Mobil versiya
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Tarix: 08-03-2024 | Saat: 18:04
Bölmə:Cəmiyyət | çapa göndər

Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi

Qadına hörmət və qayğı tarixən milli mental dəyərlərimizin əsas qayəsini təşkil etmişdir. Azərbaycan xalqı həmişə qadına, onun cəmiyyətdə oynadığı rola, tutduğu yüksək mövqeyə hörmətlə yanaşmışdır. Yazıçı və şairlərimiz Azərbaycan qadınının mərdliyini, gözəlliyini, mənəvi saflığını vəsf etmişdir.
“Adın şərəflidir sənin, ey qadın,
Dahilər anası çağrılır adın.”-demişdi böyük şairimiz Səməd Vurğun

Azərbaycan qadını tarixən öz mərdliyi, vətənpərvərliyi, etibarlılığı ilə seçilib.
Azərbaycan qadınının cəmiyyətdə öz layiqli yerini tutması əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan insanpərvər siyasətin nəticəsidir.

Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli istəyi ilə hakimiyyətə qayıdışından sonra qadınlarımızın ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində və bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət siyasətinin prioritet istiqamətinə çevrilmişdir.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan 1995-ci ilin 12 noyabrında qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiqləməklə, demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaratmışdır.

Ümummilli Lider Heydər Əliyev Azərbaycan qadınına yüksək dəyər verərək demişdir: “Zahiri gözəlliyi ilə daxili aləminin paklığının vəhdət təşkil etdiyi, öz səbri, təmkini ilə səciyyələnən Azərbaycan qadını dəyanət və sədaqət rəmzinə çevrilmişdir. Onun şəninə dastanlar qoşulmuş, ona dahilər və qəhrəmanlar anası deyilmişdir. Tariximizin keşməkeşli səhifələrinə Azərbaycan qadını qayğıkeş ana, fitri istedada malik şair, möhkəm iradəli hökmdar, dərin zəkalı mütəfəkkir kimi öz adını həkk etmişdir.”

Bəli, qadın Tanrının dünyaya, həyata, insanlığa bəxş etdiyi misli-bərabəri olmayan, dünyaya dahilər gətirən, həm gözəl, həm zərif, həm də çox güclü, iradəli bir varlıqdır.

Ana haqqı Tanrı haqqıdır, çünki, Kainatı yaradan Tanrı özü özündən sonra həyatın möcüzəsi olan qadını həyat verən-dünyaya övlad bəxş edən yaradıb. Ana yaradıb, müqəddəs yaradıb. Odur ki, “Cənnət anaların ayağı altındadır”- deyib peyğəmbərimiz.

Qadın hər şeydən əvvəl anadır. Fədakar, müdrik ana. Ana övladının qoruyucusu, dostu, məsləhətçisi, yol göstərənidir. İnsan hər yaşında anaya möhtacdır.

Azərbaycan qadını öz nurlu cöhrəsi, müdrikliyi, böyük ürəyi, mərdliyi, vətənpərvərliyi ilə seçilib. Odur ki, dilimizə “ana dili”, vətənə “Ana Vətən” demişik.
Tarix boyu Azərbaycan qadını kişilərlə çiyin-çiyinə vətənin keşiyində dayanmış, torpaqlarımızın bütövlüyü uğrunda mübarizə aparmışdır. Müasir dövrdə də nankor ermənilərin torpaqlarımıza göz dikdiyində qadınlarımız da kişilərlə bərabər müharibənin qaynar nöqtələrində belə qəhrəmanlıq, şücaət göstəriblər. Gültəkin Əsgərova, jurnalist Salatın Əsgərova vətən uğrunda canlarını fəda ediblər.

Vətənimizin dar günündə övladlar anaların xeyir-duasını alıb, ana vətəni qorumağa yollandılar. Mərd anaların qəhrəman övladları vətənimizi işğalçılardan təmizlədilər. Bu gün minlərlə şəhid anaları var ki, Azərbaycan xalqı onların qarşısında baş əyir.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev qadınlarımız haqqında demişdir: “Vətənə və torpağa sədaqəti ilə seçilən qadınlarımız milli məfkurəyə sadiq qalaraq bu gün də suveren Azərbaycan Respublikasının güclənməsi naminə töhfələr verirlər. Onlara xas olan işgüzarlıq, müdriklik, yüksək daxili mədəniyyət və xalqımızın yüzillər boyu təşəkkül tapmış zəngin milli-mənəvi sərvətlərinə sədaqət müasir Azərbaycan qadınının ictimai həyatımızda mövqeyini və simasını müəyyən edir.”

Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınmış, qadınlarımız ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirmişdir.

Azərbaycan qadınının fəaliyyəti respublikamızın ictimai-siyasi həyatının bütün sahələrini əhatə edir. Qürurverici bir haldır ki, bu gün qadınlarımız da vətən qarşısında müqəddəs vətəndaşlıq borcunu ləyaqətlə yerinə yetirirlər. Onlar həyatın bütün sahələrində olduğu kimi ordu quruculuğunda da xidmət edirlər. Belə ki, Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə yüzlərlə qadın xidmət edir.

Hər il ölkəmizdə 8 mart bayram günü kimi qeyd olunur. Bu, qadınlara olan böyük hörmət və məhəbbətdən, eyni zamanda dövlətimizin qadına verdiyi dəyərdən irəli gəlir.

Ümummilli Liderimiz Heydər Əliyev 8 Mart-Beynəlxalq Qadınlar bayramı ilə bağlı deyirdi: “Bu bayram, doğrudan da, bizim bütün bayramlar içərisində ən gözəl bayramdır. Çünki bu, qadınlara həsr olunubdur. İnsan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki, qadınsız insan yoxdur, qadınsız həyat yoxdur. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar.”

Ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsinə qaldırılmasının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olması tarixi faktdır. O, qadınların idarəetmə və sosial həyatın bütün sahələrində irəli çəkilməsini vacib amil kimi hər zaman irəli sürüb.

Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir.

Respublikamızda qadınların cəmiyyətdə rolunu yüksəltmək üçün bir sıra tədbirlər həyata keçirilir. Bu gün Azərbaycan qadını parlamentdə, bələdiyyələrdə eləcə də digər dövlət qurumlarında çalışırlar. Ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərində fəal iştirak edir. Ölkəmizi bütün dünyada şərəflə təmsil edirlər.
Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxah missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Ölkənin “Yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir, prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Ölkənin Birinci Vitse-prezidentiinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.

Şəhla Ağbulud
“Abşeron” qəzetinin baş redaktoru




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2024