Mobil versiya
Novruzəli Aslanov: “Azərbaycan Prezidentinin Astana səfəri Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın yeni perspektivlərini açır”
Tarix: 10-08-2024 | Saat: 13:55
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər

Novruzəli Aslanov: “Azərbaycan Prezidentinin Astana səfəri Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın yeni perspektivlərini açır”

“Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursu sayəsində Azərbaycan bu gün bütün dünyada ən etibarlı tərəfdaş ölkələrdən biri kimi tanınır. Həmçinin respublikada gedən dinamik iqtisadi inkişaf, ölkənin strateji baxımdan əlverişli coğrafi yerləşməsi və zəngin təbii ehtiyatlara sahib olması Azərbaycana olan marağı daha da artırır. Bütün bunlar ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayının getdikcə artmasına səbəb olur. Bu baxımdan cari ilin 9 avqust tarixində Astanada keçirilmiş Mərkəzi Asiya Dövlət Başçılarının görüşünə cənab Prezident İlham Əliyevin dəvət alması da qeyd etdiyim tendensiyanın daha bir göstəricisi kimi dəyərləndirilməlidir. Qeyd edim ki, dövlətimizin başçısı ötən il də Tacikistan Prezidentinin dəvəti ilə Düşənbədə keçirilən Sammitdə iştirak etmişdi. Azərbaycanın bu görüşlərə dəvət olunması ölkələrimiz arasında mövcud dostluq, qardaşlıq münasibətlərindən və inkişaf etməkdə olan əməkdaşlıqdan xəbər verir. Birmənalı olaraq deyə bilərik ki, bu gün Azərbaycanın Mərkəzi Asiya regionu ölkələri ilə münasibətləri uğurla inkişaf edir. Cənab Prezident İlham Əliyevin Astana Sammitindəki çıxışında dediyi kimi, Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur və məhz bu əasda qurulan regional əməkdaşlığın yeni formatı ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına güclü zəmin yaradacaq.”

Bu sözləri aia.az-a açıqlamasında VI çağırış Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Daha sonra müsahibimiz Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin geniş beynəlxalq müstəvidə mühüm əhəmiyyət kəsb edən amil olduğunu vurğulayıb: “Yeni dünya düzəninin formalaşdığı son illər ərzində planetin müxtəlif regionlarında gedən proseslər ölkələrdən birgə əməkdaşlıq, birlikdə hərəkət etməyi və ümumi səylər göstərməyi tələb edir. Cənab Prezident İlham Əliyev qatıldığı bir çox beynəlxalq forum və sammitlərdə dəfələrlə bu məsələyə toxunmuş və müasir dünyada xüsusilə kiçik dövlətlərin öz təhlükəsizliklərini təmin edə bilmələri üçün səylərin birləşdirilməsinin vacibliyini diqqət mərkəzinə çəkmişdir. Cənab Prezident bildirmişdir ki, dünyada bu gün getdikcə artan təhdid və çağırışlar ölkələrimiz arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsini tələb edir. Bu xüsusda, ötən ay Qazaxıstanda keçirilmiş və Azərbaycanın da iştirak etdiyi “Birləşdik-2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimini əhəmiyyəti xüsusi vurğulanmışdır.”

Həmçinin N.Aslanov Azərbaycanın tranzit imkanlarının getdikcə artmasından bəhs edərək bunları deyib: “Bu gün Mərkəzi Asiya ölkələrindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımalar məhz ölkəmizin ərazisindən həyata keçirilir. Azərbaycan üçün Xəzər regionunda əməkdaşlığın mühüm istiqamətləri kimi nəqliyyat infrastrukturunun inkişafını, nəqliyyat xidmətlərinin və multimodal daşımaların keyfiyyətinin yaxşılaşdırılmasını qeyd etmək olar. Hazırda Azərbaycanın ərazisindən keçməklə Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə illik yükdaşımaların həcmində dinamik artım aşkar müşahidə edilir. Yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanının tikilib-istifadəyə verilməsi Xəzərdə nəqliyyat-logistika infrastrukturunun inkişafı işinə Azərbaycanın daha bir önəmli töhfəsi olub. Təbii ki, əldə olunan nailiyyətlər son hədd deyil. Sammitdəki çıxışında cənab Prezident İlham Əiyev bir daha diqqətə çatdırdı ki, Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində görülmüş işlər, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta Dəhlizin praktiki cəhətdən önəmini daha da artırır” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-11-2024