Mobil versiya
Azərbaycan dili hər birimiz üçün müqəddəslik simvoludur
Tarix: 01-08-2024 | Saat: 11:40
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan dili hər birimiz üçün müqəddəslik simvoludur

Azərbaycan dili özünün zənginliyi nöqteyi-nəzərindən dünya dilləri arasında xüsusi yeri var. Axır vaxtlar Azərbaycan dilinə daxil edilən bəzi kəlmələr dilin dəyişilməsinə səbəb olur. Azərbaycan dilinin orijinallığının qorunması məsələsi media ilə bağlı qurumların, həmçinin telekanalların da öhdəsinə yeni vəzifələr müəyyən edir. Azərbaycan əlifbası və Azərbaycan dili günü milli kimliyimizə, tarixən formalaşmış sarsılmaz ənənələrimizə olan bağların ifadəsi baxımından olduqca önəmlidir. Ümummilli liderimiz Heydər Əliyev də vurğulayırdı ki, müxtəlif dillərə mənsub olan insanlar Azərbaycan dilini sadəcə eşidərək, onun mənasını o qədər bilməyərək, Azərbaycan dilinin nə qədər şeirə bənzədiyini, xoş ahəngli olduğunu dəfələrlə qeyd ediblər. Biz dilimizlə fəxr etməliyik. Dil hər bir millətin milliliyinin əsasıdır. Ona görə də hər bir gənc öz ana dilini, Azərbaycan dilini, müasir Azərbaycan dilini gərək ən incəliklərinə qədər bilsin və bu dildən istifadə etsin.
Ümummilli lider Heydər Əliyev öz çıxışlarında Azərbaycan dilinin saflığının qorunması üçün çağırışlar edib, dilimizin türk dilləri ailəsində xüsusi müstəqil mövqeyini vurğulayırdı. Bu tarixi, mənəvi prinsiplərin qorunması və təbliği baxımından məhz böyük öndərin təşəbbüsü ilə hər il Azərbaycanda 1 avqust tarixi Azərbaycan əlifbası və dili günü kimi qeyd olunur. Azərbaycan dilinin qorunması hər kəsin borcudur.
Lakin, tarixin ayrı-ayrı dövrlərində ana dilinin inkişafına süni maneələr yadılıb. Belə ki, 70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gəlmişdi. Keçmiş SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da güclənmişdi. Bu cür bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. Qeyd edək ki, hətta 30-cu illərdə dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu və milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz qalmışdılar. Lakin bütün süni məhdudiyyətlərə rəğmən ümummilli liderimiz ana dili məsələsində öz mövqeyini hər zaman çox qətiyyətlə qorumağa müvəffəq olub. Azərbaycan dili uğrunda ardıcıl mübarizə aparan ulu öndər ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etməyi bacarıb. Nəticədə Azərbaycan dilinə dövlət dili statusunun verilməsini təmin etdi.
Azərbaycan ikinci dəfə öz müstəqilliyini bərpa edəndən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyasının 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Məhz bu Azərbaycan dilinin qorunub saxlanılmasına, onun kənar təsirlərə qarşı daha dözümlü və effektv şəkildə mübarizə aparmasında hüquqi bir baza yaratdı. 18 iyun 2001-ci il tarixli Fərmanı ilə Ulu Öndər Heydər Əliyev “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edən zəmin formalaşdırmış oldu. Bu tarixi Fərman əsasında daha sonra Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradıldı. Ümummilli liderin Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində bütün təşəbbüsləri olduqca tarixi əhəmiyyət kəsb edir. Beləliklə bu addımların xronoloji ardıcıllığına xidmət edən növbəti qərar kimi “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Ümummilli liderimiz Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli Fərmanına əsasən hər il 1 avqust tarixində ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilməyə başlanılıb. Eləcə də, 30 sentyabr 2002-ci il tarixində qəbul edilmiş Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri hesab edilir.
Qəbul edilmiş qanunlar Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlamış olur. Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamı da dilimizin müasir çağırışlar qarşısında inkişafına, özünün fundamental əsaslarını qoruyub saxlamasında əsas amildir. Dövlətimizin başçısının bu Sərəncamı ilə 2004-2008-ci illərdə latın qrafikası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanıb. Həmçinin Prezident İlham Əliyevin 14 yanvar 2004-cü il tarixli “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, bundan əlavə 30 dekabr 2007-ci il tarixli “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” Sərəncamları ilə ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqinə zəmin yaradıb. Dövlətimizin başçısı tərəfindən “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 9 aprel 2013-cü il tarixli Sərəncamını təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunmasına xidmət edir.
Azərbaycan mədəniyyəti, Azərbaycan dili, milli mənəvi dəyərlərimiz, mədəniyyətimizin qorunub inkişaf etdirilməsi həm də müstəqilliyimizin, vahid dövlətçilik ənənələrimizin və milli birliyimizin ən başlıca simvollarıdır. Bu gün Azərbaycan dili özünün zəngin ənənələri üzərində inkişaf edir. Müasir dövrün çağırışları və təhdidlərə qarşı dilimiz özünün milli kimliyini qoruyub saxlayır. Azərbaycanlıların harada olmasından asılı olmayaraq öz dilinə, milli kimliyinə olan birmənalı sevgisi bu xüsusda vacib önəm kəsb edir. Ona görə ki bizi bir xalq, dövlət kimi dünyaya tanıdan danışdığımız dildir. Sözsüz ki, bu gün hər bir Azərbaycanlı üçün ən qürurverici məqam Zəfər qazanmış Azərbaycan xalqının dilində səslənən qələbə kəlməsidir.

YAP Oğuz rayon təşkilatının sədri: Saleh Məhərrəmov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-11-2024