişi Qarabağın tam bərpasının tərkib hissəsidir və bu proses Azərbaycanın dövlətçilik siyasətinin strateji istiqamətinə çevrilib. Burada həyata keçirilən hər bir layihə, çəkilən hər bir yol, dikilən hər bir bina Azərbaycanın gələcəyinə qoyulan möhkəm təməldir. Bu gün şəhərin müxtəlif məhəllələrində paralel şəkildə aparılan infrastruktur layihələri onun gələcəkdə turizm, sənaye və mədəniyyət mərkəzlərindən birinə çevriləcəyini açıq şəkildə nümayiş etdirir.
20 Noyabr – Ağdam Şəhəri Günü keçmişin ağrılarını, bu günün sevincini və gələcəyin ümidini özündə birləşdirən xüsusi bir tarixdir. Bu tarix bizə yalnız işğalın acısını deyil, həm də azadlığın şərəfini xatırladır. Ağdamın yenidən ayağa qalxması Azərbaycan dövlətinin gücünün, xalqın iradəsinin və milli birliyin əzəmətli təcəssümüdür. Bu gün Ağdam artıq viran bir şəhər deyil, böyük qayıdışın, quruculuğun və zəfərin paytaxtlarından biridir. Qarabağın qəlbi yenidən döyünür və bu döyüntü Azərbaycanın gələcək yüksəlişinin ən möhtəşəm müjdəçisidir.

Zaur Mehdiyev,
YAP Gədəbəy rayon təşkilatının sədr müavini.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-11-2025