Mobil versiya
Azərbaycan ədaləti özü bərpa etdi -ŞƏRH
Tarix: 12-01-2024 | Saat: 17:06
Bölmə:Seçki 2024 | çapa göndər

Azərbaycan ədaləti özü bərpa etdi

Ölkə Prezidenti cənab İlham Əliyevin 10 yanvar 2024-cü il tarixində yerli telekanallara verdiyi müsahibəsində həm ötən il ölkəmizdə baş vermiş mühüm tarixi hadisələr, həm də Azərbaycanın gələcək inkişafını təmin edəcək planlar barədə ətraflı açıqlamalar yer almışdır. Əlbəttə ki, 2023-cü ilin ən önəmli və bütün xalqımız üçün ən qürurverici hadisələrindən biri məhtərəm dövlət başçımızın oktyabr ayının 15-də Xankəndidə Azərbaycan Bayrağını qaldırması olmuşdur. Öz müsahibəsində bu hadisə ilə bağlı ona ünvanlanan sualı cavablandıran cənab Prezident İlham Əliyev xüsusi olaraq vurğuladı ki, Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları bu kadrları görəndə hansı hissləri keçiribsə, dövlət başçımız özü də müqəddəs bayrağımızı ucaldarkən eyni hissləri yaşayıb. Cənab Ali Baş Komandan bir daha hər kəsə sübut etdi ki, ədalətin zəfər çalması üçün ona inanmaq lazımdır. Çünki 30 il ərzində ədalətə inam Azərbaycan cəmiyyətində müəyyən dərəcədə sarsılmışdı və istənilən cəmiyyət üçün bu, yaxşı hal deyil. Bu, istər-istəməz insanların şüuruna mənfi təsir göstərir, ruh düşkünlüyünə gətirib çıxara bilir, bədbinlik hisslərinin cəmiyyətdə geniş vüsət almasına şərait yaradır. Sağlam cəmiyyətin yaranması, möhkəmlənməsi üçün bu amillər çox təhlükəlidir. Ona görə ədalətə inanmaq üçün əsas olmalıdır. Cənab Prezident bunu da vurğuladı ki, ədalət özü-özünə gəlmir, ədaləti gərək təmin edəsən. Həqiqətən də, son 10-15 il ərzində Azərbaycan Prezidenti bütün çıxışlarında dəfələrlə bəyan etmişdi ki, dünyada beynəlxalq hüquq işləmir. Bu mexanizmlər ancaq zəif ölkələr üçün işə salınır. Böyük dövlətlər isə, buna məhəl qoymur. Buna görə də, ədaləti tələb edən, haqlı olaraq tələb edən ölkələr bu ədaləti özləri təmin etməlidir. Azərbaycan da öz müdrik Prezidentinin rəhbərliyi ilə haqq işini yekunlaşdırıb və ədaləti özü bərpa edib.

Cənab Prezident İlham Əliyev COP29 beynəlxalq konfransının ölkəmizdə keçirilməsinə indi çox ciddi önəm verildiyini vurğulamaqla, bunun Azərbaycan üçün əhəmiyyətli nailiyyət olduğunu diqqət mərkəzinə çəkmiş oldu. Qeyd olundu ki, əsas məqsəd dünyanın enerji məkanında gedən proseslərdən geridə qalmamaqdır. Aydındır ki, getdikcə dünyada yaşıl enerjiyə tələbat daha da artacaq. Neft-qaz sahəsində fəaliyyət göstərən şirkətlərin investisiya portfelində əgər yaşıl enerji layihələri olmasa, onlar böyük çətinliklərlə üzləşəcəklər. Orada müxtəlif məhdudlaşdırıcı addımlar da istisna deyil. Əlbəttə ki, Azərbaycanın bu sahədə malik olduğu nəhəng potensial bizə bu trendin içində olmaq imkanı verir. Dövlət başçımızın dediyi kimi, Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycanın Xəzərdəki potensialını 157 min meqavat həcmində təsdiqləyib. Ona görə indi enerji sahəsində bu istiqamət prioritetdir. Artıq keçən ilin oktyabr ayında birinci böyük Günəş Elektrik Stansiyası istismara verildi və qrafik üzrə ölkəmiz yaxın üç-dörd ilə bərpaedilən enerji növlərinin həcmini təqribən 3-4 min meqavat səviyyəsinə çatdıracaq. Artıq imzalanmış kontraktlar və anlaşma memorandumları isə 10 min meqavat istehsalı nəzərdə tutur. Bu kontraktlar və memorandumlar isə, dünyanın aparıcı yaşıl enerji şirkətləri imzalanıb. Ona görə fərz etmək olar ki, onların hamısı icra ediləcək və bu, Azərbaycanın bütün daxili tələbatını ödəyəcək. Həmçinin cənab Prezident İlham Əliyev bildirdi ki, bu layihələrin iqlim dəyişikliyi məsələlərinə də müsbət töhfəsi olacaq və eyni zamanda, ölkəmizə imkan verəcək ki, təbii qazı daha böyük həcmdə ixrac edək.

Təbii ki, Azərbaycan-Ermənistan münasibətlərində ölkə ictimaiyyətini ən çox maraqlandıran məsələlərdən biri də sərhədlərin delimitasiyası və demarkasiyası, eləcə də Naxçıvanın Kərki və Qazaxın yeddi kəndi ilə bağlıdır. Öz müsahibəsində bu barədə detallı açıqlama verən möhtərəm dövlət başçımız bildirdi ki, bu gün işğal altında qalan səkkiz kəndin məsələsi daim gündəlikdədir. Bu məsələ Ermənistanın baş naziri ilə təmaslar əsnasında müzakirə edilir. O cümlədən cənab Prezident bildirdi ki, Sankt-Peterburqda ayaqüstü son söhbət zamanı da bu məsələni qaldırmışdır və eyni zamanda, delimitasiya ilə bağlı komissiyaların gündəliyində də bu məsələ dayanır. Qeyd olundu ki, komissiyaların növbəti görüşü bu ay nəzərdə tutulur və orada bir mövzu olacaq: Qazax-Tovuz bölgəsinin delimitasiya məsələsi. Eyni zamanda cənab Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın sərhədlərin delimitasiya və demarkasiyasının niyə məhz 1975-ci il xəritələrinə əsasən aparılmasını vacib saydığına da aydınlıq gətirdi. Dövlət başçısı bildirdi ki, XX əsrdə Azərbaycan torpaqları hissə-hissə Ermənistana verilmişdir. 1918-ci ildə Azərbaycan Demokratik Respublikası yaranandan bir gün sonra, əfsuslar olsun ki, İrəvan şəhəri Ermənistana verildi. Halbuki bunun heç bir əsası yox idi. 1920-ci ilin aprelində sovetləşmədən sonra noyabr ayında artıq sovet hökuməti Qərbi Zəngəzurun böyük hissəsini Azərbaycandan qoparıb Ermənistana vermişdir. Sonuncu torpaq hədiyyəsi 1969-cu ilin may ayında edilmişdir. Yalnız Ulu Öndər Heydər Əliyev 1969-cu ilin iyul ayında rəhbər seçiləndən sonra artıq bu torpaq hədiyyələri, bu proses dayandı. Ermənilər məhz buna görə 1970-ci illərin xəritələrini əsas götürmək istəyirdilər. Məhz buna görə ki, bizim tarixi torpaqlarımız artıq onlara verilmişdi. Ona görə də Azərbaycan buna qəti surətdə etiraz edir. Cənab Prezident İlham Əliyevin dediyi kimi, bizim mövqeyimiz çox ədalətli və məntiqlidir.

Gülər Sultanzadə,
YAP Yasamal rayon təşkilatının fəal üzvü.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə