Mobil versiya
İkili standartlar siyasəti Avropa Şurası üçün normaya çevrilib
Tarix: 30-01-2024 | Saat: 10:08
Bölmə:Siyasət | çapa göndər

İkili standartlar siyasəti Avropa Şurası üçün normaya çevrilib

Avropa Şurasının Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul etdi. Bu qərəzli, ədalətsiz qərara cavab olaraq Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı qeyri-müəyyən müddətə dayandıraraq iclas zalını tərk etdi. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin bəyanatında qeyd olunur ki, AŞPA-dan bəzi üzv dövlətləri hədəfə almaq üçün platforma kimi istifadə olunur. Müəyyən qərəzli qruplar AŞPA-nın əsas prinsiplərindən öz dar maraqlarının təmini məqsədilə sui-istifadə edirlər. AŞPA-da siyasi korrupsiya, ayrı-seçkilik, etnik və dini nifrət, ikili standartlar, təkəbbürlülük, şovinizm hökm sürən praktikaya çevrilib. Qurumda dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti mövcuddur. AŞPA-nın məlum qərarı ölkəmizin quruma üzv qəbul olunduğu 23 ildə keçilən yolun təhlilini bir zərurət kimi qarşıya qoyur. Azərbaycan demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə təsdiqlədiyini 2001-ci ildə Avropa Şurasına üzv qəbul olunmaqla nümayiş etdirdi. Beynəlxalq nüfuza malik olan bir qurumun ədalətsiz, qərəzli qətnamələrlə, qərarlarla gündəmdə olması təəccüb doğurmaya bilməz. İkili standartlar siyasəti qurum üçün normaya çevrilib. Reallıqlara ədalət gözü ilə baxmaq imkanında olmayan Avropa Şurası sözün əsl mənasında Qərbdəki antiAzərbaycan qüvvələrin əlində bir təzyiq vasitəsidir. Bu mövqe, yanaşma Avropa Şurasına heç bir dividend qazandıra bilməz. Azərbaycan quruma üzv qəbul olunan zaman Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün tribuna qazandığını, eyni zamanda, problemin həllinə dəstək göstərəcəyini düşündü. Amma reallıq tamamilə fərqli bir mənzərəni təqdim etdi. Uzun illər ərzində bu qurum Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görmədi, yalnız ara-sıra heç bir hüquqi çəkisi olmayan bəyanatlar və qərarlar verməklə kifayətləndi. Halbuki, bir quruma üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən alına bilərdi. Amma belə bir addımı nəinki atmadı, əksinə Ermənistana dəstəyi ilə  diqqətdə oldu. Demokratik prinsiplərdən xəbərsiz olan, bu dəyərləri hörmətdən salan bir qurumun  hansısa bir dövlətə “demokratiya dərsi” keçməsi təəccüb doğurur. Ermənistan kimi demokratiyadan uzaq, işğalçı   bir ölkəni sıralarına üzv qəbul edən qurumdan ədalətli yanaşma gözləmək sadəlövlük olar. Ədalət meyarı əsas olsa da onun tətbiqi üçün vahid mexanizmin müəyyənləşdirilməməsi ikili standartlar siyasətinin daha da dərinləşməsi ilə müşaiyət olunur. Qeyd etdiyimiz kimi, AŞPA-nın məlum ədalətsiz qərarı öncədən planlaşdırılmış addımdır. Heç nə təsadüfi olmur. Son üç ildə, Azərbaycanın tarixi Zəfərindən sonrakı dövrdə  Avropa Şurasının atdığı addımlara diqqət yetirək. AŞPA 23 oktyabr 2023-cü il tarixində “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnamə qəbul edib. Həmin qətnamənin 23-cü bəndində təşkilat açıq-aşkar Azərbaycanı təhdid edilərək, 19 sentyabrda baş tutan lokal xarakterli anti-terror əməliyyatlarını hərbi əməliyyatlar kimi qiymətləndirərək, “Dağlıq Qarabağın erməni əhalisinin humanitar vəziyyəti”ndən ciddi narahatçılıq ifadə edib və Azərbaycan nümayəndə heyətinin etimadnaməsini 2024-cü ilin ilk iclasında tanımamaqla hədələyib. AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnamələrini mübahisələndirilməsi təşəbbüsünü irəli sürərkən guya bunu 7 fevralda Azərbaycanda keçiriləcək seçkiləri müşayiət etməyə dəvət edilməməsi, ölkədə “siyasi məhbus”ların olması ilə əlaqələndirsə də əsas səbəbin Qarabağın azad olunması, suverenliyin tam bərpa edilməsi faktı ilə barışa bilməmələri, Ermənistana hər vasitə ilə dəstək olmaq siyasətindən irəli gəlir. Azərbaycanın uğurları, müstəqil siyasəti hər zaman ölkəmizə qarşı qərəzli mövqeyi ilə seçilən beynəlxalq təşkilatlar, dövlətlər tərəfindən qısqanclıqla qarşılandığından qarayaxma kampaniyalarının  davamlılığı ilə diqqətdə olublar.  Bu baxımdan əminliklə bildiririk ki, AŞPA-da Azərbaycana qarşı gedən proses təsadüfi deyil. Bu, Fransanın ölkəmizə qarşı apardığı kampaniyanın davamıdır. Baxmayaraq ki, Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması təşəbbüsü almaniyalı deputata məxsusdur, bunun arxasında dayanan AŞPA-dır. Bu fakt da inkaredilməzdir ki, bir sıra hallarda Fransa öz istəklərini Almaniya vasitəsilə reallaşdırmağa çalışır. Buna səbəb Fransanın xarici siyasətində yaşanan ardıcıl uğursuzluqlar və adıçəkilən ölkənin nüfuzdan düşməsidir. Ədalətə və beynəlxalq hüquqa söykənən siyasət davamlı uğurlara yol açar ki, bu gün dünya Azərbaycanın timsalında bunu aydın şəkildə  görür. Tarixi Zəfərimizdən sonra Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolu, möhkəmlənən mövqeyi göz qabağındadır. Azərbaycan, eyni zamanda, ötən il ərazi bütövlüyünü və suverenliyini tam təmin etdi. Bütün bu uğurlar, zəfərlər ölkəmizin gücünün, qüdrətinin, beynəlxalq hüquqa söykənən siyasətinin nəticəsidir. 30 ildə dünya güclərinin edə bilmədiklərini təkbaşına edən Azərbaycan möhtəşəm Qələbəsi ilə  günümüzün əsas çağırışlarını diqqətə çatdırdı. Yeni reallıqlar yaradan və bunları qəbul etdirən Azərbaycanla heç bir qüvvə diktat dili ilə danışa bilməz. Ölkəmizə qarşı hər bir yanlış addım anında cavablandırılıb. Bu, ölkəmizin düşünülmüş siyasətinin nəticəsidir. Bu gün nəinki dünyada, Avropada belə nüfuzu olmayan Avropa Şurasına Azərbaycanın  ehtiyacı yoxdur.

Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-11-2024