Mobil versiya
Novruzəli Aslanov: “Azərbaycanda neft amili inkişafa xidmət edir”
Tarix: 04-03-2024 | Saat: 19:07
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər

Novruzəli Aslanov: “Azərbaycanda neft amili inkişafa xidmət edir”

“Məlumdur ki, zəngin neft-qaz ehtiyatlarına sahib olan ölkələrin heç də hamısı bu təbii sərvətləri öz xalqının rifahına, inkişafına yönəltməyə nail olmayıb. Hətta bəzi ölkələrin bu zənginlik səbəbindən düçar olduqları böyük bəlalar, məruz qaldıqları təcavüzlər “neft lənəti” kimi bir ifadənin də yaranmasına səbəb olmuşdur. Lakin Azərbaycan Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və 2003-cü ildən bəri möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla inkişaf və davam etdirilən möhtəşəm neft strategiyasının və enerji siyasətinin sayəsində bu bəlalardan özünü qoruya bildi. Əksinə ölkəmizin karbohidrogen ehtiyatları inkişafa, rifah yüksəlişinə zəmin yaratdı. Ölkə Prezidenti cənab İlham Əliyevin cari ilin 1 mart tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına verdiyi müsahibəsində də bu məsələ ilə bağlı bəzi maraqlı məqamlar öz əksini tapmışdır. Həqiqətən də son 20 ildə ölkəmizdə yoxsulluq səviyyəsinin 50 faizdən 5 faizə qədər enməsi artıq özü-özlüyündə neft amilinin son dərəcə düzgün istifadə olunduğunu nümayiş etdirir. Ölkədə aparılan geniş abadlıq-quruculuq işləri, infrastrukturun yenilənməsi, insanların həyat səviyyəsinin getdikcə yüksəlməsi də birmənalı olaraq neft strategiyasının möhtəşəm nəticələridir. Bütün bunlarla yanaşı xüsusilə son dövrlərdə qlobal iqlim dəyişikliyi ilə bağlı qazıntı yanacaq növlərinin təhlükəli olması və bu ehtiyatlara malk ölkələrin günahlandırılması bir tendensiya halını almaqdadır. Lakin bu, əlbəttə ki, düzgün yanaşma deyil. Dövlət başçımızın öz müsahibəsində vurğuladığı kimi, ən azından yaxın gələcəkdə dünyanın inkişafı karbohidrogen ehtiyatları olmadan mümkün deyil. Bu ehtiyatlara sahib olan ölkələr isə, görülən işlərə, əldə edilən gəlirlərin insanların ehtiyaclarının ödənilməsinə nə dərəcədə yönəldilməsinə və yaşıl enerji gündəliyinə təkan vermək üçün necə istifadə olunduğuna görə qiymət verilməlidir.”

Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov səsləndirib.

Həmçinin deputat qeyd edib ki, qlobal iqlim dəyişikliyinin bütün bəşəriyyət üçün yaratdığı ciddi təhdidlər fonunda Azərbaycanın bərpaolunan enerjiyə keçid istiqamətində gördüyü tədbirlər xüsusi önəm kəsb edir: “Bu gün Azərbaycanda bərpaolunan enerji mənbələrinin inkişaf etdirilməsi məqsədilə bir çox önəmli layihələr həyata keçirilməkdədir. Qeyd etmək lazımdır ki, reallaşdırılan bu layihələrdə əsas hədəf heç də ölkənin daixili enerji təhlükəsizliyinin təmin edilməsi deyil. Məsələ bundadır ki, Azərbaycan özü üçün bu məsələni hələ bir neçə il əvvəl həll edib. Bu gün ölkəmiz nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam neftin, neft məhsullarının, təbii qazın, neft-kimya məhsullarının və elektrik enerjisinin qonşu dövlətlərə və Avropaya ixracatçısı kimi çıxış edir. Beləliklə, Azərbaycanın bərpaolunan enerji ilə bağlı dövlət proqramları tamamilə fərqli gündəliyə malikdir. İlk növbədə bu layihələr Azərbaycanın bu sahədə nəhəng potensialı nəzərə alınmaqla, enerji ixracının şaxələndirilməsini nəzərdə tutur. Təbii ki, nəticə etibarı ilə ölkə iqtisadiyyatının yeni, ekoloji təmiz sektorunun yaradılması da əsas hədəflərdəndir. Bu sahədə dünya liderlərindən olan “Masdar” ilə əməkdaşlıq Azərbaycanın yaxın gələcəkdə yaşıl enerjinin çox mühüm ixracatçısına çevrilməsinə əlverişli zəmin yaradır. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, iqlim dəyişikliyinin fəsadları bu gün Azərbaycanda da müşahidə olunmaqdadır. Bu fəsadlar əlbəttə ki, ilk növbədə su ehtiyatlarının azalmasında öz əksini tapır və Azərbaycan dövləti bu kimi risklərin minimuma endirilməsi məqsədilə bütün zəruri tədbirləri görür” – deyə, Novruzəli Aslanov fikirlərini bitirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-12-2024