Mobil versiya
“Azərbaycan məhəlləsi Türk dünyasında da “qürur tablosu” kimi qiymətləndirilir”
Tarix: 20-06-2025 | Saat: 10:35
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Azərbaycan məhəlləsi Türk dünyasında da “qürur tablosu” kimi qiymətləndirilir”

Kahramanmaraşda Azərbaycan məhəlləsinin istifadəyə verilməsi iki qardaş ölkə arasında sarsılmaz həmrəyliyin göstəricisidir. Məlum olduğu kimi, 2023-cü ilin fevralında qardaş Türkiyədə baş verən dəhşətli zəlzələnin fəsadlarını aradan qaldırmaq, zərərçəkənlərə yardım etmək məqsədilə Azərbaycan ən yüksək səviyyədə dəstək göstərdi. Cənab Prezidentin göstərişi ilə Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci idi. Belə ki, Azərbaycan dərhal mindən çox heyəti, o cümlədən axtarış-xilasetmə üzvlərini, könüllüləri, həkimləri Türkiyənin zəlzələ bölgələrinə göndərdi. Azərbaycan xalqı və dövləti çətin gündə Türkiyədəki qardaş və bacılarımız üçün əlindən gələni etdi. Maddi vəziyyətindən asılı olmayaraq, bütün insanlarımız səfərbər oldu, insanlar könüllü şəkildə yardım məntəqələrinə gedərək, dəstək göstərdi. Bütün humanitar missiyalarda olduğu kimi, bu dəfə də Heydər Əliyev Fondu öndə idi. Mehriban xanım Əliyevanın göstərişinə uyğun olaraq, Türkiyənin Azərbaycandakı səfirliyinin vətəndaşlarımıza etdiyi çağırışa cavab olaraq Bakıda yardım kampaniyasına start verildi. Türkiyənin zəlzələ baş vermiş regionları üçün ehtiyac duyulan ləvazimatlar toplandı, ən qısa müddətdə komplektləşdirilərək Türkiyəyə yola salındı.
Təsadüfi deyil ki, bu dağıdıcı zəlzələdən sonra Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə Görüşü növbəti dəfə təşkilata üzv dövlətlərin həssas məqamda mükəmməl birlik və həmrəyliyini nümayiş etdirdi. Məlumdur ki, dövlət başçımız belə bir təşəbbüslə zəlzələdən öncə çıxış etmiş, bu təşkilat çərçivəsində üzv ölkələrin liderlərinin qeyri-rəsmi Zirvə Görüşü platformasının yaradılması ideyasını irəli sürmüşdü və görüş əslində mədəniyyət paytaxtımız olan Şuşada baş tutmalı idi. Lakin məlum dağıdıcı zəlzələdən sonra məhz Prezident İlham Əliyev bu tədbirin qardaş ölkədə keçirilməsini təklif etdi.
İki il ərzində Kahramanmaraşda, ümumi sahəsi 27,6 hektar olan yeni yaşayış massivində Azərbaycanın dəstəyilə 68 yaşayış binasından əlavə, həmçinin məktəb, uşaq bağçası, mədəniyyət evi inşa olundu. Azərbaycan və Türkiyə Prezidentləri açılış mərasimində bir daha qardaşlığımızın sarsılmazlığını bəyan etdilər. Prezident İlham Əliyevin də söylədiyi kimi, “Azərbaycan heyətləri tərəfindən 53 insan dağıntılar altından sağ çıxarıldı, bizim qurduğumuz iki səhra hospitalında 3200 insana Azərbaycan həkimləri tibbi yardım göstərdi. Azərbaycan hər zaman Türkiyənin yanında olub, Türkiyə də hər zaman Azərbaycanın yanında olub və bu gün “Azərbaycan” məhəlləsinin açılışında əziz qardaşımla birlikdə iştirakım bir daha bizim birliyimizin, dostluğumuzun təzahürüdür”.
Təsadüfi deyil ki, Azərbaycan məhəlləsi bu gün həm Türkiyədə, həm də bütövlükdə türk dünyasında “qürur tablosu” kimi qiymətləndirilir. Xalqımızın dəstəyi Azərbaycan və Türkiyə arasında qardaşlıq, dostluq münasibətləri, qarşılıqlı sevginin sarsılmazlığı, möhkəmliyi və əbədiliyinin əyani sübutudur. Liderlər Kahramanmaraşdan da bie daha bəyan etdilər ki, ölkələrimiz hər zaman sona qədər qardaş Türkiyənin yanındadır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-06-2025