Mobil versiya
Strateji tərəfdaşlıq
Tarix: 07-10-2025 | Saat: 11:20
Bölmə:Siyasət | çapa göndər

Strateji tərəfdaşlıq

İkinci Qarabağ müharibəsində qazanılan tarixi Qələbə Azərbaycan Ordusunun gücünü və dövlətimizin nüfuzunu beynəlxalq səviyyədə daha da artırdı. Bu Zəfərdən sonra bir çox böyük dövlətlər Azərbaycanla münasibətləri yeni mərhələyə yüksəltdilər. Artıq siyasi, iqtisadi və mədəni əlaqələr daha geniş miqyasda inkişaf etdirilir. İkitərəfli əməkdaşlıq dinamik şəkildə dərinləşir və yeni istiqamətlər üzrə genişlənir. İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri də bu dostluğun və qarşılıqlı maraqların göstəricisidir.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabrın 30-da mətbuata verdiyi açıqlamada bu səfərin əhəmiyyətinə toxunaraq qeyd etdi: “İtaliya ilə aramızda iki strateji tərəfdaşlıq sənədi mövcuddur. Birincisi 2015-ci ildə, ikincisi isə beş il öncə – Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə kimi imzalanmışdır. Bu illər ərzində əlaqələrimiz çoxşaxəli şəkildə inkişaf edib. Siyasi münasibətlər ən yüksək səviyyədədir, liderlər mütəmadi görüşürlər. İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır və iqtisadi əlaqələr hər il genişlənir.

Energetika sahəsində həyata keçirilən mühüm layihələr nəticəsində Azərbaycan həm öz təbii resurslarını beynəlxalq bazarlara çıxarır, həm də bir çox ölkələrin enerji təhlükəsizliyinə töhfə verir.”Prezident İlham Əliyev xatırlatdı ki, 2020-ci ildən etibarən Azərbaycan qazı TAP kəməri ilə İtaliyaya nəql olunur. Hazırda Cənub Qaz Dəhlizi vasitəsilə 14 ölkə Azərbaycan qazı ilə təmin edilir və bu, ixrac coğrafiyasına görə Azərbaycanın dünyada lider mövqedə olmasına səbəb olub. İtaliya enerji balansında Azərbaycan nefti birinci, qazı isə ikinci yerdədir. Prezident vurğuladı: “Cənub Qaz Dəhlizi və TAP kimi layihələr daha iri əməkdaşlıqlara yol açdı. Prezident Mattarella əvvəlki səfərində Sumqayıtda İtaliya şirkətləri tərəfindən tikilmiş sənaye müəssisəsinin açılışında iştirak etmişdi. Bu səfər zamanı isə biz İtaliya-Azərbaycan Universitetinin açılışını qeyd edəcəyik. Bu, əməkdaşlığın yeni mərhələsidir. Energetika və sənaye sahələrindən sonra humanitar istiqamətdə də əlaqələr genişlənir. Universitetdə yüzlərlə tələbə təhsil alır və onlar gələcəkdə iki ölkə arasında mədəni körpü rolunu oynayacaqlar. Bu, dostluğumuzun daha da möhkəmlənməsinə xidmət edir.”Tərəfdaşlıq təhsil müstəvisində də davam edir. Oktyabrın 1-də Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris binalarının açılışı keçirildi.

Cənab Prezident İlham Əliyev qeyd etdi ki, “Universitetin yaradılması təşəbbüsü mənim 2020-ci ildə İtaliyaya dövlət səfərim zamanı irəli sürülmüşdü. Layihənin reallaşması üçün ADA Universiteti ilə İtaliyanın beş tanınmış ali təhsil ocağı – Luiss Guido Carli, Sapienza, Turin Politexnik, Bolonya və Milan Politexnik universitetləri arasında 2022-ci ildə əməkdaşlıq sazişləri imzalanıb.”Yeni tədris mərkəzlərində Bolonya və Milan Politexnik universitetləri ilə birgə yaradılmış 6 elmi-tədqiqat və 7 tədris laboratoriyası fəaliyyət göstərir. Burada müasir avadanlıqlarla təchiz edilmiş studiyalar, dizayn və memarlıq emalatxanaları, eləcə də foto-video və landşaft sahələrinə aid tədris məkanları var. Tələbələr üçün nəzərdə tutulan praktiki emalatxanalar müxtəlif materiallarla işləməyə, yaradıcılıq və texnoloji bacarıqlarını inkişaf etdirməyə imkan verir.Bu səfər və cənab Prezident İlham Əliyevin çıxışı göstərir ki, Azərbaycan və İtaliya arasındakı münasibətlər yalnız enerji və iqtisadi sferada deyil, elmin, təhsilin və mədəniyyətin inkişafında da strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu əməkdaşlıq hər iki ölkə üçün gələcəkdə daha geniş imkanlar və yeni uğurlar vəd edir.

Rövşən Qasımov,
YAP Gədəbəy rayon təşkilatının məsləhətçisi.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-10-2025