Mobil versiya
Göydəniz Qəhrəmanov: “Azərbaycanın Zəfər tarixi ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin tam bərpası ilə yekunlaşdı”  
Tarix: 19-09-2025 | Saat: 19:45
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Göydəniz Qəhrəmanov: “Azərbaycanın Zəfər tarixi ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin tam bərpası ilə yekunlaşdı”  

 Ölkə Prezidenti cənab İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixində imzaladığı “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncamın mətnində Azərbaycanın 2023-cü il sentyabrın 19-da keçirdiyi antiterror tədbirinin mahiyyəti tam təfərrüatı ilə və son dərəcə aydın şəkildə açıqlanıb. Sərəncamda birmənalı şəkildə qeyd olunur ki, Azərbaycan bu əməliyyataQarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə başlamışdır. Diqqət olunası vacib məqamlardan biri budur ki, İkinci Qarabağ müharibəsindən dərhal sonra ölkəmiz haqlı narahatlığını ifadə edərək dəfələrlə Ermənistan rəhbərliyinə, onların xaricdəki havadarlarına və digər tərəflərə müraciət edərək deyirdi ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində qalması qanunsuzdur və buna son qoyulmalıdır. Lakin bütün bu müraciətlər cavabsız qalırdı. Məhz buna görə Azərbaycan bu dəfə də beynəlxalq hüququ və ədaləti özü bərpa etmək məcburiyyətində qaldı.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib.
       
Fikirlərini davam etdirən deputat həmçinin qeyd edib ki, Azərbaycan Vətən müharibəsinin başa çatmasından sonra keçən üç il ərzində istər dövlət səviyyəsində görülən tədbirlər, istərsə də vətəndaş cəmiyyəti tərəfindən atılan addımlarla Qarabağda özünün tam suverenliyini bərpa etmək niyyətini açıq-aşkar göstərirdi: “Azərbaycan öz ərazisində hər hansı separatçı rejimin mövcudluğuna dözməyəcəyini 2020-2023-cü illər ərzində aydın şəkildə bəyan edirdi.Əlbəttə ki, bu xüsusda vətəndaş cəmiyyətinin dövlətlə birliyi, həmrəyliyi ölkəmizin gücünü artırırdı.
Bu baxımdan Erməni separatçıların Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərindəki faydalı qazıntı yataqlarının qeyri-qanuni şəkildə, ekoloji normalara əməl edilmədən istismar olunmasına və təbii sərvətlərin Ermənistana daşınmasına kəskin etiraz əlaməti olaraq ölkəmizin bir sıra vətəndaş cəmiyyəti nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda keçirdikləri uzunmüddətli etiraz aksiyası xüsusi əhəmiyyət kəsb edən hadisə idi. Azərbaycan dövləti tərəfindən həmin dövrdə atılan və mühüm siyasi önəm daşıyan addımlardan biri isə “Laçın” Nəzarət-Buraxılış Məntəqəsinin yaradılması oldu.Məhz bundan sonra Ermənistandan Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısı alındı.”
       
Sonda G.Qəhrəmanov antiterror əməliyyatı zamanı hərbçilərimizin böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdiklərini xüsusi vurğulayıb: “2023-cü ilin 19 sentyabr tarixində Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı birləşmələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdilər. Erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər və hərbi qulluqçularımız şəhid oldu və yaralandı. Bununla yanaşı, ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutuldu. Azərbaycan yenə itki verdi. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə bütün bu təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror əməliyyatınabaşlanıldı. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Hərbçilərimiz bu dəfə də qəhrəmanlıq, peşəkarlıq göstərdilər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etdilər.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində müqəddəs üçrəngli Bayrağınızı ucaltdı. Beləliklə, Azərbaycanın Zəfər tarixi ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin tam bərpası ilə yekunlaşdı” – deyə, millət vəkili fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-09-2025