Mobil versiya
Laçın yeni inkişaf mərhələsində
Tarix: 25-08-2025 | Saat: 22:28
Bölmə:Siyasət | çapa göndər

Laçın yeni inkişaf mərhələsində

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı xalqımızın zəfər tarixində böyük əhəmiyyət daşıyan mühüm dövlət sənədidir. Sərəncama əsasən avqustun 26-sı Laçın şəhəri günü kimi müəyyənləşmişdir.
44 günlük Vətən müharibəsində qazanılan böyük zəfərin yekun sənədi kimi imzalanmış üçtərəfli Bəyanata əsasən 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. Bu cənnətməkanın döyüşsüz, itkisiz qaytarılması ölkəmizin həm hərbi, həm də siyasi-diplomatik gücünün göstəricisi idi. 2022-ci il avqustun 26-da Laçın şəhəri, rayonun Zabux və Sus kəndləri ördumuz tərəfindən nəzarətə götürüldü. Böyük strateji əhəmiyyətə malik olan Laçının azad edilməsi nəticəsində Azərbaycan qərb sərhədlərinə nəzarəti təmin etdi. Laçın rayonunda nəzarət-buraxılış məntəqəsinin yaradılması Qarabağdakı erməni separatçılarının çıxış halqasının daralmasına səbəb oldu.
Erməni quldurlar tərəfindən Laçın həm 1992-ci il mayın 18-də işğal olunanda, həm də 2020-ci ildə boşaldılanda yandırılmışdı. Bu azmış kimi Ermənistan Cenevrə Konvensiyasının müddəalarını pozaraq işğaldan sonra Laçındakı coğrafi adları dəyişdirdi, rayonun təbii resurslarını talan etdi, məqsədyönlü şəkildə qanunsuz məskunlaşma həyata keçirdi. Ermənistan rəhbərliyi 1994-cü ildə əldə olunmuş atəşkəs razılaşmasından sonra aparılan danışıqlarda belə Laçını özlərinə dəhliz “seçərək” onu Azərbaycana qaytarmaqdan imtina etdi. Amma onlar unutmuşdular ki, müstəqil dövlət olan Azərbaycanın güclü ordusu, cəsarətli, uzaqgörən siyasi rəhbərliyi ərazilərimizin işğaldan azad olunması üçün var gücü ilə çalışır, əlverişli məqamı gözləyir. 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsi işğalçı Ermənistanın məğlubiyyəti ilə nəticələndi.
Bu gün Laçında bərpa-quruculuq işləri yüksək səviyyədə davam etdirilir. Artıq Laçın şəhəri, Zabux və Sus kəndləri də daxil olmaqla, işğaldan azad edilmiş ərazilərin bir çoxunda məcburi köçkünlərin qayıdışı təmin olunur, sakinlərin doğma yurd-yuvasına köçürülməsi davam edir.
Prezident İlham Əliyevin 2023-cü il mayın 28-də Laçın şəhərinə qayıdan əhali ilə görüşdə dövlətimizin başçısının çıxışından bu fikir əzəmətlə səslənib: “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”.
Prezident İlham Əliyev Laçın rayonuna səfərləri zamanı Beynəlxalq Hava Limanının, “Laçın” qovşaq yarımstansiyasının, Güləbird, Şəlvə kəndlərinin, Qorçu qəsəbəsinin, Laçın şəhərində İşğal və Zəfər Muzeyi Kompleksinin, ilk çoxmənzilli yaşayış məhəlləsinin, mehmanxana kompleksinin təməlini qoymuşdur. Bu il 28 May - Müstəqillik Günündə Laçın Beynəlxalq Hava Limanının açılışı böyük siyasi, iqtisadi və strateji əhəmiyyət kəsb etdi. Üç qardaş ölkənin liderlərinin - Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərifin iştirakı ilə baş tutan açılış mərasimi bir neçə aspektdən diqqət çəkdi. Azərbaycan, Türkiyə və Pakistan arasında getdikcə möhkəmlənən strateji, hərbi, diplomatik və iqtisadi müttəfiqlik Laçında bir daha öz təsdiqini tapdı. Laçındakı açılış mərasimi Türkiyə-Azərbaycan-Pakistan ittifaqının çoxqütblü münasibətlər sistemində tarazlaşdırıcı qüvvə və ya “Orta güc” olduğunu təsdiq etdi.
Prezident İlham Əliyev bu l avqustun 25-də Kəlbəcər şəhər sakinləri ilə görüşdə deyib: “Tarix bir daha göstərdi ki, 2020-ci il noyabrın 10-da müharibənin dayandırılması ən düzgün addım idi. Ancaq bununla bərabər, o vaxt hələ də torpaqlarımızın bir hissəsi nəzarətimizdə deyildi. O vaxtdan 2023-cü il sentyabrın 19-dək bizim qarşımızda duran əsas hədəf ölkəmizin suverenliyini tam bərpa etmək idi. Həm dırnaqarası Laçın dəhlizini yox etmək və bunu Laçın-Xankəndi yoluna çevirmək, həm Ermənistan-Azərbaycan sərhədində Laçın istiqamətində nəzarət-buraxılış məntəqəsinin yaradılması, eyni zamanda, 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər önəmli strateji nöqtələrin götürülməsi, “Fərrux”, “Qırxqız”, “Sarıbaba” əməliyyatları - bütün bunlar şanlı tariximizdir və bütün bunlar məqsədyönlü siyasətimizin bir hissəsi idi”.
İşğaldan azad olunmuş digər ərazilərimiz kimi, Laçına da həyat yenidən qayıdır, hazırda burada sürətli bərpa-quruculuq işləri aparılır. Laçında bütövlükdə 1000-dən çox yaşayış evi tikilib və bərpa edilib. Bu gün laçınlılar 31 ildən sonra öz doğma yurd-yuvalarına qayıdıblar.
Hazırda Laçın və digər ərazilərimiz dünyanın ən gözəl yerlərindən birinə çevrilir. İnanırıq ki,Laçın çox yaxın gələcəkdə təkcə Azərbaycanın deyil, bölgəmizin ən füsunkar, ən gözəl məkanlarından birincisi olacaq .

Məhəmməd Əliyev
YAP Cəbrayıl rayon təşkilatınn sədr müavini




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-08-2025