Mobil versiya
Gülər Sultanzadə: “Cümhuriyyət dövrü dövlətçilik tariximizin ən parlaq səhifələrindəndir”
Tarix: 21-05-2024 | Saat: 17:50
Bölmə:Siyasət | çapa göndər

Gülər Sultanzadə: “Cümhuriyyət dövrü dövlətçilik tariximizin ən parlaq səhifələrindəndir”

“Yüz altı il bundan öncə, 1918-ci il may ayının 28-də qədim Şərqin ilk demokratik respublikası – Azərbaycan Xalq Cümhuriyyəti (AXC) yaradıldı. Cümhuriyyət hökumətinin fəaliyyətinə böyük dəyər verən Ölkə Prezidenti cənab İlham Əliyev öz çıxışlarının birində demişdir: “Biz qanuni qürur hissi keçiririk ki, Şərqdə demokratiyanın əsasını qoyan məhz Azərbaycan xalqı olub. Demokratik respublikanın ənənələri bu gün də yaşayır və müasir Azərbaycan onun hüquqi varisidir. Siyasi islahatlar üçün qısa müddətdə çox böyük işlər görülüb. Təkcə bunu qeyd etmək kifayətdir ki, qadınlara səsvermə hüququ Avropa ölkələrinin çoxundan xeyli əvvəl verilib, bir sıra başqa mühüm qərarlar qəbul edilib”. Qeyd olunmalıdır ki, AXC həm də bütün Türk dünyasında ilk dünyəvi dövlət kimi tarixə düşüb. Cəmi 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti böyük dövlətçilik tarixinə malik olan Azərbaycanın həyatında müstəsna əhəmiyyət kəsb edən rol oynamış oldu. İlk növbədə AXC dövründə müstəqil dövlət quruculuğu baxımından mühüm olan bir çox qərarlar qəbul olundu. Məsələn, belə qərarlardan biri Xalq Cümhuriyyətinin hökuməti tərəfindən 1918-ci il iyunun 26-da qəbul edilmiş əlahiddə diviziyanın yaradılması barədə qərar oldu. Qeyd edək ki, əlahiddə diviziya Azərbaycanın ilk Milli Ordu hissəsi idi. Həmçinin avqust yının 27-də tarixdə ilk dəfə olaraq Azərbaycan dilinin dövlət dili elan edilməsi haqqında qərarın qəbul olunması da müstəsna əhəmiyyət kəsb edən bir addım idi. 1918-ci il noyabrın 9-da isə Azərbaycanın indiki üçrəngli dövlət bayrağı qəbul edildi və buna paralel olaraq Azərbaycan vətəndaşları haqqında qanun da qəbul olundu.”

Bu sözləri aia.az-a verdiyi müsahibəsində Azərbaycan Texniki Universitetinin tələbəsi, YAP Yasamal rayon təşkilatının üzvü Gülər Sultanzadə deyib.

Daha sonra müsahibimiz Cümhuriyyət hökumətinin həyata keçirdiyi uğurlu xarici siyasəti xüsusi qeyd edib: “Uğurlu xarici siyasət sayəsində Azərbaycan Xalq Cümhuriyyəti həmin dövrdə qısa zaman ərzində beynəlxalq miqyasda tanındı. 1918-ci il mayın 30-da Nazirlər Şurasının sədri Fətəli xan Xoyski Türkiyə, Almaniya, Avstriya-Macarıstan, Fransa, Böyük Britaniya, İtaliya, ABŞ, Bolqarıstan, Rumıniya, İran, İspaniya, Hollandiya, Rusiya, İsveç, Ukrayna, Danimarka və Yaponiya xarici işlər nazirliklərinə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması barədə məlumat göndərdi və artıq 1919-cu ilin sonlarında AXC 20-dən çox ölkə ilə diplomatik əlaqələr yaratmışdı. Birmənalı olaraq deyə bilərik ki, Azərbaycan Xalq Cümhuriyyəti üzərinə düşən son dərəcə çətin tarixi vəzifələrin öhdəsindən ləyaqətlə gələ bildi. Belə ki, məhz AXC dövründə Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı yaradıldı, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı. Az öncə də qeyd etdiyimiz kimi, ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar atıldı, xalqın maariflənməsi və milli mədəniyyətimizin inkişafı xüsusi diqqət mərkəzinə alındı. Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü. Bu işlərdən ən əhəmiyyətlisi isə bu oldu ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli şüurunu formalaşdırdı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.”

Fikirlərini davam etdirən G.Sultanzadə Ulu Öndər Heydər Əliyevin Cümhuriyyətin fəaliyyətini yüksək dəyərləndirdiyini vurğulayaraq bunları deyib: “Dünya azərbaycanlılarının Ümummilli Lideri Heydər Əliyev XX əsrin əvvəllərində 23 ay ərzində fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti ilə 1991-ci ildə elan olunmuş Azərbaycan Respublikası arasında əlaqəni yüksək qiymətləndirirdi. 2001-ci il oktyabr ayının 18-də Milli müstəqillik günü münasibətilə etdiyi çıxışında Ulu Öndər demişdir: “Bu gün Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktından danışarkən mütləq qeyd etmək lazımdır ki, həmin müstəqillik aktı Azərbaycanın 1918-ci ildə mövcud olmuş Xalq Cümhuriyyətinin bərpasıdır. Biz onların varisiyik, onların işinin davamçılarıyıq – ancaq yeni şəraitdə, yeni bir tarixi zamanda”. Təsadüfi deyil ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının ilk dəfə Naxçıvan Muxtar Respublikasında qaldırılması da bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.Cümhuriyyətin dövlətçilik tariximizdəki rolu bu gün də daim ehtiramla xatırlanır, bu tarixə böyük diqqət göstərilir. Öz çıxışlarında Ölkə Prezidenti cənab İlham Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin respublikamızın dövlətçilik tarixində mühüm yerə malik olduğunu vurğulamışdır. Dövlət başçımızın Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi, Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi, həmçinin Cümhuriyyətin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamları xüsusi olaraq qeyd olunmalıdır.”

Sonda müsahibimiz bu gün Azərbaycanın əldə etdiyi nailiyyətlərdən bəhs edib: “Bu gün Heydər Əliyev siyasi kursu, Ulu Öndərin əsasını qoyduğu islahatlar ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə cavab verən yeni kontekstdə uğurla davam etdirilir. Bunun nəticəsi olaraq Azərbaycan dünya miqyasında dayanıqlı inkişafa və möhkəm ictimai-siyasi sabitliyə malik olan ölkə kimi tanınır. Məhz dövlət başçımızın yürütdüyü praqmatik daxili və xarici siyasətin məntiqi nəticəsi olaraq Azərbaycan bu il özünün dövlətçilik tarixində indiyədək əldə etdiyi uğur və nailiyyətlərin ən böyüyünə, ən şərəflisinə imza atdı. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsində tarixi Qələbə qazanaraq Ermənistanın 30 il işğal altında saxladığı ərazilərini geri qaytardı. Ötən il isə uğurla keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkənin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Vətən müharibəsinin nəticələri olaraq Cənubi Qafqazda yaranmış yeni reallıqlar həm Azərbaycan üçün, həm də digər region ölkələri və qonşu dövlətlər üçün daha geniş inkişaf perspektivləri açıb və məhz Azərbaycan bu reallıqların müəllifidir. Bu gün bir çox transmilli layihələr ətrafında birləşən və bu layihələri Azərbaycanla bərabər icra edən ölkələrin sayı durmadan artmaqdadır. Artıq hər kəs görür ki, regionda uzunmüddətli sülhün təmin edilməsi üçün çox əlverişli zəmin yaradılmışdır. Milli inkişaf modelinin uğurla tətbiq edilməsi, hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların davamlı olaraq həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməsi və digər mühüm nailiyyətlər müasir müstəqil Azərbaycanın əsl gerçəkliklərini təşkil edir” – deyə, Gülər Sultanzadə fikirlərini tamamlayıb.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-11-2024