Mobil versiya
COP 29-un uğurlu nəticələri ilk növbədə siyasi iradənin, ölkə başçısı cənab İlham Əliyevin sabit və ardıcıl siyasətinin təntənəsi hesab olunmalıdır
Tarix: 26-11-2024 | Saat: 14:05
Bölmə:Manşet / Gündəm / Siyasət / Seçilənlər-9 / Qərbi Azərbaycan | çapa göndər

COP 29-un uğurlu nəticələri ilk növbədə siyasi iradənin, ölkə başçısı cənab İlham Əliyevin sabit və ardıcıl siyasətinin təntənəsi hesab olunmalıdır


Əziz Ələkbərli,
Qərbi Azərbaycan İcması
İdarə Heyətinin sədri,
Milli Məclisin deputatı


Noyabrın 11-dən 22-dək Bakıda keçirilən COP29 konfransına 11 aylıq hazırlıq bəşəriyyətə verdiyi töhfələrlə tarixləşdi. COP29 tədbirində iştirak üçün 76 min nəfərin, o cümlədən 80 dövlət və hökumət başçısının qeydiyyatdan keçməsi və tədbirə qatılması deməyə əsas verir ki, rəsmi Bakı on bir aylıq hazırlıq müddətində təkcə texniki məsələləri deyil, eyni zamanda diplomatik kanalların da fəaliyyətini tənzimləyə bilmişdir. Bu, ilk növbədə cənab prezident İlham Əliyevin şəxsi nüfuzundan və diplomatik gedişlərindən qaynaqlanmış və ardıcıl və qətiyyətli mövqeyinin sayəsində, daha çox dövlətin dəstəyini alan çağırışlar nəticəsində əldə edilmişdir.
Qlobal iqlim dəyişikliyi ilə mübarizəyə həsr olunan dünyanın ən böyük tədbiri sayılan COP-un 29-cu iclası Azərbaycan tarixindəki ən böyük beynəlxalq tədbir idi. Belə bir tədbirin məhz ölkəmizdə keçirilməsini şərh edən ölkə başçısı cənab İlham Əliyev demişdir: “COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik.”
“Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı. Bütün proses boyu biz inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırış etdik, çünki onlar iqlim dəyişmələrinin ağır yükünü daşıyırlar və ekzistensial təhlükə ilə üzləşirlər. Biz, həmçinin müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəylik nümayiş etdirdik. Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasıdır ki, bu məqsədə məhz rəsmi Bakının diplomatik məharəti nəticəsində nail olundu. Nəticə olaraq qazanılmış uğurları aşağıdakı kimi sadalamaq olar:
Birincisi, Bakı Maliyyə Məqsədi əhəmiyyətli artım nümayiş etdirərək 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsinin təmin edilməsi üçün yeni qlobal hədəf qoyur. Buraya əvvəlki 100 milyard ABŞ dolları həcmində hədəfi üç dəfə üstələyən 300 milyard ABŞ dolları həcmində yeni əsas maliyyə hədəfi daxildir.
İkincisi, Azərbaycanın COP29 Sədrliyi olaraq apardığı intensiv çoxtərəfli diplomatiya nəticəsində Bakı Maliyyə Məqsədi və BMT karbon bazarları üzrə əldə edilmiş irəliləyişlər gözləntiləri üstələdi.
Üçüncüsü, COP29 Prezidenti İtki və Zərər Fondunu fəaliyyətə keçirərək 2025-ci ildə vəsaitin paylanmasına hazır vəziyyətə gətirməyə nail oldu.
Dördüncüsü, COP29 Sədrliyi maliyyə, investisiya və ticarətin iqlim gündəliyinin mərkəzində qalmasını təmin etmək üçün BMT qurumlarını, beynəlxalq təşkilatları, çoxtərəfli inkişaf banklarını, çoxtərəfli iqlim fondlarını, özəl sektoru, vətəndaş cəmiyyətini, əsas koalisiyaları və digər maraqlı tərəfləri, həmçinin COP Sədrlikləri və Tərəfləri bir araya gətirdi. Kiçik və orta sahibkarlığın yaşıl keçidi üzrə yeni Bakı İqlim Koalisiyasını elan etdi. 75-dən çox hökumət və rəqəmsal texnologiya sənayesinin 1100-dən çox üzvü emissiyaları azaltmaq və iqlimə dayanıqlılığını gücləndirmək üçün rəqəmsal vasitələrdən istifadə edən bəyanatı təsdiqlədi.
Beşincisi, 8 BMT agentliyi, 3 çoxtərəfli inkişaf bankı və 3 iqlim fondu arasında birgə bəyanat qəbul edildi. Bu bəyanat çərçivəsində İqlim Davamlılığı üçün İnsan İnkişafı üzrə Bakı Rəhbər Prinsipləri qəbul edildi və Bakı COP Sədrliklərinin İqlim və Səhiyyə üzrə Davamlılıq Koalisiyası yaradıldı.
Altıncısı, dünyanın üzvi tullantılarla əlaqəli metan emissiyalarının 51%-ni təşkil edən 50-dən çox ölkə, o cümlədən ən böyük 10 üzvi tullantı metan emissiyasına malik ölkələrdən 8-i sektorial hədəflər daxil edərək bu bəyanatı təsdiqlədi ki, bu da Qlobal Metan Vədinin həyata keçirilməsinə töhfə verəcək.
Yeddincisi, Konfrans boyunca İnkişaf etməkdə olan Kiçik Ada Dövlətlərinin (SIDS) iştirakı təmin olundu, onlara iqlim maliyyəsinə əlçatanlıq kimi əsas prioritet və narahatlıqlarını bildirmək üçün şərait yaradıldı.
Səkkizincisi, Biznes İnvestisiyaları və Xeyriyyəçilik İqlimi Platformasında (BIPCP) 70-dən çox ölkədən 1000-dən çox özəl və xeyriyyəçi liderlər bir araya gətirildi. Orada 10 trilyon dollardan çox aktivi olan investor qrupları iqlim bazarlarına özəl kapital yerləşdirmək üçün birləşdi.
Ən əsası isə Tərəflər, BMT İqlim Dəyişmələri Konfransına ev sahibliyi edən Azərbaycan Respublikası Hökumətinin və Azərbaycan xalqının qlobal ictimaiyyətə xidmətlərini yüksək qiymətləndirdilər.

Azərbaycanın uğurlu nəticəyə əvvəlcədən əmin olduğunu bildirən cənab Prezident İlham Əliyev nəticələrə belə qiymət vermişdir:
“Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir və bu, təkcə coğrafiya ilə bağlı deyil. Biz müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilərik. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib.”
ABŞ, Avropa İttifaqı, Çin kimi qlobal aktorların mürəkkəb maraqlar labirintinin içindən ildə 300 milyard dollarlıq maliyyə qərarı ilə çıxmaq iqlim diplomatiyasının ən böyük nailiyyəti, Azərbaycan diplomatiyasının aktivinə yazılmış ən böyük uğur hesab edilməlidir.
Nəticə olaraq qeyd edilməlidir ki, bir ilə yaxın davam edən prosesin əvvəlindən sonuna kimi Azərbaycana qarşı aparılan qarayaxma kampaniyası, boykot çağırışları fiaskoya uğradı, bir daha sübut olundu ki, Azərbaycan dövlət olaraq dünya səviyyəli tədbirlərə moderatorluq etmək, fəal diplomatiya sayəsində müxtəlif tərəfləri eyni mövqeyə gətirmək imkanına malikdir. Bu da ilk növbədə siyasi iradənin, ölkə başçısı cənab İlham Əliyevin sabit və ardıcıl siyasətinin təntənəsi hesab olunmalıdır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-12-2024