Mobil versiya
Laçından verilən tarixi mesaj: qardaşlıq və əməkdaşlığın möhkəmləndirilməsi - Ziyafət ƏSGƏROV
Tarix: 29-05-2025 | Saat: 19:15
Bölmə:Siyasət | çapa göndər

Laçından verilən tarixi mesaj: qardaşlıq və əməkdaşlığın möhkəmləndirilməsi

28 May – Azərbaycan tarixində müstəsna önəm daşıyan bir gündür. 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika kimi tarixə düşdü. Bu əlamətdar gündə– 28 may 2025-ci ildə Prezident İlham Əliyevin işğaldan azad olunmuş Laçın şəhərində etdiyi çıxış həm tarixi yaddaşın təntənəsi, həm də yeni reallıqların bəyanı oldu. Türkiyə və Pakistan liderlərinin də iştirak etdiyi bu tədbir yalnız bayram xarakteri daşımırdı – bu, həm də Azərbaycanın müasir dünyaya verdiyi güclü siyasi, mənəvi və strateji mesaj idi. Cənab Prezidentin çıxışında səsləndirilən fikirlər təkcə keçmişin qiymətləndirilməsi deyil, eyni zamanda gələcəyə inamın, milli gücün və qardaşlıq münasibətlərinin bariz ifadəsi kimi tarixə yazıldı.

Dövlət başçısının vurğuladığı kimi, 30 il erməni işğalında olan Laçının azad edilməsi və bu şəhərdə qardaş ölkələrin liderlərinin bir araya gəlməsi güclü simvolik məna daşıyır. 44 günlük Vətən müharibəsində Türkiyə və Pakistanın verdiyi siyasi və mənəvi dəstək xalqımıza əlavə güc, inam və iradə qazandırmışdı. Bu dəstək heç zaman unudulmayacaq və bu tədbir həmin həmrəyliyin real nəticəsidir.

Prezident İlham Əliyev çıxışında Azərbaycana qarşı törədilmiş ədalətsizliklərdən də söz açdı. 107 il əvvəl yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti müsəlman dünyasında ilk demokratik respublika olsa da, onun ömrü cəmi 23 ay çəkdi. 1920-ci ilin aprelində ölkə sovetlər tərəfindən işğal edildi və bir neçə ay sonra – noyabrda Qərbi Zəngəzur bölgəsi Azərbaycandan qoparıldı. Xalqımız zaman-zaman bu kimi haqsızlıqlarla üzləşsə də, güclü iradəsi və qardaş xalqların dəstəyi ilə bu ədalətsizliklərin qarşısında qalxaraq dövlət müstəqilliyini bərpa etdi və qorudu.

Azərbaycan Respublikasının son onilliklərdə keçdiyi tarixi yolun ən ağrılı səhifələrindən biri Ermənistanın işğalçılıq siyasəti nəticəsində baş vermiş faciələrdir. Xalqımız bu ədalətsizliyi heç vaxt qəbul etmədi və güclü iradəsi, siyasi liderliyi, iqtisadi inkişafı və vətənpərvər ruhlu ordusu sayəsində öz torpaqlarını azad etməyə nail oldu. Prezident İlham Əliyevin çıxışında əksini tapan əsas məqamlar həm tarixi ədalətsizliyin mahiyyətini, həm də bu ədalətsizliyin aradan qaldırılması üçün atılan konkret addımları əks etdirdi.

Sovet İttifaqının süqutundan sonra Azərbaycan müstəqilliyini bərpa etsə də, bu yol asan olmadı. Ermənistanın işğalçılıq siyasəti nəticəsində xalqımız kütləvi qırğınlara və etnik təmizləməyə məruz qaldı. Xocalı soyqırımı bu siyasətin ən qanlı səhifəsi kimi tarixə düşdü. 613 günahsız insan, o cümlədən qadınlar və uşaqlar bir gecədə qəddarcasına qətlə yetirildi. Bununla yanaşı, Azərbaycanın Laçın, Şuşa və digər bölgələri ardıcıl olaraq işğal olundu. Ümumilikdə, ölkə ərazisinin təxminən 20 faizi işğal altına düşdü və yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü.

Azərbaycan dövləti bu işğalla heç vaxt barışmadı. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz beynəlxalq səviyyədə haqlı mövqeyini ardıcıl şəkildə müdafiə etdi. BMT, ATƏT, Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatı kimi qurumlar Azərbaycanın ərazi bütövlüyünü tanıdı və hüquqi əsaslar yaratdı. Paralel olaraq güclü iqtisadiyyat formalaşdırıldı, ordu quruculuğuna böyük sərmayələr yatırıldı və ölkənin müdafiə qabiliyyəti müasir tələblər səviyyəsinə çatdırıldı. Bu güc amilləri Vətən müharibəsində Qələbəni təmin etdi.

2020-ci ilin payızında başlanan 44 günlük Vətən müharibəsi xalqımızın qəhrəmanlığı və dövlətin strateji planlaması nəticəsində şanlı Qələbə ilə başa çatdı. Müharibə ərzində 300-dən çox yaşayış məntəqəsi azad edildi. Şuşanın azad olunması isə Zəfərin zirvəsi oldu. Ermənistan məğlubiyyətini qəbul edərək kapitulyasiya aktına imza atmağa məcbur qaldı. Nəticədə Laçın, Kəlbəcər və Ağdam bir güllə atılmadan Azərbaycana qaytarıldı. 2023-cü ildə keçirilmiş qısamüddətli antiterror əməliyyatı isə dövlət suverenliyimizin tam bərpa olunması ilə nəticələndi. Bu əməliyyat separatizmin kökünü birdəfəlik kəsdi və ölkədə vahid hüquqi idarəetməni bərpa etdi.

Bu tarixi nailiyyətlər təkcə silah gücü ilə deyil, həm də milli ruh, vətənpərvərlik və xalq-iqtidar birliyi ilə mümkün olmuşdur. Prezident İlham Əliyev çıxışında vurğuladı ki, müstəqil, torpağına bağlı, milli dəyərlərlə tərbiyə olunan gənc nəslin yetişdirilməsi bu Qələbənin mənəvi dayaq nöqtəsidir. Bu gün Azərbaycanın gəncləri təkcə silahlı mübarizədə deyil, həm də elm, iqtisadiyyat və diplomatiya sahəsində ölkəmizin maraqlarını uğurla qoruyur.

Dövlət başçısının çıxışında vurğulandığı kimi, Azərbaycanın işğaldan azad olunmuş torpaqlara qayıdışı sadəcə fiziki deyil, həm də mənəvi və tarixi baxımdan əvəzsiz hadisədir. “Biz qayıtmalıydıq və qayıtmışıq” sözləri bu xalqın iradəsinin, səbrinin və haqlı mübarizəsinin simvoluna çevrilib. Hazırda Qarabağ və Şərqi Zəngəzur bölgələrində genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir.

Yeni tikilən xəstəxanalar, məktəblər, yollar, dəmir yolları, hava limanları və müasir tunellər bu əraziləri təkcə dirçəltmir, həm də onların gələcəyini təmin edir. 43 mindən artıq vətəndaş artıq bu ərazilərdə yaşayır və çalışır. Bu, Böyük Qayıdışın real nəticəsidir. Azərbaycanın qələbəsi sadəcə hərbi yox, həm də sosial-iqtisadi qələbəyə çevrilmişdir.

Dörd ildən artıqdır ki, Azərbaycan qalib xalq, qalib dövlət kimi yaşayır və bu, yalnız bir mərhələ deyil – əbədiyyətə qədər davam edəcək bir statusdur. Azad edilmiş Laçında Türkiyə və Pakistan liderlərinin iştirakı ilə keçirilən üçtərəfli ikinci Zirvə görüşü, yalnız regional deyil, qlobal səviyyədə də mühüm mesajlar verir. Üç qardaş ölkənin birliyi – Azərbaycan, Türkiyə və Pakistan – beynəlxalq münasibətlər sistemində yeni güc mərkəzi kimi formalaşır.

Bu həm siyasi həmrəylik, həm də ortaq dəyərlər və mədəni mirasa əsaslanan bir strateji ittifaqdır. Birlikdə keçirilən bayram tədbirləri, konsert proqramları və verilən mesajlar dünyanın müxtəlif güc mərkəzlərinə açıq və aydın şəkildə bildirir: bu bölgədə yeni reallıqlar yaranıb və bu reallıqlarla hesablaşmaq zəruridir.

Prezident İlham Əliyevin “Yaşasın Azərbaycan-Türkiyə-Pakistan birliyi və qardaşlığı!” çağırışı bu yeni dövrün əsas şüarına çevrilir. Bu birlik artıq sırf humanitar və mədəni sahələri aşaraq, hərbi, iqtisadi və diplomatik müstəvidə də konkret nəticələr doğurur. Hər üç ölkənin rəhbərlərinin birgə verdiyi mesajlar sabitlik, inkişaf və ədalət axtaran bütün dövlətlərə örnəkdir.

Qardaş ölkələrin nümayəndə heyətlərinin Laçına səfəri, işğaldan azad edilmiş torpaqlarda aparılan işlərlə tanışlığı və Azərbaycanın əldə etdiyi nailiyyətlərə göstərilən rəğbət və dəstək, bu münasibətlərin nə qədər dərin və səmimi olduğunu bir daha sübut edir.

Prezidentin çıxışını yekunlaşdıran sözlər dövlət strategiyasının, milli birliyin və gələcəyə olan inamın ifadəsidir. Azərbaycan qalib dövlətdir, onun xalqı qalib xalqdır və bu qələbə yalnız torpağın deyil, həm də ədalətin, milli qürurun və tarixi haqların bərpasının simvoludur.

28 may 2025-ci ildə Laçında keçirilən Zirvə görüşü və Prezident İlham Əliyevin çıxışı Azərbaycan diplomatiyasının uğurlu nəticəsi olmaqla yanaşı, həm də tarixi yaddaşın, milli iradənin və qardaşlığın gücünü bir daha nümayiş etdirdi. Azərbaycan-Türkiyə-Pakistan üçlüyü təkcə region üçün deyil, İslam dünyası və beynəlxalq sistem üçün də nümunəvi əməkdaşlıq modelidir. Bu birlik, bu dəstək və bu həmrəylik Azərbaycanın gələcək qələbələrinin təminatçısı olacaq.

Yaşasın müzəffər Azərbaycan! Yaşasın Azərbaycan-Türkiyə-Pakistan birliyi!

Ziyafət ƏSGƏROV,
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-05-2025