Mobil versiya
Müdrik şəxsiyyətlər tarix yaradır
Tarix: 10-05-2025 | Saat: 08:53
Bölmə:Manşet / Siyasət | çapa göndər

Müdrik şəxsiyyətlər tarix yaradır

Fridrix Nitşe deyib: "Şəxsiyyətləri tarix yaratmır, şəxsiyyətlər tarixi yaradır". Dünya siyasətçilərinin də böyük ehtiramı olan Heydər Əliyev belə tarixi şəxsiyyətlərdən idi. Sevərək yaşayanlar tarixdə də, yaddaşlarda da əbədi bir nəğmə kimi qalırlar. "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" kəlamı Azərbaycanı sevən hər kəsin qürurudur.

Böyük tarixi şəxsiyyət Heydər Əliyev 1969-cu ilin iyul plenumunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. Bu seçim Azərbaycanın tale seçimi olub.

1969-cu ildə Azərbaycan Respublikası Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə sonuncu yerlərdə idi. Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə sənaye, o cümlədən yüngül sənaye və kənd təsərrüfatı nəzərəçarpacaq dərəcədə yüksəldi. Azərbaycana SSRİ miqyasında yalnız xammal mənbəyi kimi baxırdılar, onun istehsalçı imkanlarını məhdudlaşdırırdılar. Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən işlərin nəticəsində bütün sahələrdə dinamik inkişaf göstəriciləri qeydə alındı.

Heydər Əliyev ən böyük azərbaycanlı kimi həmişə qürurla deyirdi: "Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, mən azərbaycanlıyam". Ulu öndərin rəhbərliyi ilə təkcə Azərbaycanda deyil, dünya miqyasında xalqımızın milli-mənəvi dəyərlərinin qorunması istiqamətində əhəmiyyətli tədbirlər görüldü. Musiqi, teatr, kino, təsviri incəsənət və digər sahələrdə xüsusi dəyişikliklər və inkişaf meyilləri yarandı. Mədəniyyət evləri inşa edildi, abidələr ucaldıldı, incəsənət xadimlərinə fəxri adlar, ordenlər, təqaüdlər ayrıldı. Bütün bunlar isə cəmiyyətin intellektual təbəqəsinin fəaliyyətinin səmərəlilik səviyyəsini daha da artırdı. Bütövlükdə, 1969-cu ildən başlayan böyük inkişaf və rifah yolu Azərbaycanın gələcək tərəqqisinin əsası oldu.

Hələ Azərbaycan KP MK-nın birinci katibi olanda ermənilər Qarabağın Ermənistana birləşdirilməsinə cəhd göstərmişdilər, böyük siyasi xadim ermənilərin bu niyyətini dönməz məntiqi və mübariz qətiyyəti ilə puç etmişdi: 1977-ci ildə SSRİ Konstitusiyası, 1978-ci ildə isə Azərbaycan Konstitusiyası qəbul edilərkən ermənilər müxtəlif mərkəzi orqanlara müraciət edərək Qarabağın Ermənistana birləşdirilməsi məsələsini yenidən qaldırmışdılar. Heydər Əliyev Sov. İKP MK-nın Baş katibi L.İ.Brejnevlə görüşmüş, ermənilərin bu iddiasının yolverilməzliyini qəti şəkildə bildirmişdi.

Böyük tarixi şəxsiyyət Heydər Əliyev sovetlər dönəmində azərbaycanlıların nizami hərbi hissələrdə xidmət etməsinə, SSRİ-nin müxtəlif ali hərbi məktəblərində təhsil almasına nail olmuşdu. Bunlar Azərbaycanın müstəqil-liyinin bərpa ediləcəyinə inama görə idi. Dahi insan bu inamla da Azərbaycanda ibtidai hərbi məktəbin yaradılması təşəbbüsünü irəli sürdü. Moskva bu təşəbbüsün qarşısını almaq istədi. Naximov, Suvorov adına məktəblərin SSRİ-yə kifayət etdiyini bildirdi. Böyük tarixi şəxsiyyət Heydər Əliyev Bakıda belə bir məktəbin açılmasının zəruriliyini əsaslandırdı. Yaradılan məktəbə Cəmşid Naxçıvanskinin adı verildi. Xalq bu məktəbi ehtiram kimi Heydər Əliyev məktəbi adlandırdı. Bu məktəbin (indi hərbi liseydir) onlarla məzunu generaldır, Azərbaycanın Milli Qəhrəmanıdır. Müasir ordumuzun şəxsi heyəti həm də bu xüsusi təyinatlı təhsil müəssisəsinin məzunları hesabına komplektləşdirilir.

Bakı Məişət Kondisionerləri zavodunun, Radiozavodun, Ozon zavodunun, Elektron Hesablama Maşınları Zavodunun da yaradıcısı Heydər Əliyevdir. Zavodlar Azərbaycanın iqtisadiyyatının inkişafında əhəmiyyətli rol oynayıb.

Heydər Əliyev ədəbiyyatın, mədəniyyətin, incəsənətin inkişafına böyük diqqət və qayğı göstərdi. Bakıda, eləcə də digər şəhərlərdə şair və yazıçıların, incəsənət xadimlərinin, mədəniyyət korifeylərinin abidələri ucaldılır, adları əbədiləşdirilirdi. Hüseyn Cavidin nəşinin Uzaq Sibirdən gətirilməsinin təşəbbüskarı da, Cəfər Cabbarlının heykəlinin qoyulmasında qarşıya çıxan çətinliyi aradan qaldıran da məhz Heydər Əliyev olmuşdu.

Azərbaycanda hakimiyyət boşluğu yarananda, separatizm baş qaldıranda, Azərbaycan dövlətçiliyini itirmək təhlükəsi ilə üzləşəndə xalq təkidlə Ulu Öndəri hakimiyyətə dəvət etdi. Həmişə Azərbaycanın taleyini düşünən ən böyük azərbaycanlı xalqın təkidli dəvətini qəbul edərək dövlətçiliyi labüd iflasdan xilas etdi. Qısa müddətdə həyata keçirdiyi böyük islahatlarla ordu quruculuğunun əsasını yaratdı, qısa müddətdə nizami ordu formalaşmağa başladı. Horadiz əməliyyatı da, dövlət başçısının səngərlərdə hərbçilərlə görüşləri ordunun şəxsi heyətinin döyüş əzmini də yüksəltdi, qələbə ruhunu da.

"Əsrin müqaviləsi", "Bakı-Tbilisi-Ceyhan", "Bakı-Supsa" kimi neft kəmərləri Azərbaycanın iqtisadi inkişafını yüksəltməklə bərabər, onun siyasi nüfuzunu da artırırdı. Dünya dövlətləri Azərbaycanla ikitərəfli müqavilələr imzalamağa maraq göstərdilər. Belə müqavilələr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində əhəmiyyətli amillər sırasında idi. Bu da Heydər Əliyevin Azərbaycana xidmətlərindən biri kimi tarixləşib...

Böyük tarixi şəxsiyyət Heydər Əliyev azərbaycançılıq ideologiyasını dövlətçilik ideologiyası səviyyəsinə yüksəltmişdi. Bu səbəbdən siyasətçilər qətiyyətlə bildirirlər ki, Heydər Əliyev müasir Azərbaycanın memarıdır.

Heydər Əliyev dünya azərbaycanlılarını eyni məfkurə ətrafında birləşdirmək istəyirdi. İstəyirdi ki, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı üçün Azərbaycan adında bir işıq olsun, hər bir azərbaycanlının amalı, əqidəsi bu işığın səyyarəsinə dönsün. Bu məqsədlə dünya azərbaycanlılarının birliyini arzulayırdı.

Milli-azadlıq hərəkatı genişlənmişdi. Xalq 1989-cu ilin dekabrın axırlarında Naxçıvanda İranla sərhədləri dağıtdı. Bu hadisə SSRİ-nin süqut ərəfəsində olduğunu təsdiqləyirdi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev bu hadisənin xalqın mübarizə əzmi kimi dəyərləndirmişdi və dünya azərbaycanlılarının birliyini yaratmaq üçün dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etmişdi. Bakıda Dünya azərbaycanlılarının qurultayı keçirildi. Heydər Əliyevin azərbaycançılıq ideologiyası dövlət siyasətinin tərkib hissələrindən biri oldu.

Ümummilli Lider Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi önəm verirdi. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüsdü. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdir.

"Kitabi-Dədə Qorqud" dastanı təkcə ədəbiyyatımızın deyil, həm də xalqımızın, dövlətçiliyimizin tarixidir. Böyük tarixi şəxsiyyət Heydər Əliyev ən qədim yazılı abidəmiz olan bu dastanın dünyada daha ətraflı tanıdılması, onun 1300 illiyinin təntənəli qeyd edilməsi üçün sərəncam imzaladı. 2000-ci il aprelin 9-da keçirilən tədbir dastanın yaranma tarixinə, bu baxımdan xalqın xalq kimi formalaşma tarixinə aydınlıq gətirdi. Bu da böyük tarixi şəxsiyyətin Azərbaycana xidmətlərindəndir...

Böyük tarixi şəxsiyyət Heydər Əliyev ən böyük azərbaycanlı kimi Azərbaycanı ömrünün günəşi sanırdı. Dahi Səməd Vurğunun "Azərbaycan" şeiri ruhumuzun şeiridi, böyük tarixi şəxsiyyət Heydər Əliyev bu şeiri ömrünə misra-misra köçürmüşdü. Bu fakt təsdiqləyir ki, böyük tarixi şəxsiyyət ədəbiyyatımızı söz sərrafı kimi yaşadırdı. Bu səbəbdən də ədəbiyyatımızın inkişafına, şair və yazıçılarımıza xüsusi sayğısı vardı...

Böyük tarixi şəxsiyyət Heydər Əliyev tarix yaratdı. Bu tarix Azərbaycanın tarixidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu tarixi daha da möhkəmləndirir...

Səbinə XASAYEVA,
Milli Məclisin deputatı.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-05-2025