Mobil versiya
Göydəniz Qəhrəmanov: “Avropa Parlamenti ilə əməkdaşlığın dayandırılması Azərbaycanın öz milli maraqlarını qorumaqda qətiyyətli olduğunu göstərir”
Tarix: 04-05-2026 | Saat: 22:57
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Göydəniz Qəhrəmanov: “Avropa Parlamenti ilə əməkdaşlığın dayandırılması Azərbaycanın öz milli maraqlarını qorumaqda qətiyyətli olduğunu göstərir”

“Bu gün Cənubi Qafqazda formalaşan və daha çox sülh gündəliyi ilə diqqəti çəkən yeni reallıqlar artıq nəzəri deyil, praktik müstəviyə keçid edir. Avropa Siyasi Birliyi Zirvə toplantısında video bağlantı formatında iştirak edən Prezident İlham Əliyev öz çıxışında səsləndirdiyi fikirlərlə bunu bir daha aşkar şəkildə nümayiş etdirdi. Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilən bu Zirvə görüşü regionda sülhün dayanıqlı xarakter aldığını nümayiş etdirən mühüm siyasi platforma kimi çıxış edir. Dövlət başçısının çıxışında qeyd olunduğu kimi, Azərbaycan ilə Ermənistan arasında sülh artıq real faktora çevrilmişdir və tərəflər bu yeni şəraitdə yaşamağa uyğunlaşma mərhələsinə qədəm qoymuşdur. Sülhün yalnız siyasi sənədlərdə deyil, gündəlik həyat və praktiki əməkdaşlıqda özünü göstərməsi region üçün keyfiyyətcə yeni mərhələ deməkdir. Cəmi bir neçə ay əvvəl münaqişə sonrası dövr yaşayan tərəflərin artıq sülh şəraitində fəaliyyət göstərməsi Cənubi Qafqazın geosiyasi mənzərəsində ciddi dəyişikliklərin baş verdiyini göstərir.”

Millət vəkili Göydəniz Qəhrəmanov aia.az-a açıqlamasında belə deyib.

Deputat biıdirib ki, bu dəyişikliklərin ən mühüm göstəricilərindən biri iqtisadi və nəqliyyat əlaqələrinin bərpasıdır: “Azərbaycan ərazisi vasitəsilə Ermənistana on minlərlə ton yükün çatdırılması və ilk dəfə olaraq neft məhsullarının – benzin və dizelin ixracı iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçdiyini sübut edir. Bu, sülhün yalnız siyasi deyil, həm də iqtisadi inteqrasiya ilə möhkəmləndiyini təsdiqləyir. Prezident İlham Əliyevin çıxışında tarixi ədalətin bərpası ilə bağlı mühüm bir məqam da xüsusi qeyd olundu. 2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağda separatçılığa son qoyması və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, lakin uzun illər icra olunmayan qətnamələrin yerinə yetirilməsi dövlətin suveren hüquqlarının təmin olunması baxımından həlledici hadisə idi. Bu addım beynəlxalq hüququn tətbiqi baxımından da mühüm presedent kimi qiymətləndirilə bilər. Bununla yanaşı, bəzi beynəlxalq qurumların mövqeyi tənqidi şəkildə dəyərləndirildi. Avropa Şurası Parlament Assambleyasının Azərbaycanın nümayəndə heyətinə qarşı sanksiya qərarı və Avropa Parlamentinin ölkəmizlə bağlı qəbul etdiyi çoxsaylı qətnamələr ikili standartların mövcudluğunu gündəmə gətirir. Xüsusilə, 2021–2026-cı illər arasında qəbul edilən 14 qətnamənin siyasi qərəz kimi qiymətləndirilməsi beynəlxalq münasibətlər sistemində obyektivlik problemini bir daha ortaya çıxarır. Bu vəziyyətə cavab olaraq Azərbaycan parlamentinin qəbul etdiyi qərarlar ölkənin suveren siyasi mövqeyinin ifadəsi kimi çıxış edir. Avropa Parlamenti ilə əməkdaşlığın dayandırılması və müxtəlif parlament platformalarında iştirakın məhdudlaşdırılması Azərbaycanın öz milli maraqlarını qorumaqda qətiyyətli olduğunu göstərir. Bu addım həm də qarşılıqlı hörmət və ədalət prinsipinə əsaslanan münasibətlərin vacibliyini ön plana çıxarır” – deyə, Göydəniz Qəhrəmanov açıqlamasını tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-05-2026